|
Din xadimlərimiz dövlətə dəstək verməlidir.
APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə Bütün Qafqaz şeyxi Allahşükür Paşazadə söyləyib.
”Dövlətimiz, torpağımız, imanımız var. Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır, din xadimləri dövlətimizə dəstək verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır”, - deyə o vurğulayıb.
A.Paşazadə Brüsseldə baş verən terroru lənətlədiklərini də bildirib: “Ancaq necə olur ki, Brüsseldə də, Türkiyədə də, Pakistanda da terror baş verir, lakin bu hadisələrə münasibət fərqlidir. Bu da bir daha onu göstərir ki, biz dövlətimizə dəstək verməliyik. Ona görə məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım var”.