|
Sərdar Cəlaloğlu “Əli Kərimlidən soruşsunlar ki, sən kimin harasından yapışıb parlamentə düşdün”
2015-ci il parlament seçkilərinə təxminən bir il qalır. Azərbaycanın müxalifət partiyalarının seçkiyə hazırlıq istiqamətində hansısa addımlar atması isə müşahidə edilmir.
Bu mövzuda fikirlərini bizimlə bölüşən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, müxalifət seçkiyə indidən hazırlaşmalıdır, ilk addım kimi səmimi birlik formalaşdırılmalıdır. Təəssüf ki, Azərbaycan müxalifətinin ümumi taktikası və strategiyası yanlışdır:
“1993-cü ildən indiyə qədər seçilən taktikanın yanlış olduğu artıq bəllidir. Birincisi, dünya dəyişib, biz siyasətimizi dəyişə bilmirik. Azərbaycan müxalifətinin böyük hissəsi siyasi qərarlarında daha çox emosional çıxış edir. Beş-on nəfər radikal insan var ki, müxalifət onların ruhunu oxşayan qərarları verməyi üstün tutur, nəinki əhalinin böyük əksəriyyətinin qəbul edəcəyi şəkildə qərarlar qəbul olunur. O cümlədən də seçki kampaniyalarını vaxt baxımından düzgün dəyərləndirə bilmirik. İndi müxalifət birləşməlidir, ən azından gələnilki parlament seçkilərində müxalifət bir-birinə alternativ olmamalıdır. İndidən müxalifətin birliyini cəmiyyətə təqdim eləməliyik”.
S.Cəlaloğlu 2005-ci ildə “Azadlıq” blokunun seçkidə böyük nailiyyət əldə elədiyini xatırlatdı: “İndi də səmimi birlik yaradıb onu xalqa təqdim etmək lazımdır ki, 2015-ci ilin parlament seçkilərində xalq hansı bloka səs verəcəyini, bu blokda kimlərin olduğunu indidən bilsin. Çox təəssüf ki, bu məsələləri qaldıranda, fikirlərini bu şəkildə ifadə edəndə bir dəstə müxalifətçinin hücum kampaniyası başlayır. Dərhal səni hakimiyyətin sifarişi ilə danışmaqda şərləyirlər. Bu cür şərçilərin beyni o qədər xəstələnib ki, müxalifətin xeyiri üçün səslənən fikirləri də tərsinə başa düşürlər. Onlar sanki fərqində deyillər ki, parlament seçkilərinə hazırlıq üçün bir il çox az vaxtdır. Xüsusən müxalifətin maliyyə imkanlarının olmadığı bir vaxtda. Təəssüf ki, biz vaxtı pula çevirə bilmirik. Ona görə də həmişə geri qalırıq”.
“Siz birlik çağırışları edirsiniz və müxalifətin bir cinahından, konkret olaraq AXCP-nin bir sıra üzvləri tərəfindən kəskin ittihamlara məruz qalırsınız. İttihamlardan biri belədir ki, Sərdar Cəlaloğlu 2015-ci ildə parlamentə İqbal Ağazadənin arxasından yapışaraq düşmək istəyir. Bu ittihamlara münasibətiniz necədir” sualına ADP sədri belə cavab verdi: “Onların liderləri başda Əli Kərimli olmaqla, 1995 və 2000-ci ildə parlamentə düşüblər. Kimin harasından yapışıb gedib düşüblər özləri daha yaxşı bilirlər. Bunlar öz təcrübələrindən çıxış edib belə düşünürlər ki, başqaları da yəqin bu yolla gedir. Getsinlər Əli Kərimlidən soruşsunlar ki, sən kimin harasından yapışıb parlamentə düşdün? Ondan sonra baxsınlar görsünlər ki, Sərdar Cəlaloğlu onların dediyi yolu gedən adama oxşayırmı. Onlar yuxularını danışırlar, nağıl yazırlar ki, guya Sərdar Cəlaloğlu parlamentə filan cür düşmək istəyir. Biz isə faktlara əsaslanıb danışırıq. Onların öz liderlərinin iki dəfə hansı yolla parlamentə düşdüyü bəllidir. Zəhmət çəkib bu barədə danışsınlar. Mən iki dəfə parlament seçkisinin qalibi olmuşam, lakin məni parlamentə buraxmayıblar. İkisində də Avropa Məhkəməsi mənim haqlı olduğumuzu təsdiq edib. Sual edirəm ki, Əli Kərimlini niyə parlamentə buraxıblar? Əgər sən həqiqətən də hakimiyyətin rəqibisənsə, üzdə görsəndiyi kimi radikalsansa, nə əcəb səni parlamentə buraxdılar? Əgər sən güclüsənsə, hakimiyyət sənin gücündən qorxub səni parlamentə buraxıbsa, nə əcəb sənə pasport vermirlər? Elçibəy Bakıya buraxılmadığı bir vaxtda sən necə oldu ki, parlamentə buraxıldın?”
