Həmid Herisçi

MEYİTLƏRİN PARADI  

1988-ci ilin soyuq dekabrı. Tiflis Dəmiryol Vağzalı.

Soyuq havada elə hey qar dənəcikləri uçuşur... Uçuşur... Axır gəlib qonur vağzal önündə farağat nizamıyla düzlənmiş zabit heyətinin qızıl paqonları üzərinə. Zabitlər sağ barmaqlarının ucunu gicgahlarına sıxaraq uzaqdan gələn əsgər taborunu salamlayırlar. Heyətdən bir addım öndə dayanmış mayor Taxmazov, əlində siyahı, yüz beş nəfər əsgərin adını bir-bir çəkib hazırqayıb edir. Növbə gəlib çatır siyahıdakı sonuncu ada:

– Siyasi müşavir Fəttayev Mirmahmud!

Əsgər takımından ortaboy, zirək bir zabit ayrılıb nizami addımlarla irəli atılır. Mayor Taxmazovun bir addımlığına çatıb dayanır. Uzunboğaz çəkmələrinin dabanlarını toqquşdurub sıxır bir-birinə: – Mən! İcazə verin, məruzə edim – Ermənistanda baş vermiş zəlzələnin ağır nəticələrini aradan qaldırarkən takımımız böyük şücaət, nizam-intizam nümayiş etdirib. Yüzlərlə insanı xarabalıqlar altından çıxarıb, qəza məntəqələrini dağıntılardan təmizləyib. Dinc əhali qarşısındakı öz beynəlmiləl borcunu şərəflə yerinə yetirib. İtkilər yoxdur.

– Bəs niyə siz özbaşına yol marşrutundan ayrılıb, bir başqa istiqamətdən Tiflisə daxil olubsunuz? Ordu rəhbərliyinə barənizdə yanlış məlumat daxil olub. Guya siz, yüz beş nəfər sıravi ilə birlikdə qatardan məcburi şəkildə düşürdülüb, erməni millətçiləri tərəfindən ucdantutma güllələnibsiniz. Bu da tabutlarınız...Yaxına gəlin... Tabut üzərindəki adınızı oxuyun...

Mayor Taxmazov başda olmaqla bütün zabit heyəti vağzal önündən geri çəkilir bu vaxt. Gözlərimiz önündə acı mənzərə canlanır – üst-üstə qalanmış qara tabutlar... Zabitlər fürsəti əldən qaçırmayaraq eyni anda müxtəlif səmtlərdən həmin qara tabuta yaxınlaşıb, üzərindəki yazını diqqətlə oxuyurlar

– “Azərbaycan SSR. Sumqayıt.  Üzvü Sintez istehsalat birliyinin ailə yataqxanası. Otaq 5. Fəttayev Mirmahmud Mirəli oğlu”.  

***
Sonradan Azərbaycan siyasi elitası sıralarında özünə möhkəm yer qazanacaq Mirmahmud Fəttayev, təklifi eşitcək karıxıb özünü itirmir. Nizami addımlarını pozmadan öz tabutuna yaxınlaşır. Az sonra digərləri də qoşulur öz qorxmaz komandirlərinə. Tabutlar üzərində öz adlarını, ev ünvanlarını axtarırlar.

– Öz məhşər günümü tam canlı tərzdə yaşayırdım sanki...Tabutum qarşımdaydı...Üstünə adım, ünvanım həkk edilmişdi...Həyatda ilk dəfə özümə, öz adi kasıb həyatıma sanki kənardan baxmağı bacardım o zaman. Yardımlının doğma Televar kəndindəki əyri qapımızın cırıltısını eşitdim qulağımda. Məstan pişiyimizin qonşu həyətinə tullandığını hiss etdim... Atamın nurlu sifəti gəldi gözlərim önünə... Anamın kəlağayısı elə bil,  çiyinlərimin üstündən aşağı sürüşdü...


