Şamaxıdakı özbaşınalıq və qanunsuzluq əhalini ayağa qaldırıb

Şamaxıda ictimai durum getdikcə pisləşir. Buna səbəb icra başçısı Asif Ağayevin idarəetmədə bir sıra yanlış addımlar atması və lüzumsuz qərarlar verməsidir. 

İllərlə Şamaxının əksər kəndlərində ciddi problemlər yığılaraq qalıb. Yol, işıq və digər sosial problemlərdən dolayı meydana çıxmış bu vəziyyəti düzəltmək üçün real addımların atılması zəruri olduğu halda, Asif Ağayevin başı daha çox torpaq ələ keçirərək, onlardan pul qazanmağa qarışmasıdır. İcra başçısı Şamaxıda bir sıra əlverişli yerləri ələ keçirərək, orada özünə turizm mərkəzləri qurmağa nail olub. Həmçinin bələdiyyə torpaqlarının bir qismini özünküləşdirərək, orada üzüm bağları salır və ya əkinçiliklə məşğul olur. Rayon sakinlərinin üzləşdiyi problemlər isə bir kənara qoyularaq, hər şey başlı başına buraxılıb. 

Məlumatlara görə, durum o qədər ağırdır ki, artıq rayonda vəziyyət belə qarışmağa başlayıb. 
Hələ bir müddət əvvəl Şamaxı sakinləri bununla bağlı Asif Ağayevi xəbərdar edərək, problemlərin həllini tələb etmişdilər. Hətta onu aksiya keçirəcəkləri ilə bağlı xəbərdarlıq da edilmişdi. Lakin bütün bunlara baxmayaraq, icra başçısı heç bir təsirli addım atmamışdı. Nəhayət, vəziyyət o qədər gərginləşib ki, artıq Şamaxı kəndlərində İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirmək istəyi dolaşır. 

Bəzi mənbələrdən aldığımız son məlumatlara görə artıq Şamaxı kəndlərində əhali etiraz aksiyaları keçirmək üçün hazırlıqlara başlayıblar. Belə ki, kənd camaatı arasında bunun hansı şəkildə və necə keçirilməsi ilə bağlı müzakirələr start götürüb. Yaxın günlər üçün yekun qərar veriləcəyi gözlənilir.

Məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətdən çıxmaq üçün bəzi addımlar atmağa çalışır. Hətta özü kəndlərə gedərək, əhali ilə görüşmək üçün cəhdlər edir. Lakin əksər kəndlərdən gələn xəbərdarlıqdı deyilib ki, onlara tərəf üz tutmasın. Əks təqdirdə, aralarındakı münasibətlərdə gərginlik ən yüksək həddə çatacaq.

“ŞAMAXIDA HƏR DƏQİQƏ ARA QARIŞA BİLƏR”

Rayonda qanunsuzluq, özbaşınalıq, rüşvətxorluq və korrupsiya baş alıb gedir. Bu sözləri bir qrup Şamaxı ziyalısı prezidentə ünvanlandıqları məktubda yazıb. Məktubun surətini redaksiyamıza göndərən Şamaxı ziyalıları yazır: “Son illərdə Şamaxı rayonunun və şəhərin abadlaşdırılması üçün ayrılan milyonlarla manat vəsaitin 70-80 faizi mənimsənilib. Şamaxıda kanalizasiya xətləri, şəhərə su xəttinin çəkilməsi, yolların əsaslı təmir olunması tamamilə yaddaşlardan silindi. Şamaxıda insanlara yararsız, içilməyən, xəstəlik yayan, antisanitariya vəziyyətində olan suyu içirdirlər. Şəhərin küçələri eybəcər vəziyyətə düşüb. Cənab prezident, siz Şamaxıya gələndə bir qrup yaltaq yığılıb inkişafdan söz açır. Əsl həqiqəti görmək istəmirlər.

