|
“Hesab edirik ki, bu istiqamətdə mümkün olan addımlar atılmalıdır. Təəssüf hissi ilə onu da deyim ki, deyilənlərin böyük əksəriyyəti təklif olaraq qalır”.
“Azadlıq-2015” seçki blokunun təsisçilərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu bu günkü iqtidar-müxalifət görüşünü dəyərləndirərkən belə deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, bu cür görüşlər zamanı qaldırdıqları məsələlər həllini tapmır: “Onlar reallığı nəzərə alırlar... Azərbaycan hakimiyyət nümayəndələri belə hesab edirlər ki bəzi məsələlərə indi lüzum yoxdur, bəzi məsələlərin zamana ehtiyacı var. Bəzi məsələlərin həlli nəsə vaxt istəyir və sair. Bizim fikir və münasibətlərimiz öz qüvvəsində qalır. Təkrar-təkrar bu məsələlər deyilir, təəssüf olsun ki, özünün müsbət həllini tapmır”. O qeyd edib ki, bu görüşlə bağlı blokun əvvəlcədən bəyanatı olub və bütün fikirlər, təkliflər orada açıqlanıb: “Mövqeyimizi açıqlamışdıq. Bizə konkret mövzu təqdim olunmuşdu. Bizim də mövzularımız, təkliflərimiz vardı. Bu tədbirdə iştirak edənlər arasında, həmçinin ölkədə Avropa Oyunlarının əleyhinə çıxan elə bir qüvvə görmürəm. Sadəcə olaraq kampaniya o cür aparılır ki, əcinnə ovu təsiri bağışlayır. Mən bu qənaətdəyəm ki, bu məsələdə hakimiyyət maraqlıdır, bu hakimiyyət tərəfindən, ola bilsin hakimiyyətin hansısa qolu tərəfindən narahatçılıq var və su bulandırmaq istəyirlər. Başqa bir şey yoxdur. Hamı bilir ki, Azərbaycanda hakimiyyət nə istəyərsə, onu edə bilər. Kimsənin əks fikri yoxdur. Söhbət Azərbaycanın tanınmasından gedir. Bunun da əleyhdarı yoxdur”.
Teleqraf.az