Mirmahmud ağa bir-iki dəfə dərindən udqunur bu vaxt. Ciyərlərinin adi tənəffüs ritmini bərpa etməyə çalışır. Ağayla, Axundov adına kitabxananın sakit bir guşəsində görüşmüşük. Bayaqdan bəri o, mənə 1988-ci il dekabr xatirələrini danışır. Parket döşəmənin ənənəvi cırıltısı da sanki yoxa çıxıb. Hamı elə bil, nəfəsini içəri çəkərək Mirmahmud ağanın köhnə xatirələrini dinləyir.

– O vaxtlar bizim Nasosnı aeroportunun uçuş zolağında 11 ədəd nəhəng “İL-76” təyyarəsi dayanmışdı. Ermənistandakı zəlzələ qurbanlarına yardım aparacaq bu təyyarələrin bir başıbəlalı sərnişini də elə məndim. Ancaq ilk təyyarəmiz Yerevanda yerə enərkən qəzaya uğramışdı deyə, bizi ora göndərməyə tələsmirdilər. Təyyarələrin hər birinin içində “RAF” markalı təcili yardım maşını vardı. Bir də, quru ərzaqla dolu heyvərə KAMAZ-lar...Tərslikdən alay komandirimiz erməniydi .

– mayor Balasyan. Divarda uzun ox işarəsini, böyründəki “Bufet” kəlməsini gözüm seçincə Mirmahmud ağaya pilləkənlərlə aşağı, bufetə düşməyi təklif edirəm. – Yeməklərdən, içəcəklərdən nəyi sevirsiniz deyin...

–  “Sevgi” sözünü yeməyə aid etməyi günah bilərəm.

– Mirmahmud ağanın hazırcavablığına bir daha əmin olub, təklifimi anında geri götürürəm. Ağa məndən fərqli olaraq bayaqkı mövzudan yayınmır:

-  Təyyarəmiz havaya qalxanadək Nasosnı aeroportunda min bir sərgüzəşt yaşadıq. Əbülfəz Qasımov – Respublika baş hərbi komissarı özü gəlmişdi bizləri Yerevana yola salmağa. İlk imkan tapınca papağını vurub başından yerə saldım. Dəstəmizdəkilər – yüz beş nəfərin hamısı, papağı futbol topu bilib düşdülər ortalığa. Mülki geyimlərimizi soyunmaq da istəmirdik. Axırda bizi silah gücünə təyyarəyə basıb göndərdilər Ermənistana.

– Neçə gün çəkdi ordakı çiləniz? –Ağanın qolundan yapışıb onu pilləkənlərlə aşağı – zirzəmidəki bufetə doğru düşürtməyə başladım. Bu dəfə etiraz etmədi o. Bəlkə, buna heç fikir də vermədi. Öz xatirələr aləmindəydi.

– İyirmi yeddi gün...Yerli sakinlər öldürmək istəyirdilər bizi, az qala. Divar altından ermənini çıxarırdıq, o isə bizi görüb başlayırdı söyüş söyməyə...Bir gün eşitdim ki, bəs bizi girov götürmək məqsədi var ermənilərin...Özümü itirmədim.

– Neylədiniz cavabında? – deyincə, zirzəmidəki bufetə daxil olduq. Başı xatirələrindən ayrılmayan Mirmahmuddan fərqli olaraq mən reallıq hissini unutmurdum. Harda oturacağımıza, nə sifariş edəcəyimizə bəribaşdan fikir verirdim.

