BAKI, 10 oktyabr. TELEQRAF
Lüksemburqun sabiq dövlət başçısı Böyük Hersoq Anri yaxın günlərdə ölkəni tərk edəcəyini elan edib.
Teleqraf xəbər verir ki, o, bu qərarı Luxembourg “Ladies Tennis Masters” turnirinin açılış gecəsində çıxışı zamanı açıqlayıb. Anriyə “2025-ci il Jana Novotna” mükafatı təqdim olunub. Bu mükafat ona Lüksemburqda tennisə verdiyi dəstəyə görə təqdim edilib.
“Təqaüdə çıxmışam, bu da deməkdir ki, gedirəm”,-deyə Anri həm zarafatla, həm də emosional tonla tamaşaçılara müraciət edib: “Bu il turnirdə iştirak edə bilməyəcəyəm. Bildiyiniz kimi, artıq təqaüdə çıxmışam. Bu isə o deməkdir ki, mən gedirəm. Sabah həyat yoldaşımla avtomobilə minib Lüksemburqu tərk edəcəyik – bir müddətlik. Ümid edirəm ki, bizi anlayacaqsınız”.
Anri bu qərara taxtı oğlu şahzadə Giyomun xeyrinə tərk etməsindən dərhal sonra gəlib.
Qeyd edək ki, böyük hersoq titulu zadəganlar iyerarxiyasında hersoqla kral arasında dayanır. Dövlət başçısı əsasən rəmzi funksiyalar yerinə yetirsə də, qanunları təsdiqləmək hüququna malikdir.