|
Yayın əvvəllərindən başqa, daha mühüm hadisələrin unutdurduğu neft kəskin ucuzlaşması ilə yenidən xəbər başlıqlarına çıxıb.
Reuters agentliyinin ən son məlumatına görə Brent markasından olan neftin bir barreli 3, 19 faiz ucuzlaşaraq 42 dollara enib.
Texas neftinin bir barreli hazırda 40 dollardır.
CNBC,aparıcı neft ekspertlərindən John Kilduffa istinadən bildirir ki, qiymətin növbəti dayanacağı bir barrel üçün 35 dollar ola bilər.
CNBC bunu da vurğulayır ki, bir barrel üçün 40 dollar həddi əksər neft hasilatçıları üçün psixoloji məna daşıyır.
Əslində neft qiymətinin kəskin düşməsinə səbəb elə əsas hasilatçılar olub.
Reutersin ötən cümə açıqladığı icmalda deyilir ki, OPEC-in istehsalı böyük bir ehtimalla yaxın tarixdə rekord həddinə çatıb.
Hamı hasilatı artırır
Eyni zamanda artıq beşinci həftədir ki, ABŞ-da hasilata qoşulan buruqların sayı artan xətlə yüksəlir.
Digər tərəfdən Səudiyyənin dövlət neft şirkəti Aramco yüngül ərəb nefti markası üçün rəsmi qiyməti aşağı salıb.
Nigeriyada sabitsizliyə baxmayaraq hasilat artıb. Rusiya üçüncü aydır ki, hasilatı artırmaqda davam edir.
OPEC üzvləri bazarlar uğrunda yeni çarpışmanın başlanmasından narahatlıq keçirilər. Başqa sözlərlə söhbər bazarlardakı izafi neftin artmasından gedir.
Aparıcı neft bilicisi John Kilduff deyir ki, benzinə tələbatın artmasının neft bazarındakı qiymətləri möhkəmləndirəcəyi gözlənilirdi, lakin gözlənti özünü doğrultmayıb.
“Düşünürəm ki, biz neft qiymətlərinin ən azı 35 dollara düşməsinə doğru gedirik” – deyib ekspert.
20 dollar söhbəti
CNBC neft satışçılarına istinadən bildirir ki, neft qiymətlərinin bir barrel üçün 40 dollardan aşağı düşməsi bu enişin 36 dollara çatacağını söyləməyə imkan verir.
Kilduffun fikrincə bu baş verərsə, qarşıdan gələn qış aylarında neftin qiyməti ötən ilki aşağı həddə - bir barrel üçün 26, 05 dollara çata bilər.
TD Securities firmasının eksperti Mike Dragosits deyib ki, bir barrel üçün 35 dollar bazar sabitliyinin kritik həddidir.
Bununla belə, o neft qiymətlərinin 20 dollara düşəcəyini gözləmir.
Neft qiymətləri iyunun əvvəllərində bir barrel üçün 51 dollara çatmışdı.
O vaxtdan bəri qiymətlər 22 faiz düşüb.