|
Fazil Mustafa
Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurub. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin mövzuya maraq duymasını təqdirlə qarşılayıram. Bununla belə, sualları konkret cavablandırmağın doğru olmayacağını, problemin açılışı üçün ayrıca bir yazı mətni ilə məsələyə aydınlıq gətirməyi məqsədəuyğun sayıram. Səbəb sadədir.
Qoyulan sualların üslubundan anlaşılır ki, hörmətli opponentlər cəmiyyətimizdə olan neqativ halların, natamamlıqların əsas səbəbini İslam dinində görürlər, bir fərd olaraq özləri bu dinin təməl prinsiplərinə inanmırlar və alternativ olaraq insan ağlının Allah iradəsindən kənar kəşf etdiklərinin, tətbiq etdiklərinin faydalılığını irəli sürürlər. Bu isə artıq İmanla bağlı məsələ olduğuna görə Varlığın yaradılışı, insan ağlının hüdudları, Allahın yaradılış iradəsi və məqsədi, determinizm və indeterminizm kimi fəlsəfi cərəyanların əsrlərcə davam edən müzakirələrinin təkrarlanması deməkdir və bunun necə uzun zaman alacağını təsəvvür etmək çətin deyil. Bu səbəblə də mövzuya təmas edən şəxslərin təməl görüşlərini yanlış hesab etsəm də, inandıqlarına toxunmadan İslama aid məsələlərin bir qisminin izah olunmasına diqqət ayırmağı düşünürəm. Təbii ki, yönəldilən suallara da mətnin içində cavablar nəzərdə tutulur.
Yer üzündə inanclarla müşayiət olunan hər bir fenomen din kimi xarakterizə olunur. Burada iki fərqləndirmə aparılır: İlahi vəhyin məhsulu olan dinlər (Yəhudilik, Xristianlıq və İslam) və İnsan ağlının məhsulu olan dinlər (Paqanizm, Animizm, Atəşpərəstlik, Ateizm, Şamanizm, Buddizm və s.) İlahi vəhyi əks etdirən dini İslam bir bütöv olaraq görür, yəni Allahın dini birdir, bu dinin də adı İslamdır. İlahi vəhylə müşayiət olunan bu din mərhələ üzrə gəlmiş, bu mərhələnin içində endirilmiş kitabı Tövrat olan Yəhudilik və endirilmiş kitabı İncil olan Xristianlıq ardıcıl olaraq yer almış, onların kitabı və vəhyin tələbləri təhrif olunduğuna görə yekunlaşdırıcı və təhrif olunmayan kitaba malik İslam dini gəlmişdir. Yəni endirilmiş din deyiləndə müasir fərqləndirmə üzrə anladığımız İslamdan söhbət getmir, Yəhudiliyin və Xristianlığın təhrif olunmayan mətnini də içinə alan İslamdan söhbət gedir. Endirilmiş din anlayışı ilə bilavasitə endirilmiş Quranın prinsiplərinə isnad edən din anlaşılır. Burada eyni zamanda Azərbaycan auditoriyasına müraciət olunduğuna görə bu məkanda yaşayan xalqın dini yaşantısı barədə tərəfimizdən fikir bildirilib, əsl həqiqətdə isə bu fərq İslam adı ilə tanınan bütün coğrafiyalara və dövlətlərə şamil olunmalıdır. Məhəmməd İqbalın dediyi kimi, “Müasir “din” anlayışı ilə, Allahın Cəbrayıl vasitəsilə göndərdiyi və Hz. Məhəmmədin təbliğ etdiyi “Din” bir-birindən o qədər fərqlidir ki, aradakı uçurum Allahı, Cəbrayılı və Hz. Məhəmmədi belə heyrətləndirir”. Uydurulmuş dini məhz bu məqamda axtarmaq lazımdır. Ona görə də məşhur musiqiçi Cat Stevensen (sonradan Yusuf İslam) deyirdi ki, müsəlmanlara baxaraq deyil, Quranı öyrənib İslamı qəbul etmək doğru olardı.
