|
Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi, KXCP Sədrinin müavini, Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses keçirilib.
Teleqraf.az-ın xəbərinə görə məhkəmə prosesində KXCP Sədri Mirmahmud Mirəlioğlu, Bəybala Əbil, Xəzər Teyyublu və təşkilatın rəhbər orqanlarında təmsil olunan nümayəndələr iştirak edərək Oktay Gülalıyevə dəstək olublar.
Əli Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur, polis nəzarətindədir. O, ötən il sentyabrın 23-də Bakıda, yaşadığı NZS qəsəbəsində döyülüb və xəsarət alıb, xəstəxanada əməliyyat olunub. Cinayət işinin materiallarına əsasən, həmin ərəfədə Əli Gülalıyev oxuduğu 165 saylı orta məktəbdə Bayram Sultanov adlı şəxslə dalaşıb.
“Media forum” saytına açıqlamasında Oqtay Gülalıyev bildirib ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçən prosesdə şikayətçi tərəf də iştirak edib: “Məhkəmədə Əlinin əməlində cinayət tərkibi olmadığına və təqsirsizliyi sübuta yetirilmədiyinə görə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və hadisəni özündə əks etdirən videodiskə baxış keçirilməsi üçün iki vəsatət qaldırdım. Hakim birinci vəsatəti qəbul etmədi, bildirdi ki, məhkəmə istintaqı yeni başlayıb, vəsatətə növbəti mərhələlərdə baxıla bilər. Amma digər vəsatəti qəbul etdi. Şahid qismində məhkəməyə dəvət edilən şəxsin sənədləri qaydasında olmadığı üçün hakim onun prosesdə iştirakına icazə vermədi”.
Növbəti proses oktyabrın 3-də olacaq.