|
Leyla Yunusun həbsinin gerçək səbəbləri.
Hakimiyyət hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun susdurulması üçün ən sərt tədbirə əl atdı. Belə ki, iyulun 30-da onu həbs etdilər. Bir az da dəqiq desək, Sülh və Demokratiya İnstitutunun(SDİ) rəhbəri barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçildi. O, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Leyla Yunusa qarşı irəli sürülən ittihamların sırası da ağır və fərqlidir. Belə ki, o, 4 maddə ilə - CM-nin 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunur.
Daha bir diqqət çəkən məqam isə ondan ibarətdir ki, Leyla Yunusun həyat yoldaşı, politoloq Arif Yunus da həbs olunub. Öncə iyulun 30-da hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusdan ölkədən çıxmamaqla bağlı iltizam alınıb. Avqustun 5-də isə onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Avqustun 5-də həbs olunan Arif Yunusa qarşı da ağır ittihamlar irəli sürülüb. Belə ki, o da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.
Güründüyü kimi, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus müxtəlif cinayətlərdə ittiham olunurlar. Bu ittihamların nə qədər həqiqət olduğunu gələcək göstərəcək. Hələlik istintaq prosesi davam edir. İstintaqın sonunda hansı dəlil-sübutların ortaya qoyulacağı və onların nə dərəcədə həqiqət olduğu bəlli olacaq.
Ancaq Azərbaycan ictimai rəyində adı çəkilən şəxslərin, xüsusən də Leyla Yunusun həbsinin siyasi motivlərlə bağlı olduğu barədə mülahizələr geniş yayılıb. Çoxları Yunusovlar ailəsinə qarşı bu cür sərt ittihamların irəli sürülməsinə səbəb kimi son zamanlarda Leyla Yunusun ölkə prezidentinin ünvanına tənqidi fikirlər söyləməsi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay oyunlarını boykot etməsi amilinin olduğunu iddia edirlər.
Ümumiyyətlə, Leyla Yunus 20 ildən artıqdır ki, hüquq müdafiəçisi kimi fəaliyyət göstərir və daim ölkədə insan haqlarının pozulmasına qarşı barışmaz mövqe tutub. Buna görə də o, zaman-zaman Azərabycan hakimiyyəti tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.
Hakimiyyəti Leyla Yunusun daha çox hansı fəaliyyəti narazı salıb? Ona qarşı təzyiqlərin əsas səbəbi nədir?
Çoxları üçün sirr deyil ki, bu, ilk növbədə Azərbaycandakı siyasi məhbuslar məsələsi iləbağlıdır. Bu məsələdə Leyla Yunus qədər prinsipial mövqe tutan ikinci şəxs yoxdur. Belə ki, son illər hakimiyyət təzyiqlər və şirnikləndirmə yolu ilə demək olar ki, əksər hüquq müdafiəçilərini zərərsizləşdirə bilib. Onların bir çoxu təzyiqlərdən bezərək, siyasi məhbuslar məsələsində əvvəlki kimi prinsipiallıq göstərmirlər. Hökumətin ayırdığı qrantlarla layihələr həyata keçirənlər, hakimiyyətlə separat danışıqlara gedənlər isə susmağa üstünlük verir. Çoxlarından fərqli olaraq, Leyla Yunus bu məsələdə daim ardıcıl və prinsipial mövqe ortaya qoyub, siyasi məhbusların hüquqlarını müdafiə edib, beynəlxalq təşkilatlar qarşısında daim Azərabycanda siyasi məhbuslar probleminin olduğunu qaldırıb.
Hələ aprel ayında hava limanında polis tərəfindən saxlanılarkən, Leyla Yunus özü də bu məsələyə aydınlıq gətirmiş, ona qarşı təzyiqlərin səbəblərini açıqlamışdı. Leyla Yunus bütün bunların onun insan hüquqları ilə məşğul olması ilə bağlı olduğunu deyir:-“İlham Əliyev Brüsseldə dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Leyla Yunus isə siyasi məhbusların adlarını adbaad açıqladı, onların həbsinin səbəblərini ictimaiyyətə göstərdi və sayta yerləşdirdi. Hər bir siyasi məhbusun adının yanında həbsinin motivləri ilə bağlı sübutlar var. Azərbaycanda 130 siyasi məhbus var, onlardan 42-si vicdan məhbusudur. İndi imkan var. Hamı Ukrayna ilə məşğuldur. İlham Əliyev də bundan istifadə edərək istəyir ki, Azərbaycanda axırıncı səsləri kəssin”.
Bəli, Leyla Yunusun həbsi məhz Azərabycanda insan haqları, siyasi məhbus məsələsi ilə bağlı mübarizə aparan tək-tük şəxslərin səsinin kəsilməsinə hesablanıb. Hakimiyyət bundan öncə Bakıda minlərlə vətəndaşın evlərinin sökülməsinə və kompensasiya ala bilməməsinə qarşı mübarizə aparanda da Leyla Yunusa ciddi təzyiqlər etdi. Hətta hüquq müdafiəçisinin evini belə sökdülər. Bundan başqa, Daxili İşlər nazirinin iddiası əsasında Leyla Yunus barəsində məhkəmə iddiası qaldırıldı və onun barəsində həbs qətimkan tədbiri seçildi. Sonradan bu cəza ləğv edildi. Ancaq bu təzyiqlər də insan haqlarının bərpaası, siyasi məhbusların hüquqlarının müdafiəsi işində fədəkarcasına mübarizə aparan Leyla Yunusu yolundan döndərə bilmədi. İndi isə hakimiyyət onu susdurmaq üçün həbs variantına əl atıb. Ancaq illər boyu təzyiqlərə sinə gərən Leyla Yunusu həbslə də susdurmaq mümkün deyil və mümkün olmayacaq…/Teleqraf.az/
İqbal Eyvazov.