İnsanlar “Allaha qul olma” siyasətinin yerinə, “qula kölə olma” tezisini qabardan, təlqin edən siyasi hakimiyyət ünsürlərinin köləsi olmaq yolunu seçdilər və təsəvvürlərindəki “İslam dövləti” anlayışını da bu sistemə uyğunlaşdırdılar.
Vəhylə gələn, yəni endirilmiş Kitaba əsaslanan dinlə insanlar tərəfindən uydurulmuş din arasında fərq görmək üçün bir neçə nümunəyə üz tutmaq kifayətdir. İlkin xristian təlimində kiminləsə savaş anlayışı yoxdur, Hz. İsanın “bir üzünüzə vurdularsa, o biri üzünüzü çevirin” ifadəsi barış üçün dəqiq bir formuldur. Ancaq uydurulmuş din adı ilə inkvizisiya məhkəmələri qurulmuş, kimlərsə din adı ilə başqasını kafir, şeytana qulluq edən olaraq görərək edam etmişlər. İslam arealında da xilafət müəssisəsini dinin tənzimləyicisi kimi götürərək, yadfikirliliyə qarşı olmazın vəhşiliklər törədilmişdir. Halbuki Quranın da təməl prinsipi “savaşın!” deyil, “sizinlə savaşanlarla savaşın!”dır və əsas dəyər barış, əmin-amanlıq olmalı idi. “Günahsız bir insanı öldürmək bütün insanlığı öldürməkdir!” deyən bir Peyğəmbər anlayışının əksinə tarix boyunca tətbiqində fərqli nəticələrin ortaya çıxmasında artıq Uydurulmuş din faktoru əsas rol oynayır. Kafirin də, Münafiqin də, başqa inanc sahibinin də haqqı itir və ucdan tutma hamını kafir, qiyamçı elan edib ət maşınını işə salırlar. Bunun ən bariz nümunəsi İslam tarixində müstəsna yeri olan Buxari və Əbu Hənifə kimi bilginlər haqqında çıxarılan hökmlər sayıla bilər.
Bəşəriyyətin inkişafı deyilən bir mərhələdə bütün faydalı kəşflər insanın ağlına güvəndən başlayıb və bu ağlın axtarışları endirilmiş dinlərdə mövcud olan əxlaq prinsipləri ilə hansısa ziddiyyət təşkil etməmişdir. Əslində Avropada elmin inkişafı məhz ağlın din adlanan müəssisənin buxovundan çıxarılması ilə başlamışdır. Din müəssisəsi ilə dinin fərqini göstərmək üçün də biz Uydurulmuş və Endirilmiş din terminlərini qabardırıq. “Mən gözəl əxlaqı tamamlamaq üçün gəldim” deyən bir İslam Peyğəmbərinin yanaşması İslamın insan ağlının, davranışının, yaşamının yalnız əxlaq modelini şəkilləndirdiyini göstərir. Bütün Quran mesajı da “Ağlınızı istifadə etməzmisiniz?”, “Allah bunu sizə düşünəsiniz deyə əmr edər” üzərində qurulursa və kimsə siyasi hakimiyyət naminə insan ağlını arxa planda görürsə, bu təzahür İslamın mahiyyətinə qarşı mövqe formalaşdırmağa bir əsas ola bilərmi? Allahın iradəsindən kənar insan ağlının məhsulları da bəşəriyyətə az problemlər yaşatmayıb. Marksın “Kapital”ı, Hitlerin “Mənim Qovğam”ı, Maonun kommunizm modeli də bəşəriyyətə bir din adı ilə gətiriləndən daha böyük faciələr bəxş edib. Əgər inkişafın nümunəsi ABŞ-dırsa, Avropadırsa, orada da ədalət deyə görünən bütün təzahürləri dinə qarşı bir model kimi səciyyələndirmək yanlış olardı. Bir amerikan ailəsinin, avropalı ailəsinin ədalət anlayışının təməlində həm də bir xristian əxlaqı yatır.
