|
Qazax rayon Quşçu Ayrım kənd sakinləri 25 ildi müharibə şəraitində yaşayırlar. Kəndin üç tərəfdən torpaları ermənilər tərəfindən mühasirəyə alındığından burada heyvandarlıq da inkişaf edə bilmir. Digər tərəfdən kənd müharibə zolağında olduğundan burada torpaq islahatları da aparılmayıb. Heç kənddə bələdiyyə seçkiləri də keçirilməyib. Bütün bunlar isə onsuz da vəziyyəti ağır olan kənd camaatının vəziyyətini daha da ağırlaşdırıb. Bu azmış kimi digər tərəfdən də illər öncə kənd camaatına verilən çötəkpulu müavinətinin kəsilməsi əhalini lap gəlirsiz vəziyyətdə qoyub.
Teleqraf.az-a üz tutan kənd sakini, Qarabağ müharibəsi veteranı Nuru Hacıyev kənd camaatı adından ölkə rəhbərliyinə müraciət edib.
Müraciətdə deyilıir:
Cənab prezident!
Qazax rayon Quşçu Ayrım kənd sakinləri illərdir ki, düşmən əhatəsində yaşamağa məcburdur. Kəndimizə demək olar ki, hər gün ermənilərin atdığı güllə mərmiləri həyatımızı təhlükə altında saxlayır. Buna görə də kənd sakinlərinin hardasa işləyərək qazanc əldə etmək imkanı yoxdur. Bütün günü güllə qorxusu altında yaşayan əhalinin təsərrüfatla da məşğul olması mümkün deyil. Kəndimizin sosial durumu çox bərbad vəziyyətdədir. Kənd sakinlərinə verilən çörəkpulu müavinəti uzun müddətdir ki, dayandırılıb. Sizdən xahiş edirik bu halları nəzərə alıb Quşçu Ayrım kənd camaatının əvvəllər verilmiş çörəkpulu müavinətini bərpa edəsiniz. Çox sağ olun ki, Qazax- Quşçu Ayrım yolunun çəkilişinə şəxsən nəzarət edərək əla bir yol çəkilməsinə nail oldunuz. Amma bunlara rəğmən kənd camaatının dolanışıq səviyyəsi çox aşağıdır. çörəkpulu müavinəti bərpa olsa, vəziyyətimiz bir qədər yaxşılaşar.
Cənab prezident!
Əgər bu belə davam edərsə və kənd sakinlərinin sosial problemlərinin həll edilməsinə diqqət ayrılmazsa yaqin ki, qısa bir müddətdə ermənilərlə sərhəd olan Quşçu Ayrım kəndinin sakinləri kəndi tərk edib çörək qazanmaq üçün başqa yerlərə üz tutacaqlar. Bu da kəndin boşalması ilə nəticələnəcək.
Redaksiyamıza müraciət edən Nuru Hacıyev həmçinin kənd həkim məntəqəsinin normal hala gətirilməsini, kənddə təcili yardım maşınının ayrılmasını da istəyir. Onun sözlərinə görə, xəstələrin rayon mərkəzinə təcili çatdırılması mümkün olmur. Xüsusən yaralılar olanda vəziyyət daha da kritik olur.
Elşən Əlisoy