|
Qənirə Paşayeva
- Kimsən? -deyə soruşdular.
- Bu dünyada işi bitənəm! - dedim.
- Eləsə, nədən səfərə çıxmazsan? – dedilər...
- İşi bitməmiş olanlara yoldaşlıq etməm muraddır, – dedim...
Samiha Ayverdi (Hancı)
Konyaya getmişdim – Mövlanə yurdu, övliyaların, dərvişlərin könül oylağı Konyaya... Soyuq qış günlərindən biri idi… Öncə onları ziyarət etməli idim – heyranı olduğum Həzrəti Mövlana və Həzrəti Şəmsi…
Sürücüyə öncə Həzrəti Mövlananı ziyarət edəcəyimi dedim. Qulaqlarımda sanki onun pıçıltılarını eşidirdim... Sanki mənə “gəl” deyirdi, gəl... Deyirdi, gəl görüm hansı mərtəbədəsən... Mənimlə dərdləşməyi çox istəyirsən, bilirəm... Gəl, gəl görüm, hazırsanmı – deyirdi Mövlanə həzrətləri...
İç dünyama üşütmə doldu birdən-birə. Gerçəkdən mən hazırammı onunla danışmağa? - deyə...
Elə bu tərəddüd içində yenə onun pıçıltılarını eşitməyə başladım sanki... Qorxma, – deyirdi Mövlanə, – gəl, deyirdi Mövlanə. Deyirdi ki, bu qapı hər kəsə açıqdır. Yetər ki, səmimi ol, eşqlə, imanla, inamla gəl. Unutma, deyirdi, əsas eşq, iman, niyyətdir...
Elə bil söhbət edirdik: – Yolunumu axtarırsan... Haqqımı axtarırsan... Həqiqətimi axtarırsan?.. Yol yalnızca Eşq, İman və Niyyətdən keçər... Eşqlə, imanla, niyyətlə gəlirsən bilirəm, qorxma! – Pıçıltıların təsirindən sürücünün sözü ayırdı məni...
- Xanıməfəndi, bəlkə öncə otelə gedək, bir az dincəlib, sonra gələsiz?
- Ehtiyac yoxdur, birbaşa ora gedək, dedim...
Yolboyu o Böyük Yolu düşündüm...
...Və özümün o Yolun hansı mərtəbəsində olmağımı düşündüm, çək-çevir etdim, özüm-özümü hesaba çəkməyə başladım.
Həqiqətə gedən Yolun yeddi pilləsini düşündüm...
Həqiqətə çatmanın tək yolu bu yeddi pilləni keçməkdir. İnsan yeddi pilləni, mərtəbəni çıxmamış həqiqətə çata bilməz. İnsan həqiqətə yalnız və yalnız bu pillələri, mərtəbələri bir-bir çıxmaqla çata bilər...
Haqq yolundakı məqamların, mərtəbələrin haqqında danışmaq asandır, çətini onu yaşamaqdır...
***
...Belə nəql edirlər ki, Həzrəti Şəmslə Həzrəti Mövlananın yeni tanış olduqları günlərin birində Həzrəti Mövlana bir ayəni yorumlayırmış, anladırmış insanlara. Həzrəti Şəms ona yaxınlaşaraq “sən bu ayəni yaşamadın, onu anlada bilməzsən” - deyir... O, böyük Allah aşiqi də könül dostu ilə razılaşır.
Yəni, “insan yaşamadığı şeyi həqiqəti ilə anlada bilməz” anlamını verir bu...
Mən də bu mərtəbələrdən danışmağa cürət etməzdim...
Yaşamağa başladığım və özümə yolçuluğa çıxma gücünü Yaradan mənə bağışladığı üçün ona şükür edərək ən azı ona gedən yol haqqında danışmaq istəyirəm. Təbii, məni oxumaq istəyənlərə və ya özünə yolçuluğa çıxmaq istəyənlərə...
Bu yola çıxmağım asan olmadı...
Ağrılardan, acılardan, gözyaşlarından keçdim... Arındım, yuyuldum, duruldum və bundan sonra o Yol açıldı qarşımda...
Nəfs-i-Əmmarədən başlayan Böyük Yol(çuluq)...
Həqiqətə gedən ilk mərtəbə məhz belə adlanır...
Bu, daim başqalarını günahlandıran Nəfs mərhələsi də adlanır.
Ətrafınızda bu cür adamları gördükdə və ya özünüzün bu “özəlliy”ə malik olduğunuzu görürsünüzsə, bilin ki, hələ həqiqət yolunda ilk mərhələdəsiniz...
Onları ayırd etmək çox asandır...
Bu o adamlarıdır ki, o adamlar dünyəvi işlərdən başqa heç bir şey düşünməzlər. Onlar üçün yaşamın anlamı pul, vəzifə, şan-şöhrət (maddiyyat vəd edən) məqamdır. Daim sadəcə bu şeylərə tamah salarlar. Yaşamlarını sadəcə bu şeyləri qazanmağa yönləndirər, sərf edərlər. Onlara malik olmaq üçün bəzən ən qutsal dəyərləri belə tapdalayarlar...
Hər zaman “Mən” düşüncəsi ilə yaşayan adamlar bu “məqam”dadırlar.
Bu adamlara fikir versəniz görərsiniz, həmişə başqalarını günahlandırır, tənqid eləyir, dedi-qodu və iftiranı sevir, bunları qorxmadan, bəzən... hətta zövqlə (!) edirlər. Hər zaman başqalarını günahlandıran, onlarda qüsur, nöqsan axtaran, tapmasa belə özü uyduraraq danışan, başqalarını çək-çevir etdiyi halda özlərində qətiyyən qüsur tapmayan, davamlı olaraq başqalarını mühakimə edən, şübhə, təkəbbürlə yaşayan insanlar Nəfs-i-Əmmarə mərtəbəsindədir. Yəni, həqiqətə gedən yolun ilk mərhələsində...
İnsanlığın faciəsi ondan başlayır ki, bu gün belə insanların çoxu elə bu mərtəbədə qalır və irəliləyə bilmirlər...
Bütün insan oğulları Nəfs-i-Əmmarədən keçər... Fərq sadəcə kimin ondan qurtula bilib-bilməməsində və kimin nə qədər tez qurtula bilməsindədir... Əsas olan o çuxurdan, bataqlıqdan tez çıxa bilməkdir. Çünki nə qədər zaman itirirsənsə, o bataqlıq səni özünə bir o qədər möhkəm çəkir və bir də görürsən ki, artıq ölürsən...
- Bəs xilas olmaq necə? Mümkündürmü?
- Əlbəttə, mümkündür!
- Asandırmı?
- Xeyr! Asan deyil...
- Xilas olmaq üçün nələr etmək lazımdır? – deyə soruşsanız, cavab var, əlbəttə:
- Həqiqətə gedən yolun ikinci mərhələsi adlanan Nəfs-i Ləvvaməyə gedən yolu niyyət etmək, səmimi olmaq və özünlə mübarizə aparmaq gücünü tapmaqdadır cavab!...
Günahlandırılan və Qınanan Nəfs mərhələsinə keçə bilən insan xilas ola bilən insandır...
Nəfs-i Ləvvaməyə keçid, Nəfs-i-Əmmarədən xilas olmaq yorulmaz mücadilədən keçir... Hazırsınızmı? Hazırıqmı? Çox az zamanımız var... Çünki həyat bizim düşündüyümüzdən də qısa olur bir çox hallarda və çox surətlə gəlib keçir...
Məni Nəfs-i-Əmmarə barədə düşüncələrdən sürücünün “gəlib çatdıq” xəbərdarlığı ayırır...
Artıq onun imtahanına gəldim! Sürücüyə tək qalmaq istədiyimi dedim... Yanında oturdum.
“Gəldim” deyə pıçıldadım... “Sən çağırdın, mən də gəldim”... “Açarmısan mənə, son illər yaşadığım ağrı-acının sirrini” dedim...
- Səni O çağırdı bura, – dedi...
- Kim?
- O...
- Niyə?
- ...
- Niyə buraya?..
- Getmək istədiyin yolda daha çox susacaq, daha çox dinləyəcəksən. Öncə “Mən”dən qurtulacaqsan. Bura ibrət məktəbidir. Səni daha yaxşı anla deyə çağırdı. Hazırsanmı?
- Bilmirəm...
- Niyə ağlayırsan? Nədir səni belə ağrıdan? Nədir səni belə ağladan?
- ...
- ...EŞQ...
- ...
- Ağlama... Sevin... Həqiqətə gedən yolun işığıdır EŞQ...
-...
- Sevin... Nəfs-i Ləvvamənin qapısına çatmısan...
- Keçmək istəyirəm, amma qapını tapa bilmirəm... Yardım et mənə...
- Özünü axtar... Daxilinə yolçuluğa çıx... Özünü bulduğun an o qapıdan keçəcəksən...
- Nə zaman?..
- Hər şey sənin əlindədir... Bir ay, bir il, on il, otuz il... Bəlkə də heç bir zaman...
-...
...Üşüyürdüm, için-için uçunurdum, elə bil... Üzərimə sanki dağların soyuq qarı yeriyirdi...
Ondan ayrılıb Şəmsə gedirdim... Daxilimə yolçuluqda onun şəfəqlərinə ehtiyacım var idi, həm də çox!..
Məni fikirdən yenə sürücünün səsi ayırdı...
- Xanıməfəndi, çox yorğun görünürsünüz, həm də üşüyürsüz, qaliba, bəlkə öncə otelə gedəsiniz. Bu soyuqda belə yorğun və üşüyərək bu türbələrdə nə arayırsız?
- YOL, – dedim ona, bircə kəlmə...
O da:
- Pəki, hangi yolu? – dedi.
- Ona gedən Yolu, Ona! – dedim...
- İlk dəfədir Ona gedən yol arayan müştəriyə rast gəlirəm... Mən böylə şeyləri bilməm, amma nə arayırsızsa, Allah yardımçınız olsun. Çatdıq. Bu da aradığınız Şəms Təbrizi. Mən sizi bəkləyəcəm. Nə deyim?! Yolunuz açıq olsun...
Sürücünün üzündə və səsində elə qəribə hüzur vardı ki... Sanki mənə Nəfs-i Ləvvaməyə gedən yolda xeyir-dua verilirdi...