Şamaxının əkinə yararlı torpaq sahələri, meşələri, büllur su mənbəyi dövlət orqanlarının nümayəndələri tərəfindən mənimsənilib. Bir qrup yüksək rütbəli dövlət məmuru min hektarlarla əkin sahələrini, meşələri, həyətyanı sahələri zəbt edib. Ailələrinin, qohumlarının adına milyon manatlarla dəyəri olan villalar tikdiriblər. Rayon başçıları yenilənsə də yenə də torpaqları mənimsəməyə davam edirlər. Şamaxının icra başçısı Asif Ağayev sakinlərin problemləri ilə maraqlanmır. Son 20 ildir ki, rayon əhalisi aclıq-səfalət içində yaşayır, daima məmurların təzyiqlərinə, özbaşınalıqlarına məruz qalır. Rayonda işıq, qaz, su, məişət tullantıları üçün yığılan pulların 65-70 faizi mənimsənilir. İnsan hüquqları yox dərəcəsindədir. Rayonda işsizlik sağalmaz bəlaya çevrilib. Aldığımız əməkhaqqı, pensiya heç aylıq yavan çörək puluna çatmır. Rayonun elə bir idarə və müəssisəsi yoxdur ki, orada rüşvətxorluq, korrupsiya olmasın. Rüşvətxorluq rayonda bir nömrəli göstəricidir. Bir daha qeyd edirik ki, Şamaxı küçələri bərbad vəziyyətdədir, kanalizasiya sistemi yoxdur, əhali su qıtlığından əziyyət çəkir, rayonda aclıq, səfalət hökm sürür. İşsizlik baş alıb gedir. Gənclərin 70-80 faizi ailəsini, evini qoyaraq Rusiyaya çörək pulu qazanmağa gedib. Budurmu demokratiya, budurmu müstəqillik?”

Sonda məktub müəllifləri bu cür özbaşınalıqlar davam edərsə, rayonda hər dəqiqə qarışıqlıq baş verəcəyini bildirir.

Ənvər Əliyev kəndləri niyə mavi yanacağa həsrət qoyub?

Yaşayış məskənlərində mavi yanacağın olmaması səbəbindən Şamaxının bəzi kəndləri bu qış mövsümündə də istilik enerjisinə həsrət qalacaqlar. Sakinlər bildirirlər ki, onlar orta əsrlərdə olduğu kimi, hələ də ağacları məhv edir, onlardan odun kimi istifadə edirlər. Halbuki Qaz İstismar İdarəsinin rəisi Ənər Əliyev rəsmi tədbirlərdə mavi yanacağın uğurlu paylanılmasından, nəqlindən danışır.

Elə şəhərin özündə də vəziyyət ürəkaçan deyil. Şamaxının mərkəzi ərazisində yerləşən idarə, müəssisə və təşkilatların bəziləri mərkəzləşdirilmiş qaydada Şamaxı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istiliklə təmin olunsa da, bir sıra yerlərdə mavi yanacaq ya fasiləylə nəql edilir, ya da ümumiyyətlə, istilik verilmir. Sakinlər bildirirlər ki, Şamaxının bəzi kəndlərinə qaz xətləri çəkilsə də, əksəriyyət kəndlərdə mavi yanacaq hələ də yoxdur. Məsələn, rayonun Qurdtəpə kəndinin sakinləri illərdir istilik enerjisi, mavi yanacaq üzünə həsrət qalıblar. Halbuki həmin kəndin yaxınlığından böyük diametrdə qaz borusu keçir. Həmin qaz borusu meşənin içində inşa edilən istirahət zonasına gedir. Şübhəsiz, Şamaxı Qaz İstismar İdarəsinin rəisi Ənvər Əliyev də bunları yaxşı bilir.

