|
Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi bəyanat yayıb.
Teleraf.az həmin bəyanatı təqdim edir:
Avropa Parlamenti 2014-cü il sentyabrın 18-də “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” qətnamə qəbul edib. Artıq neçənci dəfədir ki, ölkəmizə qarşı işləyən qüvvələrin məqsədyönlü fəaliyyəti nəticəsində Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi sənəddə Azərbaycanda baş verən hadisələrə, demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salınmasına cəhd göstərilməsi təəssüf və narahatlıq doğurur.
Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Konkret cinayət əməllərinə görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə məhkum edilmiş və ya istintaq altında olan şəxslərin siyasi məhbus adlandırılmasının və onları təcili və qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyil. Həbsdə və ya istintaq altında olan şəxslərin qeyri-məhkəmə üsulları ilə azad olunmasının tələb edilməsi qanunun aliliyinə hörmət prinsipi ilə bir araya sığmır. İnsanların siyasi fəaliyyətinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.
Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. Yüzlərlə gündəlik, həftəlik və aylıq qəzet nəşr olunur, müstəqil televiziya kanalları fəaliyyət göstərir. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi mövcuddur. Əhalinin 70 faizindən çoxu internet istifadəçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və fəaliyyət göstərir. Mətbu nəşrlərə dövlət tərəfindən vaxtaşırı maliyyə yardımı ayrılır.
Ölkədə sərbəst toplaşmaq azadlığı qanunvericiliyin tələblərinə müvafiq surətdə təmin edilib. Vətəndaş cəmiyyətinin mühüm elementi olan qeyri-hökumət təşkilatlarının sayı artaraq 4 minə yaxınlaşıb.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyət tamamilə şəffaf olduğuna görə sadalanan bütün bu faktların müəyyən edilməsi çətin deyil.
Təəssüf ki, Avropa Parlamentində təmsil olunan məlum siyasi qruplar tərəfindən Azərbaycanın hakimiyyət orqanlarını ittiham etməyə yönələn qətnamə layihəsinin hazırlanması zamanı yoxlanılıb dəqiqləşdirilmiş məlumatlara istinad edilməyib.
Ərazisinin 20 faizinin Ermənistan Respublikası tərəfindən işğal edilməsinə, 1 milyondan çox vətəndaşının qaçqın və köçkün düşməsinə baxmayaraq, Azərbaycan Respublikası iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması və möhkəmləndirilməsi sahəsində böyük uğurlar əldə edib. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi var və bu mexanizm Avropa qurumları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq şəraitində yaradılıb. Ölkədə insan hüquqları və azadlıqları həm qanunvericilik, həm də qanunların icrası səviyyəsində etibarlı müdafiə olunur.
Əlbəttə, inkişaf edən hər bir dövlətdə və cəmiyyətdə olduğu kimi, Azərbaycanda da hər şey tam qaydasında deyil. İnsan hüquqlarının və azadlıqlarının pozulması faktları da mövcuddur, lakin bunlar heç bir halda sistemli xarakter daşımır. Avropa Parlamentinin adı çəkilən qətnaməsində isə heç bu cür faktlardan da söhbət getmir. Məhz buna görə də Azərbaycanın insan hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə edilməsi qeyri-obyektiv və qərəzli yanaşmadan başqa bir şey deyil.
Yuxarıda göstərilən əsaslara görə Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” 2014-cü il 18 sentyabr tarixli qətnaməsini Azərbaycan ilə Avropa İttifaqı və Avropa Parlamenti arasında konstruktiv əməkdaşlığın ruhuna zidd olan, Azərbaycanda bu sahədə hüquq qaydasını şübhə altına alan və dövlətin beynəlxalq imicinə xələl gətirmək niyyəti güdən qərəzli aksiya kimi dəyərləndirir. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Avropa
Parlamenti Azərbaycana bu cür münasibət göstərməkdə davam etsə, Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə gələcək əməkdaşlığın zəruriliyi məsələsini bir daha nəzərdən keçirmək məcburiyyətində qalacaq. Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək, bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığı hüquq bərabərliyi əsasında və konstruktiv məcrada inkişaf etdirmək əzmindədir.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il 30 sentyabr tarixli iclasında qəbul edilib).