|
Hələ bir neçə ay qabaq Azərbaycanda böyük siyasi qalmaqal yaşanmışdı. Jurnalist Xədicə İsmayıl qışda qaçaq hüquq müdafiəçisi Emin Hüseynovla birgə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə bir neçə gizli görüş keçirmişdi.
Söhbət ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən olan tədqiqatçılar Con Zadrozni ilə Daniel Vajdiçin Azərbaycana səfərləri zamanı keçirilmiş görüşlərdən gedir. Sonralar bəlli olacaqdı ki, ABŞ xüsusi xidmət orqanlarının bu “günəbaxan” təmsilçiləri, gizli agentləri Bakıya agentura məlumatları toplamaq üçün gəlibmiş.
X.İsmayıl həmin görüşlərin birində amerikalı agentlərə kollaborasionizm (hakimiyyətin müxtəlif qolları ilə gizli əməkdaşlıq) yolunu tutmuş azərbaycanlı müxalifətçilərin, ictimai xadimlərin və jurnalistlərin siyahısını vermişdi.
Lakin Azərbaycan xüsusi xidmət orqanları X.İsmayılın amerikalılara ötürdüyü agentura məlumatlarını ələ keçirə bilmişdi. Sonra isə hakimiyyətin “verbovka” elədiyi müxalifətçi agentlərin siyahısı çox qəribə şəkildə Dövlət Gömrük Komitəsi əməkdaşlarının da əlinə düşmüşdü. X.İsmayılın bu siyahısı mətbuat səhifələrinə də çıxdı.
X.İsmayıl bundan bərk əsəbiləşdi və hakimiyyətlə əməkdaşlıqda suçladığı müxalifətçilərlə sosial şəbəkələrdə emosional və əsəbi polemikaya girdi.
X.İsmayılın bunca əsəbi reaksiyasına səbəb nə idi? Müxalifətçilər onu niyə ittiham edirdilər?
Əslində hər şey çox sadədir. X.İsmayıl ABŞ xüsusi xidmət orqanlarına müraciət edərək guya Əliyev hökuməti və MTN-lə gizli əməkdaşlıq etməklə özlərini gözdən salmış ictimai xadimlərlə işləməyə, onlarla hətta təmasa girməyə son qoymağı məsləhət görürdü.
Lakin jurnalistin sonrakı fəaliyyəti onun C.Zadrozni ilə D.Vajdiçə sızdırdığı informasiyaların həqiqi olduğunu sübuta yetirdi.
X.İsmayıl bir müddət öncə bu dəfə Qərb fondlarına, QHT və araşdırma mərkəzlərinə müraciət edərək onlardan Media Hüquqları İnstititunun (MHİ) direktoru, hüquq müdafiəçisi Rəşid Hacılı və MHİ-nin əməkdaşı Elçin Sadıqovla əməkdaşlığı dayandırmağı xahiş etdi. Amma X.İsmayıl bu dəfə açıq şəkildə etiraf etdi ki, o, Qərb təsisatlarına doğrudan da belə bir çağırışla müraciət edib. Səbəb də vəkillərin kollaborasionizmi imiş...
Özünü ədalətli hakim cildində təqdim etməyi sevən X.İsmayıl hüquq müdafiəçilərinin mərhum prezident Heydər Əliyev haqdakı rəğbət dolu fikirlərindən şübhələnibmiş.
Yolunu azmış bu liberal xanımın düşüncəsinə görə, “düşmən düşərgə”nin nəinki sıravi nümayəndələrinə, hətta rəhbərinə rəğbətlə yanaşmaq sən demə, artıq sosail marginallar sinfinin maraqlarına xəyanət demək imiş.
Çox tolerant yanaşmadır! Lap trotskisayağı dözümlülükdür. Sən demə, stalinizm hələ yaşayırmış...
Belə çıxır ki, Cefferson fəlsəfəsini təbliğ edən bu jurnalist birinə rəğbət bəsləməyi xəyanət kimi başa düşür. Məsələyə bu adamın bu düşüncəsi ilə yanaşsaq, onda Rəşid Hacılı kimilərini qızmar dəmirə bağlamaq lazımdır. Hələlik sosial şəbəkələrdə... Sabah isə Hacılı kimilərə real həyatda əsl “Molotov kokteyli” də atmaq olar...
Beləliklə, X.İsmayıl insanlara gerçək münasibətinin əsl nasional-bolşevizm üzərində qurulduğunu R.Hacılı məsələsində bir daha göstərdi.