– Neynədim? Heç nə...Dedim ki, Balasyan da bizim girovumuzdu, hünərləri var yaxınlığıma gəlsinlər... – Mirmahmud ağa, masa arxasına yerini rahatlayınca daha da qızışdı – qatara minəndə vaqonumuzun işıqlarını söndürdülər bu əclaflar... Hiss etdim ki, vaqonumuzu bax bu cür işarələyib ermənilər...Bakıya Tiflisdən qayıtmalıydıq. Yarı yoldakı stansiyaların birində əsgərləri yerə endirdim. Sıraya düzüldük. Sifətimizi saqqal basmışdı... Paltarlarımız əynimizdən tökülürdü...Bu cür gəlib yetişdik Tiflis vağzalına...Orda boş vaqonumuzu görüb elə biliblər, Bakıdan Yerevana kömək məqsədi ilə gedən bizim dəstə də məhv edilib. Tabutlarımızı hazırlayıblar... Siyahılar tutulub... Bir də görüblər ki, buyur, bax bu da biz. Nizamlı addımlarla Tiflisə yaxınlaşırıq...

– Meyitlərin paradına oxşayırdı deyərdim bu mənzərə, elə deyilmi, hə?

Mirmahmud ağa ancaq indi-indi kitabxanadan bufetə düşdüyümüzə fikir verir... Ancaq xatirələr aləmindən qopub reallığa qayıdır. Təəccüblənib yavaşca pıçıldayır:

– Hə... Meyitlərin əsl paradıydı bu... Başda da özüm gəlirdim... Biz sınaqlı Yardımlı seyidlərindənik, yadda saxlayın. Nəzir alanlardan yox, nəzir verənlərdənik. Məhşər günü mənzərələrinə həmişə hazırıq.  

SEYİDLƏR

– Qapımızdakı armudun dadını, inan, indiyədək bilmirəm. Ehsanlıqdı. Ehtiyacı olanlar, yoldan keçənlər gəlib apararlar nemətlərini...Ordaca daş altına nəzir qoyarlar. Bu nəziri də özgələri apar həmişə. Biz nə o armuda toxunduq bir kərə, nə də o nəzirlərə.

– Demək, gördüyünüz ilk möcüzə elə qapınızdakı armud ağacınızdı. – boşqablara şirin qoğal dilimləri düzüb, fincanlara çay süzdüm. 

Çayın buxarı hər ikimizin üzünə vurub gözlərimizi yaşartdı.

– Yox, yanılırsan... İlk gördüyüm möcüzə elə öz dədəm Kərbəlayi Mirəziz babamdı. Müşkülləri həll edərdi, axan qanları kəsərdi... Əlimə ziyil çıxmışdı bir dəfə...Baxdı ziyilimə...Tüpürdü üstünə...Dedi, bəs ziyil yox olacaq tədricən  öz-özünə. Ancaq gərək şəkk etməyəm buna.

– Yox oldumu? – sualımı day çox yubatmadım.

– Yoxxx. Əksinə, yanında biri də çıxdı. Babam baxdı ziyillərimə, dedi şəkkim çoxdu. Bir də tüpürdü barmaqlarıma. Bu dəfə şəkkim yoxdu babama. Axır istədiyimə çatdım.

Çayın buxarı seyrəldi. Qarşımdakı fərqli səhnələri artıq maneəsiz görürdüm. Bufetdəkilərin bütün marağı ətrafdakı gözəl nazənin qız xeylaqlarındaydı. Bizlərə baxan yox idi. Söhbətimizə elə bil, fasilə vermişdik.

Qulaqlarımda ağanın səsi, özümdən biixtiyar başladım seyidlər barədə düşünməyə.

  ***

Bufetdəki fərqli mənzərələr, ölkəmizdəki ictimai-siyasi durumun bir başqa təzahürüydü. Müxalifətçilər kasıbdılar –  çay üstən çay sifariş verib sakitləşmək bilmirdilər. Saatlarla eyni masa arxasında oturub, eyni söhbətləri çürüdürdülər. Bir də baxırdın ki, bəs qənddanlarda qənd qalmayıb, bəs müxalifətçilərin barmaqları ağappaq qənd tozuna bulaşıb. İqtidaryönlülər, qəfildən bufet vitrinləri önündə peyda olur, qiymətini soruşmadan bahalı şirniləri alıb, cəld burdan əkilib gedirdilər.

