|
"Sülhəddin Əkbərin yaratdığı partiyanın axırı necə oldu? Bu da onlardan biridir". Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, Q. İbadoğlu təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya çevrilməsi məsələsinin nə vaxtsa gündəmə gələ biləcəyini vurğulayıb.
S. Hüseynova ADR-də Müsavat üzvlərinin azlıq təşkil etdiyini və hərəkatın əsasən KXCP üzvlərindən formalaşdırıldığını söyləyib. O bildirib ki, ADR partiyaya çevriləcəyi təqdirdə, Müsavatda istefalar ola bilməz: “Elan verirdilər ki, bütün təbəqələrin birləşdiyi hərəkat yaradılır, ancaq görünən odur ki, orada yalnız Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri var. Müsavat Partiyasının üzvləri isə Qubad İbadoğlundan başqa yalnız iki nəfərdir. Ümumiyyətlə, Qubad İbadoğlu şişirdilmiş ifadələr işlədir. Xüsusən də son zamanlar onun səsləndirdiyi fikirləri çox uğursuz hesab edirəm. Düşünmürəm ki, onun hərəkatı partiyaya çevriləcəyi təqdirdə, Müsavat Partiyasına hər hansı ziyan vuracaq və ya partiyanı zəiflədəcək. Bu hərəkata görə Müsavatdan istefa verəcək adamlar yalnız 5-10 nəfər ola bilər”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu isə APA-ya açıqlamasında qeyd edib ki, mövcud siyasi partiyalardan və onların aktiv üzvlərindən hərəkat formalaşdırmaq doğru deyil. O deyib ki, KXCP üzvlərinin ADR-də geniş şəkildə təmsil olunması barədə fikirlər absurddur: “Eyni insanları yenidən başqa adla hərəkat daxilində birləşdirmək, sonra da bunu partiyaya çevirmək istəyi yanlışdır. Onlara tövsiyə edərdim ki, hərəkatda bitərəf, müstəqil, narazı insanlar fəaliyyət göstərsin. Bu, bir gün bumeranq kimi o hərəkatı yaradanların üzərinə qayıdacaq. Bu yoldan əl çəkməlidirlər. Hərəkatı təsis edənlərin KXCP-nin Salyan rayon şöbəsində toplantı keçirmələrində problem görmürəm. Ancaq KXCP-nin bu hərəkatda geniş şəkildə təmsil olunduğu fikri absurddur”.