|
Əli Məsimli: “Hökümət təxirə salmadan bir-birini tamamlayan addımlar artmalıdır”
“2015-ci ilin büdcəsi Milli Məclisdə təsdiq olunmuş büdcə proqnozlarına münasibətdə ən çox ixtisar olunan büdcə oldu. Devalvasiya bizim malların qiymətinın aşağı olması vasitəsilə müqayisəli üstünlüyə nail olub ixracı artırmalı, idxalın isə azalmasına gətirib çıxarmalı idi. Amma belə olmadı, idxal azalmadı. Deməli, bir amilə, devalvasiyaya güc verməklə büdcənin işi düzələn deyil, kompleks tədbirlər lazımdır”.
Deputat, iqtisadçı Əli Məsimli “Yeni Müsavat”a bu fikirləri devalvasiya qərarının ciddi kəsirlə üzbəüz qalan dövlət büdcəsinin zərərini minimuma endirmək üçün məqsədli şəkildə verildiyi barədə fikirləri şərh edərkən söylədi.
Qeyd edək ki, rəsmi məlumata görə, son devalvasiyadan Mərkəzi Bank 3 milyard manat gəlir əldə edib. Bir sıra ölkələrin təcrübəsində də devalvasiya qərarının büdcədəki çatışmazlıqların aradan qaldırılmasına yönəldiyi haqda yanaşmalar var. Ə.Məsimlinin sözlərinə görə, nəzəri cəhətdən və işlər düzgün qurulanda bu məsələdə həqiqət payının olması aydındı: “Devalvasiya büdcəyə və ödəniş balansına müsbət təsir göstərir, ona görə belə deyirlər. Amma işlər düzgün təşkil olunanda bundan maksimum effekt götürmək olar. Azərbaycan reallıqlarına gəldikdə isə 2015-ci ilin büdcəsinin timsalında demək olar ki, devalvasiyanın ötən ilki büdcəyə müəyyən təsir göstərdi, amma bu təsir nəzərəçarpan olmadı”.
Digər fərqli yanaşmalardan biri də budur ki, manatın ucuzlaşdırılması prosesi məqsədli şəkildə gedir. Əgər belədirsə, bu cür kritik vəziyyətin yaranması Mərkəzi Bankın nəyinə lazımdır? Ə.Məsimli bu fikirləri bölüşmür: “Belə təəssürat yarana bilər, amma məncə, tam belə deyil. Devalvasiya təkcə əhaliyə mənfi təsir etmir ki, hər devalvasiyadan sonra bank sisteminin bir hissəsi duruş gətirsə də, digər hissəsi yaman günə qalır, o biri hissəsi isə batıb gedir. Ötən il fevralın 21-də çıxan qərar sübut edir ki, Mərkəzi Bank 21 fevraldakı şok devalvasiyaya yox, yumşaq devalvasiyaya meylli idi və buna çox ümid edirdi. Dekabrda isə ödəniş balansımızın bir il əvvəlki 10 milyarddan artıq müsbət saldosu əriyib getmişdi və manata təzyiq güclənmişdi. Sadəcə, manata təsir edən amillərin milli valyutamıza təzyiqi o qədər artıb ki, Mərkəzi Bank manatın məzənnəsini 1,55 manat ətrafında saxlamaq üçün indiyədək rastlaşmadığı çətinliklə rastlaşıb və 21 dekabr devalvasiyası zamanı fiksə edilmiş 1.55 manat səviyyəsində saxlaya bilmir. Hazırkı reallıqlar şəraitində bu, mümkün də deyil”.
Ə.Məsimli belə ağır məsələlərdə məsuliyyəti yalnız Milli Bank rəhbərinin üstünə atmağın tərəfdarı olmadığını dedi: “Azərbaycanda formalaşmış bir stereotipdən nə qədər tez uzaqlaşa bilsək, ümumi işin xeyrinə olar. Nədənsə çoxuna elə gəlir ki, dövlət büdcəsinin məsuliyyətini təkcə maliyyə naziri Samir Şərifov, manatın məsuliyyətini isə Mərkəzi Bankın sədri Elman Rüstəmov çəkməlidir. Onların məsuliyyətinin öz həddi var, qalanı hökumətin üzərinə düşür. Belə deyilsə, bəs, onda hökumət nəyə lazımdır? Ona görə də hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir ki, oradan operativ tənzimləmə rejimi tətbiq edilsin”.
Deputat onun da bildirdi ki, Milli Məclisin qarşıdakı iclasında təkliflərini verəcək: “Fikrimizcə, hökumət özü də xüsusi iclas keçirməli, ”Təxirəsalınmaz Tədbirlər Paketi" hazırlamalı və həyata keçirməlidir. Bu zaman aşağıdakı məsələlərin həllini önə çəkməlidir: dollarla krediti olan vətəndaşların düşdüyü ağır durumun yüngülləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi; təbii qiymət artımı ilə süni qiymət artımının bir-birindən fərqləndirilməsi, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək, süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə monitorinqlərin dairəsinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyat keçirilməsi; əhalinin aztəminatlı təbəqələrinin: azmaaşlıların, çoxuşaqlı ailələrin, pensiyaçıların, əlillərin qiymət artımı nəticəsində məruz qaldıqları maliyyə itkilərinin kompensasiyası; lüzumsuz və səmərəsiz xərclərin ixtisarı hesabına büdcə xərclərinin optimallaşdırılması, xərclərin əhəmiyyətli hissəssinin inkişafın prioritet sahələrinə və hökumətin sosial öhdəliklərinin vaxtında yerinə yetirilməsinə yönəldilməsi; daxili bazara daha çox lazım olan və idxalı əvəz edə bilən və ixrac qabiliyyəti olan malların istehsalının, nomenklaturasının genişləndirilməsinın təşviqləndirilməsi və dəstəklənməsi; kiçik və orta sahibkarlığın qarşısında duran bütün maneələrin aradan qaldırılması, bu vacib sahənin hərtərəfli inkişafına köməyin gücləndirilməsi və sair".