İki fərqli İslam görüşü var: Birincisi, İslamın İlahi mənbəyini, yəni Quranı əsas götürür. Bu yanaşma İslamı öz terminologiyası və dilinə görə anlamağa çalışır. İkinci baxış isə İslamı müsəlman ənənəsinə görə anlamaqdır. Bu, vəfatından sonra Məhəmməd peyğəmbərə aid edilən sözlər, Quranda yer alan olayları öz baxış bucağından yorumladıqları uydurulmuş hekayələr, tanınmış İslam alimlərinin, imamlarının və ya fiqh bilginlərinin sözlərini əhatə edən çox sayda insan ağlının məhsulu olan mənbəyə əsaslanır. Bu görüşdə olanlar əsasən bu insan ağlının istehsal etdiyi mənbələri əsas götürürlər və Quran ayələrini də buna görə anlayarlar. Sonda bu ikinci İslam görüşü və onun fətvaları İslam dinini terrorizm, şiddət, fundamentalizmdə ittiham olunduğu bir vəziyyətə gətirir.
Hər bir izləyici Quran ayələrinin mənasını öz kültür və zehniyyətlərinə görə şərh etmişdir. Bu hədisləri sanki Peyğəmbər həqiqətən söyləyib kimi müqəddəsləşdirmişlər. Bunu Əhli-Sünnə adlanan müsəlmanlar etmişlər. Əhli-Şiə adlananlar isə Məhəmməd Peyğəmbərə və qohumlarına (Əhli-Beyt) aid edilən başqa bir qrup hədis (Əxbarlar) yaratmışlar. Sufi müsəlmanlar isə ayrıca müqəddəs övliyalarının sözlərini müqəddəsləşdirərək İslam adı ilə təqdim etmişlər.
Məhz bu ikinci İslam görüşü səbəbi ilə çox sayda mənbə, məzhəb və təriqətlə qarşılaşmış oluruq. İslamı anlamaq üçün bu ənənəvi görüşün arxasınca düşsəniz, xurafat və zorakılıqla bəzənmiş orta əsr kültüründən başqa bir şey tapa bilməyəcəksiniz. Əgər İslamı ön fikirlərdən arınmış bir şəkildə sadəcə Qurandan və onun dilindən oxusanız, İslamın bir barış, bağışlama və bütün yüksək dəyərlərin dini olduğunu görüb heyrətlənərsiniz.
Allah deyir ki, “Ey inananlar, hamınız bir yerdə sülhə gəlin…” (Bəqərə, 208) Demək ki, Allah inananlara sülhü əmr edir. Daha sonra “Sizinlə savaşanlarla Allah yolunda savaşın! Aqressiv olmayın. Allah aqressiv olanları sevməz!” (Bəqərə, 190) Bundan açıq tekstlə daha nə deyilməlidir? İndi Allah nə etsin ki, bunu “İslam dövləti” adı ilə tətbiq edənlər, Xristian və ya Yəhudi dövləti adı ilə tətbiq edənlər, dinc insanı siyasi məqsədlər və ehtiraslar naminə məhv edirlər? “Zülm və işgəncə ortadan qalxanadək və din Allah üçün olanadək onlarla savaşın. Son verirlərsə, artıq zalımlardan başqasına düşmənlik yoxdur” (Bəqərə, 193) deyiləndə də əsas hədəfin zülm və işgəncənin ortadan qaldırılması olduğu aydın görünmürmü? Bunun əvəzinə kimlərsə sui-istifadə edib zülm və işgəncə verirsə, demək, uydurulmuş dini yaşayır. Biz hər zaman vurğulayırıq, endirilmiş dini yaşamaq insanlığa fayda verən ədalətli bir insan, bir mömin yetişdirir, uydurulmuş dini yaşamaq nadan, cahil və insan qəssabı yetişdirir.