S.Cəlaloğlu onu da bildirdi ki, Azərbaycan müxalifətinin indiyə qədər parlamentdə səsi eşidiləcək səviyyədə təmsil olunmasının qarşısını hakimiyyətlə yanaşı, AXCP və onun sədri Əli Kərimli alıb. Məhz onlar tədrici demokratiyanın Azərbaycanda reallaşmasının qarşısını kəsiblər: “Fazalı demokratiyanın mahiyyəti odur ki, inqilabla yox, iqtidarla müxalifətin razılaşdığı bir ssenari üzrə ölkədə müəyyən bir demokratikləşmə həyata keçirilsin. 2005-ci ildə beynəlxalq birlik tərəfindən müxalifətə məhz bu təklif edilmişdi. Qərb istəyirdi ki, əvvəlcə müxalifət parlamentdə fraksiya şəklində təmsil olunsun, Azərbaycanda bir siyasi mədəniyyət formalaşsın, iqtidar-müxalifət münasibətləri küçələrdə yox, parlament divarları arasında çözülsün və beləliklə də Azərbaycanda qansız-qadasız, tədrici demokratik dəyişikliklər, islahatlar reallaşsın. ATƏT-in müşahidə missiyasının rəhbəri bizə təklif eləmişdi ki, 35 nəfər müxalifətdən, 35 nəfər hakimiyyət partiyasından deputat parlamentdə təmsil olunsun, qalan 55 deputat yerinə isə kim istəyir namizədliyini irəli sürsün və seçki mübarizəsi ilə həmin yerlərin sahibləri müəyyənləşsin. Bu təklif bizə veriləndə Əli Kərimli dedi ki, biz qəbul etmirik, çünki biz ən azı 70 deputat yerini əldə edəcəyik. Təklifi irəli sürən tərəf bundan sonra dedi ki, öz işinizdir gedin əldə edə bilirsinizsə edin. Nəticə isə bəllidir-2005-ci il parlament seçkilərində müxalifətdən 4-5 nəfər parlamentə düşə bildi. Qərblilərin təklif etdiyi variant Azərbaycanda tədrici dəyişikliklər üçün normal variant idi. Əli Kərimli bu variantın ölkədə reallaşdırılmasına imkan vermədi. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə qaragüruh dəstənin hücumlarından, ittihamlarından, şərləmələrindən ehtiyatlanıb Əli Kərimlinin mövqeyi əleyhinə getmədi. Beləliklə, faktiki olaraq müxalifət fazalı demokratiyadan imtina elədi. Qərb bundan sonra müxalifətdən belə demək mümkündürsə əlini üzdü. Nəticə etibarilə Azərbaycan müxalifəti gəlib indiki duruma düşdü”.
S.Cəlaloğlu bəyan etdi ki, o bu gün də Azərbaycanda demokratiyanın alternativini görmür. Müxalifət iqtidarla danışıqlar aparmalıdır, razılaşmalara gəlinməlidir, tədrici demokratiyaya keçid yolu seçilməlidir.