|
"Həştərxan sammitində heç bir ciddi yenilik olmadı. Yəni ölkələr öz maraqlarını qorudu və Xəzərin sektorlara bölünməsi, olduğu kimi, qaldı. Baxmayaraq ki, ondan əvvəl Putin administrasiyasından bəyanat vermişdilər ki, Xəzərin sektorlara bölünməsinə razı deyillər".
Bunu Aktual.az-a politoloq Vəfa Quluzadə Həşətərxanda baş tutan Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın bu arzusu həyata keçmədi: "Hər bir ölkə öz mövqeyini qorudu və bu da çətin məsələ deyildi. Ona görə ki, Xəzərdə bütün məsələlər yalnız konsensus vasitəsi ilə həll oluna bilər. Amma bununla yanaşı, bir çox xırda məsələlər - balıqçılıq, Xəzərdə ekoloji faciə və sair məsələlər həllini tapdı. Amma qeyri-adi bir yenilik olmadı. Məsələn, Rusiyanın arzusu ondan ibarət idi ki, sektorlar olmasın və onlar bütün Xəzərə nəzarət edə bilsin. Bu da mümkün olmadı. Ölkələrin Xəzərdə sərhədləri var və olduğu kimi qalıb”.
Politoloq hesab edir ki, Xəzəri sülh dənizi adlandırmaq ümumi sözlərdir:
"Xəzərə başqa xarici dövlətlər gələ bilməz. Bu da məlum məsələdir ki, Xəzər qapalı dənizdir, ora nə Amerikanın altıncı donanması, nə də Baltik dənizindən donanmalar gələ bilər. Xəzərdə yeganə hərbi donanma Rusiyanındır, başqa bir əsgəri qüvvə yoxdur. Heç İran da orada əsgəri qüvvə saxlamır, ona görə ki, özünə heç bir təhlükə görmür. Əgər Rusiya Xəzəryanı dövlətlərə heç bir təhlükə yaratmasa, bu, həqiqətən də sülh dənizidir. Bu da Həştərxan sammitinin bəyannaməsində elan olundu. Yəni bu bəyannamədən kənar heç bir məsələ həll olunmayıb. Yalnız ekspertlərə tapşırıq verilib ki, bütün məsələlər barəsində danışıqlar aparılsın və gələcək sammitdə müzakirə olunsun".
Teleqraf.az