“Din sahəsi hər hansı bir dini-insani avtoritetə deyil, yalnız Allaha aiddir. Hər kəs öz müstəqil seçiminin və davranışlarının hesabını Qiyamət günü yalnız Allaha verəcəkdir. Heç kimsənin özünü Allahın yerinə qoyub başqalarının inancını yarğılamağa haqqı yoxdur” kimi prinsiplərin Türkiyədə, İranda, Ərəb ölkələrində tətbiq olunmasında tam fərqliliyə görə dinin mükəmməlliyinə irad bildirməyə hansısa əsas varmı? Allah nə etməlidir ki, sən onun endirdiyi mətni düzgün oxumursan və öz uydurduğunu yaşayırsan? “Öldürmə, oğurlama, başqasının canına və mülkünə qəsd etmə, özünə rəva görmədiyini başqasına rəva görmə, böhtan atma, inancını zorla yayma, zinaya yaxınlaşma, valideynin, ailə üzvlərinin, cəmiyyətin qarşısında insani vəzifələrini yerinə yetir, zülm etmə, hökm verəndə ədalətli ol, yaradılanı Yaradana görə sev” kimi tələblər İslamın təməl prinsipləridir. İndi bunlar haradasa əsrlər boyu pozulursa, bunun suçunu İslamda axtarmaq nə dərəcədə ədalətlidir? Azərbaycanda da uydurulmuş İslam deyəndə bütün yaşadığımız dini ritualları, dinin tanıtım formalarını nəzərdə tuturam. Şeyx Nəsrullah, Molla Sadıx, müasir molla obrazlarının böyük əksəriyyətini ehtiva edən İrandan gələn məzhəb İslamı, Allah yerinə pirlərə, ziyarətgahlara ibadət, sitayiş, ərəb ölkələrindən gələn uzun saqqal-qısa şalvar və ya cübbə İslamı, Türkiyədən gələn təriqət İslamı uydurulmuş dinin nə qədər geniş yayıldığının bir sübutudur. Artıq adamlar sanki özlərinə müsəlman deməyə utanırlar, mən əhli-sünnəyəm, sələfiyəm, nurçuyam, süleymançıyam, milli görüşçüyəm, əhli-şiəyəm, Əhli-Beyt tərəfdarıyam deyirlər. İŞİD-in, Talibanın, Hizbullahın zorakılıq metodlarının Quranda hansısa bir sağlam istinadını tapa bilərsinizmi?
Bu gün sosial dövlət modelinin də bütün əxlaq prinsipləri dinin gətirdiyi və yuxarıda sadaladığımız əxlaqa dayanır. Ən azı onların anladığı şəkildə bir xristian əxlaqına görə davranırlar və siyasətin təməl fəlsəfəsi də bunun üzərində qurulmuşdur. Sosial dövlət İslamdakı zəkat anlayışından fərqlidir, dövlət zənginlə yoxsul arasında uçurum məsafəsinin azaldılmasını qanunun məcburiyyəti ilə dövlət adına həll edir, zəkatda isə insan dövlət məcburiyyəti olmadan da Allahın əmri deyə bir insanlıq vəzifəsi olaraq görür və malının müəyyən qismini Allahın bildirdiyi müsəlmanlara, onların mülkiyyətinə keçirməklə verir. Xüms isə müharibədə əldə olunan qənimətlərdən gələn gəlirlərin beşdə birinin dövlət xəzinəsinə verilməsini nəzərdə tutur, bu isə indiki dövrdə faktiki olaraq keçərliyini itirmişdir. Ancaq uydurulmuş dinin tüğyan etdiyi Azərbaycanda və İranda müharibə şərtləri olmadığı halda, inanclı insanları aldadaraq xaricdəki dinçi sinifin yaşam şərtlərini lüks səviyyədə saxlamaq üçün nağd gəlirlərin beşdə biri yığılaraq məchul mərkəzlərə göndərilir və mənimsənilir. Yəni dinlə elmi, sosial dövləti qarşı-qarşıya qoymaq əvəzinə, onların uzlaşdığı məqamları görmək, dərk etmək daha doğru yanaşma olardı.
