BAKI, 13 oktyabr. TELEQRAF
Dünyanın ən bahalı avtomobili hesab olunan eksklüziv "Bugatti La Voiture Noire" yenidən satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Motorious" nəşri məlumat yayıb.
Unikal avtomabil 2019-cu ildə təqdim olunub və 2021-ci ildə ilk sahibinə çatdırılıb. İndi isə o, "SBX Cars" şirkətinin "Private Treaty Sales" proqramı çərçivəsində satışa çıxarılıb. Bu, yalnız yüksək gəlirli, yoxlanılmış kolleksionerlər üçün nəzərdə tutulmuş qapalı satış prosesidir.
Adi açıq hərracdan fərqli olaraq, potensial alıcılar danışıqlara başlamazdan əvvəl dəvət üçün sorğu göndərməlidirlər. Maşının ilkin satış qiymətinin təxminən 18 milyon dollar olduğu bildirilir. Bu da onu indiyədək istehsal edilmiş ən bahalı yeni avtomobil edir.
Fransız dilində “La Voiture Noire” “Qara avtomobil” mənasını verir. Model 1930-cu illərin Type 57 SC Atlantic avtomobilindən ilhamlanaraq hazırlanıb.
Avtomobilin kuzovu karbon lifindən hazırlanıb və “Black Carbon Glossy” adlanan parlaq qara rənglə örtülüb. Fənərlərin hər bir tərəfində 20-dən çox fərdi işlənmiş element var. Salon isə “Havana Brown” tonlarında dəri ilə işlənib və orijinal Atlantic modelinə bənzədilib.
1 479 at gücünə malik mühərriki və heyranedici dizaynı ilə "La Voiture Noire" avtomobil sənətinin ən nümunəvi işlərindən biri sayılır.