|
Ukrayna böhranına görə Rusiya ilə Qərb arasında qarşıdurmanın yaşandığı bir vaxtda prezident Vladimir Putin postsovet regionu üzrə Avropa və ABŞ-dan olan ekspertləri növbəti dəfə “Valday” diskussiya klubunun ənənəvi konfransına dəvət edib.
Virtualaz.org saytı xəbər verir ki, konfrans oktyabrın 22-dən 24-dək Soçidə keçiriləcək.
“Valday” diskussiya klubu ekspertlərin aktual beynəlxalq məsələlər barədə “müstəqil, qərəzsiz və elmi analiz” təklif etməsi üçün yaradılıb. Builki konfransda Ukrayna mövzusu üzrə ayrıca iclas da nəzərdə tutulur.
Bəs qərbli analitiklər indiki gərgin vaxtda Putinin dəvətini qəbul edəcəklərmi?
“Bloomberg” nəşri bu məsələni araşdırıb və məlum olub ki, ən azı bir amerikalı analitik “Valday” klubunun builki konfransını boykot etməyi qərara alıb.
Merlienddəki Qlobal Təhlükəsizlik Analizi İnstitutunun nəzdindəki Energetika, Təbii Ehtiyatlar və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen deyib ki, o, hər il qatıldığı konfransı bu il Ukrayna məsələsinə görə boykot edəcək.
“Ukraynadakı müharibəyə görə bu konfransa getmək hamı üçün yanlış siqnal olardı. Konfransda iştirakdan imtina Rusiyanın davranışlarının qəbuledilməz olduğu barədə siqnallardan biri olmalıdır” - deyə A.Koen bildirib.
2004-cü ildə ilk “Valday” konfransında iştirak edən A.Koen deyir ki, görüş formatı dəyişib və kofrans 30-40 nəfərlik qruplarda “olduqca kəskin debatların” aparıldığı diskussiyalardan 250 nəfərə yaxın adamın qatıldığı sessiyaya çevrilib. Bu da müzakirələrin effektini azaldıb.
“Vaxt keçdikdə bu tədbir böyüdü və getdikcə daha çox tamaşa xarakteri daşımağa başladı” - A.Koen bildirib.
Onun sözlərinə görə, belə görüşlərin birində iştirakçıları əbədi buzlaqlardakı mağaraya aparıblar və onlara çiy donmuş balıq və buzdan qədəhlərə süzülmüş araq təklif ediblər.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin proqram direktoru Endryu Kaçins deyir ki, 2006-cı ildə isə Putin iştirakçılar üçün osminoq ətindən karpaçço, əncir və yoğurtdan hazırlanmış isti desert və müxtəlif növ balıq yeməkləri hazırlatdırıb.
Putindən dəvət alan digər iştirakçıların bir çoxu isə Ukrayna gərginliyinə baxmayaraq konfransa qatılacaqlarını deyiblər. Onlardan biri - Avstriyanın İnsburq Universitetinin professoru Herhard Manqott deyir ki, o, əvvəlki konfransların birində Putinə tənqidi sual verib. Buna baxmayaraq yenə konfransa dəvət alıb.
“Fikirləşmək lazım deyil ki, əgər Rusiya prezidentini tənqid etdinsə, deməli, gələn dəfə konfransa dəvət almayacaqsınız. Əksinə” - H.Manqott deyib.
İştirakçılar deyirlər ki, “Valday” konfransı Rusiya prezidenti ilə görüşmək və onunla bir çox kəskin məsələlər ətrafında diskussiya aparmaq üçün fürsətdir. Konfransa Putin şəxsən qatılır və ekspertlərlə müxtəlif formatlarda müzakirələr aparır. O cümlədən naharda.
İştirakçıların dediyinə görə, hərdən Rusiya prezidenti ilə nahar dörd saata yaxın çəkirdi və süfrəyə altı, hətta yeddi cür yemək gəlirdi. Bir dəfə Putin şef-aşpazları da zala dəvət edib və onları iştirakçılara təqdim edib, bişirdikləri yeməklərə görə təşəkkür bildirib. Lakin elə hallar da olub ki, Putin nahara 3 saat gecikib.
Valday gölünün sahilindəki eyniadlı qəsr
“Valday” klubu öz adını Rusiyanın şimal-qərbindəki eyniadlı göldən götürüb. İlk konfrans 2004-cü ildə həmin gölün sahilində keçirilmişdi.
“Bloomberg” yazır ki, 2009-cu ildə konfrans iştirakçıları Lena çayı ilə kruizə çıxıblar, bu zaman onların rus arağına qeyri-məhdud çıxış imkanı olub. Butılkaya doldurulmuş suyu isə pulla almalı olublar.
Gözlənilir ki, Putin bu il də şəxsən konfransa qatılacaq. Həmçinin Rusiyanın digər mühüm şəxslərinin də iştirakı gözlənilir.
“Freedom House” təşkilatının direktoru Devid Kremer deyir ki, builki iştirakçılar istər-istəməz Kremlin təbliğatına xidmət etmiş olacaqlar. Onun sözlərinə görə, “Valday” klubunda situasiya tam nəzarətdə olur və iştirakçıların Putinə meydan oxuyacaq qədər cəsarətli olduqlarına inanmır.