|
Türkiyə mətbuatında Rusiya tərəfindən raket zərbəsi ilə vurulan Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin ölümü ətrafında yaranan müəmma ilə bağlı geniş yazı dərc olunub.
Avropa.info xəbər verir ki, yazıda Cövhər Dudayevin koordinatlarının ruslara necə ötürülməsi ilə incələnib.
Son illər Türkiyədə sosial mediada bir çox tarixi hekayə uydurulub, yayılıb. Bunlardan biri də Çeçenistanın ruslar tərəfindən öldürülən prezidenti Cövhər Dudayevə göndərilən peyk telefonu hekayəsidir. İddialara görə, Cövhər Dudayavin yeri Türkiyədən göndərilən peyk telefonu ilə tapılıb və bu informasiyanı alan Rusiya Dudayevi raketlə vurub.
Bəs bu hekayə günümüzəcən necə gəldi?
İnternetdə axtaranda bu iddianın necə yayıldığını müəyyən etmək çətin deyil. İddiaya görə, Dudayevə göndərilən telefona Türkiyədən izlənmə apara biləcək çip yerləşdirilib. Birinci Çeçen müharibəsində MİT üzvü, ikinci Çeçen müharibəsində müavin olan Şenkal Atasaqunun, Necməddin Ərbakanın, İnsani Yardım Vəqfinin sədri Bülent Yıldırımın da adları bu hadisədə keçir. Mətbuatda əsas hədəf kimi isə Bülent Yıldırımın adı göstərilir. İddiaya görə, MİT-in ötürdüyü telefonu Cövhər Dudayevə o verib.
Bu iddiada adı çəkilən hər kəs iddiaları rədd edib. Bu günədək iddiaları təsdiq edəcək bircə sənəd belə təqdim olunmayıb, amma dedi-qodu yalanı gerçəyə çevirib.
Bəs Dudayevə peyk telefonu kim verib?
Birinci Çeçen müharibəsinin başlaması ilə Rusiya Çeçenistanın dünya ilə rabitəsini kəsdi. Münaqişə zonasına humanitar yardımlarla yanaşı, peyk telefonlar da göndərildi. Çeçenlərə və Dudayevə telefonlar göndərildikdən sonra informasiya blokadası yarıldı. Dudayev Türkiyədən göndərilən telefonlar sayəsində dünyanın bir çox ölkəsi ilə canlı bağlantı yarada bildi. Hətta Harvard Universitetində keçirilən bir konfransa canlı bağlanaraq çıxış etdi.
Çeçenistana ilk dəfə Qafqaz Çeçen Həmrəyliyi Komitəsi tərəfindən gəmilərin xəbərləşməsində istifadə edilən peyk sisteminə bağlı telefon göndərildi. Ancaq Rusiya Dudayevin işlətdiyi telefonları müəyyən edib peyk sahibi ölkəyə təzyiq edərək xətləri kəsməyi bacardı.
Rusiya hər dəfə xətləri bağlayanda Dudayevə başqa ölkələrdən peyk telefonlar göndərilirdi. Hər telefon müəyyən vaxt sonra rabitədən kəsilirdi. Dudayev vurulmamışdan bir qədər əvvəl Çeçenistan xaric işlər naziri Şəmsəddin Yusuf peyk telefonu alınması təlimatını verib. Şəmsəddin Yusuf Türkiyədə fəaliyyət göstərən Qafqaz Çeçen Həmrəyliyi Komitəsi ilə əlaqə saxlayıb. Təşkilat “İmmersat” peyk telefonu yerinə istifadəsi daha asan olan və “Sateilite” peykinə bağlanaraq işləyən “Sperry Marine – Satellite SP 4100” markalı telefon alıb. Peyk telefon Baltik ölkələrinin birindən alınaraq Türkiyəyə gətirilmişdi. Peyk xətti isə Dubaydan alınıb. Telefon və xəttin harada istifadə olunacağını nə malı satan firma, nə də gətirən şəxs bilirdi.
Rusiya bir xətdə rabitəni kəsəndə başqa xətt fəaliyyətə keçsin deyə fərqli ölkələrdən xətlər alınırdı. Telefon Hindistan peykinə istiqamətləndirilir, onun vasitəsilə rabitə qurulurdu. O dövrün telefonları indikilər qədər kiçik həcmli deyildi. Çanta içinə yerləşdirilirdi. Telefon və xətlər gətirildikdən sonra müəyyən müddət Qafqaz Çeçen Həmrəyliyi Komitəsi (QÇHK) üzvü olan bir şəxsin evində qaldı. Telefonun sınağı keçirildi. Daha sonra Dudayev tərəfindən xüsusi olaraq göndərilən bir kuryerə verildi və Dudayevə çatdırıldı. Dudayevin işlətdiyi son telefon bu idi.
İddia olunan telefona bir çip yerləşdirilmədiyi kimi, telefonun Nəcməddin Ərbakanla da uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Bu hadisəyə şahid olan QÇHK üzvləridir. Zatən özləri də bunu inkar etmir, telefonu özlərinin göndərdiklərini deyirlər. Dudayevin yerini bu telefonla tapmaq texniki olaraq mümkün idi. Çünki uzunmüddətli danışıqlar peyk telefonların yerini müəyyən etməyə imkan verir. Dudayev raketlə vurulmazdan əvvəl müharibə əleyhdarı rus deputatı ilə konfliktin necə yekunlaşması barədə telefon rabitəsi yaratmışdı. Söhbət əsnasında Hindistan peyki vasitəsilə məkan müəyyən edilmişdi. Başqa bir iddiaya görə telefonun yeri amerikanlar tərəfindən ruslara ötürülmüşdü. Dudayev məxfi qalmağa elə də üstünlük verməyən biri olduğundan işlətdiyi aparatın tezliyini müəyyən edərək zərbə endirmək mümkün idi. Dudayevin ətrafından çıxan bir xainin də yeri ruslara bildirməsi ehtimalı var.
İddialardan əlavə olaraq Dudayevin arvadı Alla Dudayeva yazdığı xatirələrdə başqa bir telefondan da bəhs edir. Ancaq QÇHK tərəfindən 1995-ci ilin yanvarında Dudayevə verilən bu telefon həmin ilin aprel ayında sıradan çıxmışdı. Dudayevin ölümü isə 1996-cı ilin aprel ayında baş vermişdi.
Çeçenistan prezidenti Cövhər Dudayevə göndərilən son telefon hekayəsi budur...