|
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Türkiyənin dövlət orqanlarını gizli dinləməkdədir.
ANS PRESS-in məlumatına görə, Almaniyanın "Der Spiegel" jurnalı ABŞ kəşfiyyatın sabiq əməkdaşı Edvard Snoudenin sızdırdığı informasiyalar əsasında Türkiyə ilə bağlı yazı dərc edib.
Jurnalın yazdığına görə, NATO çərçivəsində PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq edən ABŞ höküməti, ordunu, kəşfiyyatçıları, nazirlikləri və enerji şirkətlərini dinləyir.
NSA-nın gizli sənədlərində Türkiyə həm müttəfiq, həm də hədəf ölkə olaraq göstərilir. Snoudenin məlumatına görə, NSA-nın baş idarəsi ilə birbaşa əlaqədə olan SUSLAT-ın Ankarada və İstanbulda gizli dinləmə mərkəzləri fəaliyyət göstərməkdədir.
Məxfi sənədlərdən oda məlum olur ki, Türkiyə ABŞ kəşfiyyatı tərəfindən ən çox izlənilən ölkələrdən biridir. Və ABŞ kəşfiyyatının Türkiyədə işləməsi Kuba və Venesuela səviyyəsindədir.
ABŞ kəşfiyyatı həmdə Türkiyənin müxalif liderlərinin fəaliyyətini də daim nəzarət altında saxlayır.
Məxfi sənədlərdə ABŞ kəşfiyyatının Türkiyədə 18 istiqamətdə məlumat topladığı qeyd olunub.
Yazıda həmçinin göstərilir ki, ABŞ və İngiltərə xüsusi xidmət orqanları Türkiyə ilə bağlı kəşfiyyat fəaliyyətlərini birgə həyata keçirir. Belə ki, İngiltərə Türkiyənin xarici siyasəti və enerji sektoru barədə operativ kəşfiyyat məlumatlarını toplayır.
Snoudenin sızdırdığı sənədlərin Türkiyə ilə bağlı hissədini ilk dəfə yayan yazıda qeyd olunur ki, Türkiyə hökümətinin məqsədlərini öyrənmək istəyən təkcə Almaniya deyil.
Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddət əvvəl gizli dinləmə ilə bağlı gərginlik yaşanmışdı.