Bilir ki, Qurdtəpənin və digər yaşayış məskənlərinin də həmin o istirahət zonası kimi mavi yanacağa ehtiyacı var. Təsəvvür edin - kəndin içindən qaz borusu keçərək, meşədəki istirahət zonasını mavi yanacaqla təchiz edir. Amma Qurdtəpə kəndinin sakinləri mavi yanacaq üzünə həsrətdir. Qaz İstismar İdarəsinin gözdən pərdə asmaq üçün mavi yanacaq verdiyi bəzi kəndlərə gəlincə, o da fasilələrlə nəql edilir. Hətta rayon mərkəzində belə, qazın fasilələrlə verilməsi Şamaxı sakinləri arasında ciddi narazılıqlara səbəb olur. Vətəndaşlar bunun üçün Qaz İstismar İdarəsinin qapısını döyürlər.

Şamaxı sakinləri bildirirlər ki, kəndlərə qaz xətləri çəkilsə də, əhali hələ də mavi yanacaq üzünə həsrət qalıb. Əhali istilik təminatı üçün məcburən Pirqulu meşələrindəki ağacları qırır. Bu isə yaşıllıq sahələrinin tədricən məhv edilməsinə, kimlərinsə öz ciblərini doldurmalarına yol açır. Təbii, Ənvər Əliyevin problemli fəaliyyəti səbəbindən insanlar dağ rayonunun soyuq qışında donmalı deyil ki.

Görünür, rayonda bəzi aidiyyəti şəxslər ölkə rəhbərliyinin tapşırığı əsasında rayonlarımızın qaz təminatının yaxşılaşdırılması, qaz kəmərlərinin bərpası və təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən məqsədyönlü şəkildə kənarda qalırlar.

Şamaxı dağlıq rayon olduğundan bu yaşayış məskənində havanın necə soyuq keçdiyini təsəvvür etmək çətin deyil. Bütün bunlar onu göstərir ki, rayonun qaz istismar idarəsinin və onun rəisi Ənvər Əliyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır.

Şamaxıda meşələrimiz baltalanır,nazirlik isə susur

Şamaxı meşələri öz mənzərəsi, təmiz havası ilə həmişə diqqət mərkəzində olmuşdur. Daima qonaq-qaralı olan bu meşələr istər turizm, istərsə də, təsərrüfat baxımından böyük əhəmiyyətə malikdir. Şamaxı Meşə Mühafizə bərpası müəssisəsi və onun müdiri Elçin Salahovun yarıtmaz fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr bu gün insafsızcasına qırılaraq, məhv olunur. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, vəziyyət dəyişməmiş, “meşələrin soyqırımı” davam etdirilir. Şamaxı meşələrinin acınacaqlı, ürəkağrıdan vəziyyəti ilə bağlı uzun illər bu sahədə çalışmış Mürsəliyev Hakim Tumarxan oğlu ilə söhbət etdik. Mürsəliyev Hakim mövcud vəziyyət haqqında ürək ağrısı ilə danışdı:

-Bu gün Şamaxı meşələrinin taleyi təhlükə altındadır. Əgər belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik Şamaxı meşələri ancaq xoş xatirəyə çevriləcəkdir. Meşələrin mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan Şamaxı Meşə Mühafizə bərpası müəssisəsi və bilavasitə onun rəhbəri Salahov Elçin Asif oğlu əslində meşələrin kütləvi məhvi ilə məşğuldurlar. Elçin Salahov idarəyə rəhbər təyin olunduqdan sonra öz şəxsi mənfəəti naminə, maraqlarını təmin etmək üçün yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq, Şamaxıda əməlli başlı “Meşə bazarı” açmışdır. Vəzifəyə təyin olunandan dərhal sonra öz qohumlarını meşəbəyi təyin etdirən E.Salahov öz komandasını formalaşdıraraq, meşələrə divan tutmağa başladı. Qurdtəpədə meşəbəyi işləyən Qubadov Fazili, Talış Nuri meşələrindən Süleymanov Davudu, Qonaqkənddən Qafarov Mirzəxanı, Pirbəhlidən Bəşirov Şakiri işdən çıxardaraq, onların yerinə öz qohumlarını yerləşdirmişdir. Amma, az sonra həmin şəxslər yenidən qeyri-qanuni olaraq öz vəzifələrini icra etsələr də, sənədlərdə E.Salahovun yaxın adamlarının adı meşəbəyi kimi göstərilmişdir. E.Salahov həmin şəxsləri əmin etmişdir ki, tezliklə onları rəsmi surətdə yenidən öz işlərinə bərpa edəcəkdir.

