BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ-nin Şimal Dairə Məhkəməsi Prezident Donald Trampın İllinoys ştatında iğtişaşlara qarşı mübarizə məqsədilə Milli Qvardiya qüvvələrinin yerləşdirilməsi barədə qərarının icrasını müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, məhkəmənin qərarı onun rəsmi saytında dərc olunub.

Federal hakim Epril Perri qərarını İllinoysdakı vəziyyətin “üsyan səviyyəsində” olduğuna dair kifayət qədər sübutun olmaması ilə əsaslandırıb.

Hakimin sözlərinə görə, Milli Qvardiyanın cəlb edilməsi hazırkı gərginliyi daha da artıra bilər.

“Bu addım Tramp administrasiyasının qeyri-qanuni miqrasiya ilə mübarizə adı altında alovlandırdığı odun üzərinə yağ tökmək deməkdir”, - Perri bildirib.

Məhkəmənin qərarına əsasən, qadağa 14 gün müddətinə qüvvədə qalacaq.