|
Aqil Camal
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
(Məhəmməd Hadi)
Bu günlərdə Facebook sosial şəbəkəsində bir fransız jurnalistin paylaşdığı şəkilləri gördüm. 1994-cü ilin fevral ayında Kəlbəcərin işğaldan azad edilməsi üçün Azərbaycan ordusu tərəfindən başladılmış və uğursuzluqla nəticələnmiş "Murovdağ əməliyyatı"nın dəhşətli mənzərələrini əks etdirir fotolar...
Sarıkamış – Yanvar 1915
Unutqanlıq ən güclü hisslərimizdən olduğundan, o müdhiş əməliyyat haqda qısa bilgi vermək istəyirəm. 1994-cü ilin fevralında qış mövsümünü , bölgənin iqlim şərtlərini nəzərə almadan, o vaxt Azərbaycan ordusuna rəhbərlik edənlərin (həmçinin həmin dövrdə baş prokuror vəzifəsini tutan Əli Ömərovun da) qərarı ilə əsgərlərimiz qarlı-boranlı Murovdağ aşırımı istiqamətində düşmən mövqelərinə doğru hücuma keçdi. Düşmənin daha yüksək mövqelərdə qərar tutması, eyni zamanda, ağır hava şərtləri səbəbindən ordumuzun hücumu uğursuzluqla nəticələndi. Bu əməliyyatda onlarla Azərbaycan əsgəri çovğunlu gədiklərdə donaraq şəhid oldular...
İndi, fransız jurnalistin paylaşdığı şəkillər də həmin qarın içində donaraq qalmış əsgərlərimizin faciəvi sonluqlarının rəsmləridir. Erməni-rus əsgərləri onların donmuş cəsədlərinin yanından sevinc və ironiya ilə keçirlər.
Bu şəkillərə baxarkən bir anlığa gözümün önünə Sarıqamış faciəsi gəldi. 90 mindən çox türk əsgərinin Sarıkamış və Allahuəkbər dağlarında donaraq şəhid olması faciəsi...
İndi olduğu kimi o zaman da düşmənlər eyni idi.
Birinci Dünya Müharibəsində Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi və Güney-Doğu Anadolunun işğalına başladı. Hərbi nazir Ənvər Paşanın hazırladığı plan üzrə 125 minlik ordu iki istiqamətdən - Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. Canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər.
1915-ci il yanvarın 18-i. Yaşam dövründə zəfərləri qədər faciələri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı. Sarıkamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrildi... Soyuqdan bir-birinə sarılanlar elə bu vəziyyətdəcə ölmüşdülər. Türk qanına susamış işğalçı ruslar bu savaşda bir güllə işlətmədən belə istəklərinə nail olmuşdular...
Tarixin Sarıkamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. Eynən Qarabağ savaşında olduğu kimi Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər.
Bütün çətinliklərə baxmayaraq şanlı Türk ordusu 1920-ci ildə Sarıkamış torpaqlarını düşmən işğalından əbədi azad etdi. Gələn il o müdhiş hadisənin yüz illiyidir. Hər il Türkiyənin, həmçinin dünyanın bir çox yerlərindən insanlar Sarıqamışa - Allahuəkbər dağlarına üz tutur, canlarını torpaq uğrunda fəda etmiş saysız şəhidlərin ruhunu yad edirlər.
Murovdağ - Fevral 1994
Biz də o inamla yaşayırıq ki, çox da uzaq olmayan bir zamanda Azərbaycan ordusu o qarlı aşırımları erməni-rus işğalından azad edəcək. O zaman, Murovdağ əməliyyatında nakam həyatdan gedən oğulların donmuş ruhları da əbədi rahatlığa qovuşacaq.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin!