|
ABŞ-ın McCain İnstitutunun İnsan Haqları və Demokratiya məsələləri üzrə direktoru, “Freedom House” nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatının sabiq rəhbərin Devid Kramer Azadlıq Radiosuna müsahibə verib. Müsahibədə o, ölkəmizdə təməl insan haqlarının durumu, habelə Bakı-Vaşinqton münasibətlərinin indiki vəziyyəti və perspektivinə toxunub, hakimiyyətin ünvanına növbəti dəfə sərt fikirlər səsləndirib.
Kramerə görə, Azərbaycanda insan haqları sahəsində son baş verənlər nəinki münasibətlərə ziyan vura bilər, artıq vurmaqdadır: “Konqresin aparıcı üzvlərindən bəziləri artıq bəyanatlar verib. Administrasiya da bu məsələdə ritorikanı gücləndirib. Bəzi şəxslərə söhbətlərimdən belə qənaətə gəlmişəm ki, məyusluq həddi artır. Elə bir həddə çatır ki, onlar mümkün variantları nəzərdən keçirirlər... Artıq narahatlıq ifadələri işləmir və Bakıdakı rəsmilər də anlamalıdırlar ki, bu cür davranış axırda onlara baha otura bilər. Onlar ABŞ-ı sınağa çəkir, yoxlayırlar ki, nə qədər uzağa gedə bilərlər. Məncə, təhlükəli oyun oynayırlar. İstər administrasiyanın olsun, istər Konqresin, müəyyən nöqtədə Azərbaycanla bağlı səbir kasası daşmaq üzrədir”.
Kramer bu xüsusda fikirlərini daha da incələyərək bildirib: “Ola bilsin Bakıda düşünürlər ki, ABŞ geri çəkiləcək və bütün bunları qəbul edəcək. Bir sıra Amerika təşkilatları və beynəlxalq qurumlar ölkədən çıxmağa məcbur olublar. Məncə, Administrasiyanın olmasa belə, Konqresin ”Artıq yetər!" qərarını verməsi vaxt məsələsidir. Ümid edirəm ki, belə də olacaq. Nəzərə alın ki, Sergey Maqnitskinin ölümünə görə Rusiyaya tətbiq olunan “Maqnitski aktı” Konqresdə qəbul olunana qədər 2 il çəkdi. Sonra həmin sənəd Konqres tərəfindən qəbul olundu və prezident onu imzaladı. Məncə, bir az vaxt keçməlidir ki, Azərbaycanda baş verənlərə reaksiyaların real siyasi dəyişikliyə və mümkün nəticələrə çevrilməsini görək".
“Freedom House”nin keçmiş direktoru növbəti dəfə AzadlıqRadiosun Bakı ofisinin bağlanmasını kəskin şəkildə tənqid edib. “Azərbaycandakı vəziyyət isə elə həddə çatıb ki, sakit dura və yalnız narahatlıq bəyanatları səsləndirə bilmərik”, deyib. Onun fikrincə, ABŞ “sanksiyalar Azərbaycanı Rusiyaya təslim edəcək” deyə, sərt mövqedən narahat olmamalıdır: “Bəzi hökumət rəsmilərinin Rusiya ilə münasibətlərinin yaxınlığına dair xeyli spekulyasiya var və onlar Rusiya ilə bir az da yaxınlaşmaya getməyə də bilər. İkincisi, mümkün hərəkətlərimizin Azərbaycanı Rusiyanın qucağına atacağından çox narahatıqsa, gərək əl-qolumuzu bağlayaq və səmərəli siyasət hazırlamayaq. Biz sadəcə əyləşib Azərbaycandakı hadisələri izləyə və heç nə etməyə bilmərik. Tövsiyələrimdəki sanksiya çağırışı da Azərbaycan hökumətinin addımlarına cavabdır. Bunu ancaq sanksiya istədiyim üçün etmirəm. Azərbaycan hökumətinin hərəkəti elə bir həddə çatıb ki, öz xalqı ilə rəftarı belə qorxu yaradır, həmçinin, Birləşmiş Ştatlara meydan oxuyur... Biz fərqli bir yanaşma ilə Bakıdakı rəsmilərə anlatmalıyıq ki, demokratiya və insan haqları Birləşmiş Ştatlar üçün iqtisadi, enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə maraqları qədər vacibdir”.
Kramer bu kontekstdə 2015-in dəyişikliklər ili olacağına ümid etdiyini söyləyib.