Politoloq Ərəstun Oruclu sensasion iddia ilə çıxış edib.
Teleqraf.az-ın xəbərinə görə, politoloq özünün "facebook" səhifəsində 1992-ci ildə Qərbin İraq prezidenti Səddam Hüseynə sanksiya tətbiq etdiyi dövrlərdə, bir neçə Azərbaycan biznes strukturunun Rusiyanın vasitəsi ilə Səddama yardım daşıdığını iddia edib.
"1992-ci ilin yayı idi. Azərbaycanda hakimiyyət yenicə dəyişmişdi və Qarabağda qızğın döyüşlər gedirdi. Azərbaycan Ordusu sürətlə irəliləyirdi. Yüzlərlə insan könüllü olaraq döyüşlərə qatılırdı, yavaş-yavaş ordu quruculuğu başlayırdı. Son yarım ilin məğlubiyyətlərini aradan qaldırmaq istiqamətində qətiyyətli addımlar atılırdı. Dünya da qarışmışdı. Fars körfəzində və Küveytdə NATO-nun on minlərlə əsgərdən, onlarla hərbi gəmidən, yüzlərlə təyyarə və tankdan ibarət silahlı qüvvələri toplaşmışdı. Səddam Hüseynin Küveyti işqalından sonra "Səhrada tufan" əməliyyatı keçirilmişdi və İraq qoşunları Küveytdən qovulduqdan sonra Səddam rejiminə əlavə sanksiyalar tətbiq edilmişdi.
Səddamın müttəfiqi olan Rusiya isə ən müxtəlif vasitələrlə bu embarqonu pozmağa çalışır və həmin məqsədlə bir sıra hallarda yeni müstəqil dövlətlərin ərazisindən istifadə edirdi. O cümlədən, başı Qarabağ savaşına qarışmış Azərbaycanın. İraqa göstərilən dəstəyin formalarından biri isə yeni müstəqil dövlətlərdə yaradılmış firmalar vasitəsilə satışına beynəlxalq qadağa tətbiq edilmiş malların Səddam rejiminə çatdırılmasından ibarət idi.
Bir neçə Azərbaycan firması da bu işlərə cəlb olunmuşdu və bu məqsədlə həyata keçirilən biznes əməliyyatlarına Rusiya hərbi kəşfiyyatı (QRU) nəzarət edirdi. Beləliklə, Azərbaycanın 2 firması keçmiş Sovet Ordusunun Bakıdakı ehtiyatlarından hərbi təyinatlı metalı qaçaqmalçılıq yolu ilə Ukraynaya ötürür, sonra da mal Krımdakı limanlardan gəmilərlə alıcıya çatdırılırdı. 3-cü firma isə eyni əməliyyatı Xəzər dənisinin limanları vasitəsilə həyata keçirirdi. Rəsmi olaraq isə bu firmalardan biri xalça, digəri dəri geyim alverilə məğul olurdu, üçüncüsü isə yeni yaranmış banklardan birinin sifarişçi şirkəti kimi fəaliyyət göstərirdi.
Sonradan bu 3 "biznesmendən" biri icra başçısı, digəri - komitə sədri olacaqdı. 3-cü isə bank biznesində xeyli irəli gedəcəkdi, amma sonra maliyyə fırıldaqlarına görə həbs ediləcəkdi. Bir qədər daha sonra o, zaminə götürülərək azad ediləcək və xaricə qaçacaqdı. Əlbəttə ki, Rusiyaya".