|
Türkiyənin baş naziri İlham Əliyevlə birgə mətbuat konfransı keçirib
"Bizim üçün Türkiyəyə xidmət Azərbaycana xidmət, Azərbaycana xidmət Türkiyəyə xidmətdir".
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. O bildirib ki, Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışırıq.
"Azərbaycan bizim üçün bir eşqdir, bir sevda, bir məhəbbətdir" deyən baş nazir iki ölkə arasında gözəl bir ənənə olduğunu ifadə edib: "Son 10-12 il ərzində qarşılıqlı çox əhəmiyyətli layihələr inkişaf etdirdik. Türkiyənin müvəffəqiyyəti Azərbaycanın müvəffəqiyyəti, Azərbaycanın müvəffəqiyyəti isə Türkiyənin müvəffəqiyyətidir. Ətraf bölgələrə baxıdıqda, dünyaya baxdıqda iki dənə müvəffəqiyyət hekayəsi izah istənilsə, Yaxın Şərqdə, Qafqazda, bütün Avrasiyada Türkiyə və Azərbaycan iki müvəffəqiyyət hekayəsidir. Bu, iki qardaşın çiyin-çiyinə davam edən müvəffəqiyyət hekayəsidir".
Qarabağ probleminə də toxunan Davudoğlu Azərbaycan torpaqlarının hər bir qarışı işğaldan azad olunana qədər Türkiyənin Azərbaycanın yanında olacağını bildirib. "Beynəlxalq hüquq bunu belə söyləyir. Beynəlxalq hüququn gərəyi edilənə qədər də Türkiyə ilə Azərbaycan çiyin-çiyinə bölgəni sülh bölgəsi etmək üçün əlindən gələni edəcək. Azərbaycana yönələcək hər cür mənfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə də eyni reaksiyanı görür. Təəssüf ki, bəzi ölkələr hələ bu əməkdaşlıq mühitini anlamırlar".
Davudoğlu Ermənistan bu qeyri-konstruktiv mövqeyini davam etdirdiyi müddətcə bölgədəki layihələrdən kənarda qalacağını söyləyib. Baş nazir həmçinin, Azərbaycan Ermənistan sərhəd bölgəsində baş verən qarşıdurmalarda şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib.
Davudoğlu qarşılıqlı sərmayələri üst səviyyəyə çıxarmaqda qərarlı olduqlarını ifadə edib. O bildirib ki, bundan sonra da yaxın bir əməkdaşlıqla bir-birimizi dəstəkləməyə davam edəcəyik.
musavat.com