BAKI, 27 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini bir daha Türkiyəyə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.

"Cənab Ərdoğanla görüş çox maraqlı, çox mənalı keçdi. Mən Türkiyə Prezidenti cənab Ərdoğana Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin şifahi mesajını çatdırdım. O, məndən cənab Putinin Türkiyəyə səfərini gözlədiyini və bunu ona çatdırmağımı xahiş etdi. O, Rusiya liderini "yaxın dost" adlandırdı. Hamımız bilirik ki, onların həqiqətən çox yaxşı şəxsi münasibətləri var", - Federasiya Şurasının sədri bildirib.

O qeyd edib ki, liderlər arasında əlaqələr Rusiya və Türkiyə arasında geniş sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. "Əlaqələrimiz bir sıra sahələrdə kifayət qədər uğurla inkişaf edir".

Matviyenkonun sözlərinə görə, Ərdoğanla görüşdə iki ölkə arasında sanksiyalar kontekstində münasibətlərin inkişafı da müzakirə olunub.