Oxşar mənzərələr bir neçə dəfə təkrarlanıb axırda məni lap darıxdırdı. Söhbətimizin bədii hissəsini bitirib keçdim əsas mətləbə:

– Bütün azərbaycanlılarda olduğu kimi, mənim də taleyimi vaxtiylə seyidlər dəyişib. Atam Təbrizdəykən Seyidcəfər Pişəvərinin təkidi ilə inqilaba qoşulub, gəlib çıxıb Arazın bu tayına. Nəticədə mən burda dünyaya gəlmişəm. İndi görün, bizim seyidlər ayrı-ayrılıqda necə hər birimizin taleyini dəyişirlər. Taleyüklü məqamlarda son sözü, ilk sözü bizdə seyidlər deyib həmişə.
Metlax döşəmə üzərində sürüşən dəmir stulun səsi anında qulağımı batırdı.s Mirmahmud ağanın əlində bircə qara təsbehi əskikdi. Masa üzərində əllərini xüsusi bir tərzdə cütləyib, eynək arxasındakı gözlərini qıydı:

– Bəli, taleləri burda həmişə biz dəyişmişik. Bütöv Azərbaycanın təməl daşını da vaxtiylə iki seyid –Pişəvəriylə Bağırov qoyub. Müşahidə qabiliyyətinizə bəraət qazandırıram – seyidlər, bayaq dediyiniz kimi, sizin mürəkkəb taleyinizi də vaxtiylə istiqamətləndiriblər.

Nərd taxtasına təcili tələbat yarandı sanki bu vaxt. İstədim zərləri ovcumda cütləyib nərd üzərinə tullayam. Görüm, taleyimin tərs oyunu indi mənə növbəti hansı vədələri verir?

Barəmdəki köhnə hökmünü dəyişmək istəmirmi heç?

Mirmahmud ağanın cavabından asılı idi sanki innən sonrakı taleyim. O isə susur, məni diqqətlə gözdən keçirir, lal suallarıma cavab verməyə əsla tələsmirdi.

Azərbaycanda həmişə iki şah olub. Sınaqlı nəcib seyidlər xəstə cəmiyyətin azarlarını bir tərəfdə müalicə ediblər, padşahlar, birinci katiblər, icra başçıları bir başqa tərəfdə. Mircəfərlə Mirmövsüm ağa ölkəni Stalin vaxtı, bəlkə də, qoşa idarə ediblər. Ənənənin işartıları indi də qalır. Hər halda Mirmahmud ağanın həyatımızdakı siyasi təyinatını, yerini mən indi ancaq bununla izah edərdim.

– Babam kəramət sahibiydi. Dükandakı sovet çörəyini dilinə vurmadı bir kərə də. Zirzəmizdə toxumluq anbarı vardı. Toxumları orda saxlayıb cücərdər, yazda torpağa səpərdi. Özü biçərdi taxılını, özü üyüdərdi. Özü də çörək bişirərdi qismətindəki bu halal payından. Xəstələri, yaxın məsafədə özündən aralı saxlardı bir an. Əlində tutduğu kasa-piyalədən su sıçradardı xəstələrin sifətinə. Ocağı şəfalıydı babamın. Şəfanı bilirsiz də Allah verir... Bizim Kərbəlayi Mirəziz ağa, sadəcə, sıravi vasitəçiydi arada...

Ateist Axundovun adını daşıdığı  kitabxanada Mirmahmudun dilindən bu cür sözlərin səslənməyi, əks-səda verməyi, düzü, xeyli təəccüblüydü mənimçün. Kitabxana eyvanlarını bəzəyən daş heykəlləri xatırlayanda sifətimə təbəssüm qondu.

– Azərbaycan xalqı tarix boyu öz sıralarında bir məxfi təcrübə aparıb – yeni insan tumu, fövqəlinsan modeli yetişdirib öz tərkibində. Bu fövqəlinsan, sözsüz, içimizdəki “seyid” məktəbidir. Gör neçə illərdir ki, bu tum xalqımız tərəfindən yetişdirilir. Vaxtiylə Hitler Almaniyası oxşar tərzdə fövqəlinsan yetişdirmək istəyirmiş. Buna elmdə “yevgenika” deyərlər. İndi də bu sahədə yeni təcrübələr aparılır. Ancaq həmin təcrübələr tam məxfidir indiki zamanda.

Mirmahmud ağanın söhbətə müdaxiləsi özünü çox gözlətmədi. O, iti burnu üzərindən aşağı sürüşmüş eynəyini əvvəlki yerinə qaytardıqdan sonra nəhayət ki, dilləndi:

– Babam öz anbarında bax bu tumu da yetişdirirmiş yəqin ki...

Eynəyin əvvəlki, həmişəki yerinə qayıtmağıyla elə bil ki, digər mövzular da öz həqiqi, layiqli yerini tutdu. Müşküllər həll edildi, axan qanlar kəsildi elə bil. Oxucular bufeti tərk edib qayıtdılar yuxarı mərtəbələrdəki yazı masaları arxasına. Müştərilər çayın pulunu ödəyib bufetdə bizləri tək-tənha buraxdılar. Söhbətimizin nöqtəsini qoymuşdum sanki.

Bu, Mirmahmud ağanın da ürəyincəydi:

– Əsgərliyə getdiyim vaxt bir də gördüm babam rayon hərbi komissarlığının tozlu həyətindədir. Dedim, bəs niyə bura gəlibsən? Çətindi axı yollar...Bilirsənmi qayıdıb nə dedi cavabında?

– Nə dedi, maraqlıdı mənimçün.

– Mirmahmudun bərabərində ayaq üstə dayanıb, seyiddən səbirsizliklə cavab gözləyirdim. Söhbətimizin bu yerini elə bil, bufetçi də eşitdi. Silməkdə olduğu boşqabları kənara qoyub diqqətini bizlərə yönəltdi. Hər ikimiz, özümüzə təzə tamaşaçı qazandığımızı görüb daha da ürəkləndik. Mirmahmud Fəttayev, sabiq, yaxud həmişəlik xalq deputatı üzündəki xoş təbəssümü bufetçidən gizlətmədi:

– Dedi ki, mən gəlməsəm indi bura, sonra sən evə qayıtmazsan... Düzü, bu cümlənin xatirəsi daim  beynimi silkələrdi əsgərlik günlərimdə... Bizi Bakıda bərəyə otuzdurub Krasnovodskiyə göndərdilər. 8 saatdan sonra bərəmiz ora çatanda 400 əsgərdən 399-u salamatdı... Qorxu vardı, bu cür itkilər hər 8 saatdan bir təkrarlansın. Türküstan hərbi dairəsində, inşaat batalyonunda əsgərliyimi çəkdim. Dava-şavalardan birtəhər sağ-salamat qurtarmağımı babamın xeyir-duası ilə izah edərdim indi.

– Tiflis vağzalındakı meyitlərin paradı bəs necə? O xeyir-duanın son nəticəsiydimi, hə? – gözlərimi ağadan ayırıb bufetçini nişan aldım. Gördüm, yooooxxxx...bufetçinin diqqəti hələ də bizdədir...

  ***

Mirmahmud Fəttayev stulunu ayağıyla geri itələyib yerindən qalxdı. Əvvəlcə yeganə tamaşaçısına – bufetçiyə gözləriylə öz salamını, təşəkkürünü göndərdi, sonra mənə. Qalırdı bircə səhnə pərdələrinin aşağı enib, hər ikimizi gizlətməyi.

Bu da artıq zamanın işiydi. Bizim yox...

kult.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti