|
Ermənistanda orduya qadınların cəlb olunması artıq ciddi demoqrafik problemin yaşandığının göstəricisidir. Yəni ölkədə əhalinin azalması ciddi xarakter alıb və insanlar Ermənistanı kütləvi şəkildə tərk edir. Bundan başqa, ordunun özündə fərarilik baş alıb gedir. Qadınlar orduya həm əsgərlərin sayının azlığına görə, həm də kişi hərbçilərə stimul vermək, fərariliyin azalması üçün cəlb olunur. Terrorçuların cəlb edilməsi isə beynəlxalq aləmin gözünü açmasına səbəb olmalıdır. Terrorçular işğalın əvvəlki mərhələsində də "Dağlıq Qarabağ ordusu" adı altında Azərbaycana qarşı mübarizə aparmışdılar, bu gün də ASALA da daxil olmaqla, bir çox erməni terror təşkilatları işğal olunmuş torpaqlarda, nəzarətsiz ərazilərdə terror ocaqları formalaşdırırlar.
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Fərəc Quliyev Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağda döyüşmək üçün orduya qadınları və könüllü adı ilə dünyanın müxtəlif ölkələrindən terrorçuları cəlb etməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, digər tərəfdən, Ermənistan hakimiyyətinin mahiyyəti son hadisələr zamanı bir daha üzə çıxdı: "Vaxtilə Ermənistan parlamentində gülləboran olmuşdu. İndi isə Köçəryanın evinə qumbara atılması onu göstərir ki, Ermənistanda məsələlər siyasi yollarla həll olunmur, demokratik rejim yoxdur, onların da başqalarından demokratiya tələb etmələləri tam absurddur. Onlar monoetnik dövlət kimi bütün etnoslara qarşı qısqanc davranır, onları işğal etdikləri ərazilərdən qovub çıxarırlar. Hətta ora qəbirləri ziyarət etməyə gedən mülki adamları belə girov götürürlər. Özlərində məsələləri yoluna qoymaq üçün siyasi yoldan istifadə etmirlər".
Bu səbəbdən F.Quliyev hesab edir ki, belə bir rejim Azərbaycanla məsələləri siyasi yolla çözə bilməz: "Bu, qeyri-mümkündür. Azərbaycan tərəfi qələbənin bir addımlığında dayanıb deyir ki, əgər beynəlxalq aləm dinc yolla bu məsələni həll edə bilirsə, buyurub eləsin, Ermənistan bu rejimlə, bu cür davranışlarla çətin ki, danışıqlara gələ bilər. Yəni bizim ermənilərə şans verməmizə baxmayaraq, məsələlərin sülh və danışıqlar yolu ilə həll olunacağına inanmıram".
Millət vəkili qeyd edib ki, ermənilərin qısa müddətdə Azərbaycanın onlara verdiyi şansdan istifadə etməsələr, torpaqlarımızı hərb yolu ilə azad etməkdən başqa çarəmiz qalmayacaq: "Azərbaycan tərəfi fəal döyüş əməliyyatlarını dayandırmaqla beynəlxalq ictimaiyyətə göstərdi ki, problemin sülh yolu həllini istəyirik. Amma ermənilər bundan vaxt qazandılar. Danışıqlar masasında daha konstruktiv çıxış etmək əvəzinə, münaqişə zonasından savaş üçün daha çox təxribatlar törətdirlər, atəşkəsi pozurlar, şəhidimizin cənazəsini vermək istəmirlər, müxtəliflər çağırışlar edir, bəyanatlar səsləndirirlər. Göründüyü qədər, Ermənistan arxasında dayanan qüvvələrə güvənərək indiki status-kvonu saxlamaq və hər cür bəhanə ilə məsələnin həllini uzatmaq istəyir. Bu məsələlər bizim itirdiklərimizdir.
Erməni tərəfi bizim gücümüzü görməklə yanaşı öz zəif tərəflərini də bildi. İndi isə toparlanmaq və müəyyən boşluqları doldurmaq üçün müxtəlif tədbirlər görür. Beynəlxalq ictimai rəydə dəyişiklik etmək üçün müəyyən vasitələrə əl atmağa başlayıb. Amma ermənilər nə qədər çalışsalar da, onların haqsız tərəf olduqları bariz şəkildə görünür. Bu, artıq bütün dünyaya məlumdur. Azərbaycan tərəfinin əlində də arqument var, desin ki, bizdən asılı olan hər şeyi elədik və əgər qısa zaman ərzində ölçü götürülməzsə, məsələ dinc yolla həll edilməzsə, biz hərbi yollara əl atmalıyıq. Başqa çıxış yolu yoxdur".