
BAKI, 27 fevral. TELEQRAF
Tramp administrasiyası federal agentliklərə xərcləri azaltmaq üçün ofisləri Vaşinqtondan ölkənin digər bölgələrinə köçürməklə bağlı plan hazırlamağı əmr edib.
Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Məlumata görə, bütün federal qurumların rəhbərləri müvafiq bildiriş alıblar. Onlardan aprelin 14-dən gec olmayaraq ofislərini əməliyyat xərclərinin Vaşinqtondakından daha az olacağı digər bölgələrə köçürmək üçün planlar təqdim etmələri tələb olunur.
"Associated Press" isə qeyd edir ki, Tramp administrasiyası agentliklərə aprelin ortalarına qədər işçilərin ixtisarına dair planlar hazırlamağı tapşırıb. ABŞ prezidenti həmçinin federal qurumlardan xərcləri azaltmaq və səmərəliliyi artırmaq üçün ödənişlərə nəzarət sistemi yaratmağı tələb edən sərəncam imzalayıb.