İslamda inanc insanlar arasında sülhlə eyni dəyəri ehtiva edir və eyni zamanda mömin olmaq demək Allahın qulu və bir sülh adamı, etibarlı bir adam olmaq deməkdir. Məhz bu, İslam dinindəki inanc anlayışıdır. Necə ki, Məkkədə İslamı inkar edən şəxslər belə Hz. Məhəmmədin sülh və etibarlı, dürüst adam olduğunu açıqca etiraf edirdilər. İndi çevrəmizdə olan ölkələrdə İslam adına siyasət yürüdənlər bu obraza sahib olmayanda sizlər dərhal bunu İslam dininin mahiyyəti ilə əlaqələndirməyə çalışırsınız. Halbuki nə Quranda, nə İslam Peyğəmbərinin, nə Rəşidi Xəlifələrin, nə də Ömər ibn Əbdüləzizin nümunəsində oğurluğun, haramın, zorakılığın təşviq edildiyi hansısa nümunəyə rast gələ bilməzsiniz.
Hamı gözəl bilir ki, bu gün Azərbaycanda qanunun aliliyinin təmin olunmasına İslam dini maneə deyil, çünki Konstitusiyaya görə, din dövlətdən ayrıdır və hökumətin siyasətinin formalaşmasına təsir etmir. Buyurub sivil mexanizmin içində yer alan insanlar ədalətli, qanunun aliliyinə, insan haqlarına hörmət bəsləyən Avropa modelinə yaxın bir cəmiyyət formalaşdıraq. Əgər insanımızın mədəni və əxlaqi potensialı buna yetərli deyilsə, o zaman insanlarımızın davranışında olan natamamlıqların böyük əksəriyyətinin gerçək İslam dəyərləri ilə uzlaşmamaqdan qaynaqlanan çox sayda təzahürləri görə bilərsiniz. Bunu düzəltmək əvəzinə, böyük çoxluğun çağırışı ənənəvi İslamı yaşatmaq üzərində qurulmayıbmı? Məhz bu ənənəvi İslam uydurulmuş bir dindir və bizim cəhalət içində yaşamağımızın, ədalətsizliyimizin əsas nüvəsini təşkil edir. İslam dini harada deyir ki, təhsil almayın, elmdən uzaq düşün, başqasının haqqına girin, mülkünü qəsb edin, bir-birinizi qətlə yetirin? Bizdə ki, ərəb ölkələrinin bəzilərində, Türkiyədə, İranda olduğu kimi İslam adını istifadə edərək siyasət yürüdülmür, o səbəbdən də natamamlıqların günahını İslama yönəltmək nə dərəcədə ədalətli olar?
İslam dinini məkan olaraq, coğrafiya, dövlət olaraq görməyə çalışanda onun heç yerdə tapa bilməyəcəksiniz. Bu dini prinsip olaraq görmək istədiyinizdə hansı evdə, kənddə, şəhərdə, ölkədə, sivil quruluşda, partiyada ədalətli davranış varsa, başqasının haqqına hörmət varsa, başqasının haqqına müdaxilə yoxdursa, orada İslamı rahatca görə biləcəksiniz. Məsələn, mən İslamın bir qismini Almaniyada gördüm, bir qismini Norveçdə gördüm, bir təzahürünü Malaziyada, Türkiyədə, İordaniyada gördüm. Doğrudur, bütöv şəkildə görmədim, ancaq adında İslam dövləti yazılan yerlərdə İslam adına zorakılıqdan başqa bir şey görmədim. Hələ də anlatmaq olmur ki, İslamın qayəsi gecə-gündüz ibadət deyil, ədalətdir. Ədalətli insan formalaşdırmaqdır. Bunun üçün də uydurulmuş, ənənələrin əsirinə çevrilmiş İslamdan Allah tərəfindən endirilmiş kitaba əsaslanan İslama dönüşü zəruri sayırıq