Mənim atam Mürsəliyev Tumarxan uzun illər Çağan meşələrində meşəbəyi olmuş, bu meşələri göz bəbəyi kimi qorumuşdur. Onun vəfatından sonra 18 il mən atamın işini davam etdirmişəm. Bu illər ərzində hər bir ağacı qayğı ilə qorumuşam. Lakin, E.Salahova meşələri sevən, qoruyan adamlar sərf etmir. Ona daha çox əlibaltalı, meşəqıranlar lazımdır ki, çoxlu pul qazansın. Buna görə də mənim, həmçinin daha 3 meşə sahəsini birləşdirərək öz bacısı oğlu Əhlimanın tabeliyinə verərək min illik meşələrin qırılmasına başladı. Bir vaxtlar göz oxşayan meşə zonalarındakı ağacların yerində indi kötüklər qalıb. Qiymətli ağac növləri kəsilərək amansızcasına məhv olunub.

Ağacların soyqırımına etiraz edəndə E.Salahov etdiyi qanunsuzluqları əsaslandırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icra aparatının rəhbəri Rövşən Cəlilova arxalandığını və hər ay ona 2 min manat verdiyini bildirir. “İdarənin təmirinə 80 min manat xərcləmişəm, hər ay yuxarılara filan qədər verirəm, bəs mən bu pulu hardan çıxarmalıyam?” deyən E.Salahov Şamaxı meşələrinin məhvinə girişmişdir. Əgər tezliklə tədbir görülməzsə vəziyyət daha dəhşətli hal alacaqdır.

Müsahibimiz E.Salahovun başqa qanunsuz əməllərini də açıqladı. Belə ki, Şamaxının baş meşəbəyisi yaxınlarının adlarını idarədə müxtəlif vəzifələrə yazdıraraq dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bu işdə onun yaxın köməkçisi, idarənin baş mühasibi Kazım Əhmədovdur. Baş mühasibin həyat yoldaşı Əsbət xanımın 60 yaşı olmasına baxmayaraq, adı fəhlə ştatına yazılmış, bir gün də olsun işə çıxmadığı halda hər ay əmək haqqı almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuzluqlara görə Əmək Məcəlləsinin 70-C bəndinə əsasən meşə mühafizə mühəndisi vəzifəsindən azad olunan Bəhram Səfərov sonradan E.Salahov tərəfindən əkin mühəndisi vəzifəsinə təyin olunmuşdur.

E.Salahov öz bacısı oğlu Quliyev Mühasibə məxsus QAZ-53 markalı maşın işləmədiyi halda hər gün putyovka yazaraq xeyli vəsaiti mənimsəyir. Xalası oğlu Məmmədov Maisin QAZ-53 markalı maşını isə meşələrdən kəsilən ağacların daşınmasında əsas texniki vasitədir. E.Salahov onu heç bir təhsili olmasa da, Şamaxı meşələrinə meşəbəyi köməkçisi təyin etsə də, hələ də rəsmi təsdiq etdirə bilmir. Lakin buna baxmayaraq, xalası oğlu və onun QAZ-53-ü onun işinə yaramaqda davam edir.

Bütün bu faktlar bir daha göstərir ki, Şamaxı meşələrinin taleyi həqiqətən də təhlükə altındadır. Min illik meşələri qırmaqla məşğul olan E.Salahov isə bütün qanunsuz əməllərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra aparatının rəhbəri Rövşən Cəlilova arxalanaraq, etdiyini bildirir. Doğrudanmı, bu qədər qanunsuz əməllər nazirliyin xəbəri olmadan görülür, və ya həqiqətən də E.Salahovu himayə edən qüvvələr onun bütün əməllərini ört-basdır edirlər? 
Ardı var

Rövşən İnqilaboğlu 

qaynarxett.info

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti