|
Aprel döyüşləri zamanı erməni hərbçilərini maliyyələşdirən Rusiyanın VTB Qrupuna daxil olan Bank VTB (Azərbaycan) vəkil Aqil Layıca qarşı iddia qaldırmışdı. Bank iddia edirdi ki, guya Aqil bəy Facebookda yalan məlumat verməklə VTB-in işgüzar nüfuzuna xələl vurub.
Məsələnin qısa mahiyyəti belədir. VTB korrupsiya ittihamı ilə işçisini çıxarmışdı. Aqil bəy həmin işçini müdafiə edərək birinci instansiya məhkəməsində işə bərpası haqda qətnamənin qəbuluna nail olmuşdu. Bu barədə Facebookda məlumatı mən paylaşmışdım. Həmin paylaşmaya aşağıdakı şərh olmuşdur: “Bank məhz qeyri-qanuni yollarla məhkəməni ələ almağa çalışırdı. Bizdə olan məlumata görə apellyasiya insansiyası məhkəməsi üçün resurs hazırlayıblar. Onlar dərk etmirlər ki, hər şey pulun başında deyil. Bəzən insaflı, ədalətli insanları pulla almaq olmur”. VTB bu məlumatı yalan və nüfuzuna xələl hesab edərək vəkili məhkəməyə vermişdi.
Lakin Balakən rayon məhkəməsinin 12 iyul tarixli Qətnaməsi (tanış ola bilərsiz) ilə iddia rədd edilmişdir. Maraqlıdır ki, VTB məhkəmədə iştirak etməyib.
Ümumən Azərbaycandakı Rusiya banklarının (VTB və Nikoyl) qanunsuz əməllərinə artıq alışmışıq. Əhaliyə qarşı amansız davranmaları bir tərəfə, daxili korrupsiya problemlərini belə günahsız işçiləri hesabına həll etməyə çalışırlar. Həmin şəxsləri müdafiə edən vəkillərə qarşı isə qarayaxma siyasəti həyata keçirirlər. Lakin Azərbaycan Rusiyanın əyaləti deyil, öz məhkəmələrimiz var və onlar belə hallarda haqqın tərəfini tutur!
P.S. Əslində, belə addımlarla VTB rəhbərliyi səhmdarları qarşısında yarıtmaz fəaliyyətinə haqq qazandırmaq istəyir. Belə ki, ötən ilin nəticələrinə görə bu Bankın kapitalı 12,77 mln. manata düşüb halbuki qanunvericiliyə görə azı 50 mln. manat olmalıdır (ötən 7,5 ay ərzində vəziyyət yəqin daha da pisləşib, çünki bank hesabatları gizlədir). Yəni bank rəhbərliyi pulu göyə sovurub. Özü də bu pul faktiki Rusiyanın deyil, Azərbaycanındır. Belə ki, Neft Fondumuz Rusiya VTB-nə 500 mln. dollar sərmayə qoyub. Üstəlik yerli VTB-in kapitalının təxmini yarısı Ataholdinqə məxsusdur. Məhz həmin pullar vasitəsilə VTB apreldə Qarabağda məhv edilmiş erməni əsgərlərinə də maddi yardım etdi.
Əkrəm Həsənov, hüquqşunas