|
Ruslan İzzətli
Dünya bazarında neftin ucuzlaşması avtoritar rejimlər üçün “əcəl zəngi”ni çalınmasına işarədir.
Xüsusilə də, Rusiya iqtisadiyyatının çöküşünün başlaması MDB məkanında olan avtoritar hakimiyyətləri narahat etməyə bilməz.
Çünki neftin ucuzlaşması və rublun aşağı düşməsi nəticəsində Kremlin başı öz problemlərinin həllinə qarışır, bu halda təəbəliyində olan iqtidarların havadarlığını etməyə taqəti belə qalmayacaq. Bu şərait sərt idarəetmə yolunu seçən hökumətlərə nəyi diktə edir?
Təbii olaraq, iki üstə ikinin nəticəsidir; post-sovet ölkələrində tiranlıq edənlər öz “əcəl zəngi”nin tezliklə çalınmasını qabaqlamaq üçün demokratik islahatlara başlamalıdır. Bu, alternativsiz seçimdir.
Əks halda “Bastiliya” qalası üzərində qara buludlar dolaşmağa başlayacaq ki, canını və rublunu qorumağa çalışan Moskva da haya yetməyəcək. Azərbaycan hökuməti də bu seçimdən istisna edilməyib. Çünki rəsmi Bakı “balanslaşdırılmş xarici siyasət” kart-blanşından istifadə limitini itirir. Qərb-Rusiya toqquşmasının fonunda Azərbaycan tərəfi dilemma qarşısında qalacaq.
Beynəlxalq dayaqlarını və nüfuzunu itirən mövcud iqtidar “gözü çıxmış qardaşından” ibrət dərsi götürməlidir. Uzaq keçmişə nəzər salanda qardaş Türkiyənin yaşadıqlarını müqayisə etməmək olmur.
Türkiyə II dünya müharibəsindən sonra seçim qarşısında qalmışdı. İstər beynəlxalq siyasətdəki inkişaflar, istərsə də ölkə içindəki yeni siyasi qüvvələr rejimin ümumi xüsusiyyətində əhəmiyyətli dəyişiklikləri gündəmə gətirdi. Döyüşün qaliblərinə olan Sovetlər Birliyinin lideri Stalinin Türkiyədən Qars, Ərdahan, Artvin və Sarıqamışı istəməsi, Türkiyəni döyüşün digər qalibləri ABŞ və Birləşmiş Krallıq ilə daha yaxın əlaqələrə məcbur etdi. Hərbi və iqtisadi dəstək verməyə hazır olduğunu ifadə edən ABŞ, Truman Doktrinası ilə nəzərdə tutduğu yardımın qarşılığında Türkiyədə sərbəst seçkilərə söykənən demokratiya nizamının yerləşdirilməsini və "Milli Şef" lik, "5 illik inkişaf planları", Kənd İnstitutları kimi Sovetlər Birliyi bənzəri tətbiqlərin qaldırılmasını tələb etdi. Bununla da Türkiyədə demokratik və siyasi islahatların əsası qoyuldu. Türkiyədə ilk dəfə çoxpartiyalı sistem quruldu. Azərbaycan hakimiyyəti Türkiyənin 1940-cı illərdə atdığı bu addımlara diqqət etməlidir. Əksinə, daha aqressiv və daxili adutoriyanı qorxu siyasətilə susdurmaq ölkədə ciddi qarşıdurma yarada bilər.
Ruslan İzzətli
D18 Hərəkatının sədri