Ötən ilki siyasi qalmaqala qayıdaq. Beləliklə, X.İsmayılın məlum siyahısı dərc ediləndən dərhal sonra sosial şəbəkələrdə məşhur müxalifətçilərə və müstəqil ictimai xadimlərə qarşı irəli sürülən ittihamlar ətrafında böyük ajiotaj başladı. Bu ajiotaj sosial şəbəkələrdən telekanallara da sıçradı. MTN-in sabiq əməkdaşı (bu sistemdə isə sabiqlər olmur) Mirsaleh Axundov TV-lərə çıxdı. M.Axundovun 2014-cü il, fevralın 16-da səslənən ittihamları adamı dəhşətə gətirirdi. M.Axundov X.İsmayılı dövlət əleyhinə fəaliyyətdə ittiham edirdi.
X.İsmayıl bundan bir neçə saat sonra həmin ittihamlara özünəməxsus şəkildə, çox əsəbi formada, qarımış qızlara (pardon, nə qarımayıb, nə də qız deyil!) xas eybəcər üslubda reaksiya verdi. Kor qəzəbin əsiri olan X.İsmayıl 2014-cü il, fevralın 17-də gecə yarısı MTN-in məxfi sənədini yaydı.
X.İsmayıl MTN-in təxminən agentura fəaliyyətinə aid olan sənədi yaymışdı. Mirsaleh Axundovun acığına, ondan qisas almaq məqsədilə!
Həmin sənəddə Azərbaycan müxalifətinin bayraqdarı, necə deyərlər, alnında “Elçibəy möhürü” olan qatı elçibəyçi Elman Türkoğlunun necə ələ alınıb “verbovka” olunmasına dair məlumatlar yer alırdı. E.Türkoğlu xalq arasında “Bayraqdar” ləqəbi ilə məşhurdur. Adam yatıb-duranda da Azərbaycan bayrağını əlindən yerə qoymur. Müxalifətin bütün mitinqlərində onu əlində nəhəng bayraqlar görmüşük. Elçibəydən sonra müxalif düşərgədə Bayraqdar qədər ikinci sevimli personaj, kult olmayıb.
Amma X.İsmayılın açıqladığı sənədə inansaq, Bayraqdar, yəni Elman Həsənbəyli (Türkoğlu) Elçibəyin 1992-ci il “qırmızı ölü qərənfillər inqilabı” ərəfəsində sən demə, Niftəliyeva soyadlı hansısa qadını zorlayıbmış. KQB əməkdaşları da bunu biliblər, inqilabçı-müxalifətçini ələ alıblar, onu öz adamları ediblər, sonradan MTN-ə xidmət etməyə başlayıbmış...
X.İsmayıl öz müraciətində bildirirdi ki, bu sənədi 2011-ci ilin oktyabrında MTN-in keçmiş əməkdaşı (bir daha xatırladaq ki, bu sistemdə sabiqlər olmur!) Ramin Nağıyevdən alıb. MTN-in qaçaq müstəntiqi R.Nağıyev hələ 2000-ci illərin əvvəllərində təqiblərdən ehtiyat edərək Fransaya qaçıb. Hazırda da Fransanın cənubunda yaşayır.
Maraqlıdır ki, X.İsmayıl bu sənədi yayandan az sonra sənəd onun facebook səhifəsindən silinmiş, yoxa çıxmışdı. Lakin haqqin.az saytının əməkdaşları X.İsmayılın səhifəsindəki bu qəribə sənədin surətini çıxarmağa, onu skrinşot etməyə macal tapmışdılar. Biz onda həmin informasiyanı X.İsmayılın şəxsi facebook səhifəsinə istinadən o dəqiqə yaymışdıq.
Bəs sonra nə oldu?! İfşa olunmuş X.İsmayılın həmin sənədi yenidən öz facebook səhifəsinə qaytarmaqdan başqa yolu qalmadı. Necə deyərlər, əlyazmalar yanmır...
Yeni qalmaqal qızışdı. Bundan əvvəl agentura məlumatlarını ABŞ xüsusi xidmət orqanları əməkdaşlarına verməkdə ittiham olunan X.İsmayıl bu dəfə məxfi sənədi yaymaqda şübhəli bilindi. Amma prokuroluqda bu məsələni necə oldusa başlı-başına buraxdılar...
Lakin həmin məxfi sənəd yayılandan sonra özünə hörmət edən müxalifətçilərin özlərinə yaxın buraxmadığı Bayraqdarla bağlı qalmaqal yenidən siyasi gündəmə qayıdıb. E.Türkoğlu X.İsmayılın facebook səhifəsində ləkələnmiş təmiz adını qaytarmaq qərarına gəlib. E.Türkoğlu bu günlərdə X.İsmayıldan məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Bayraqdar jurnalistə qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi açılmasını tələb edir.
Müxalifətin baş bayraqdarı jurnalisti onu ağır və ya xüsusilə ağır cinayət törətməkdə suçlamaqla ona böhtan atmaqda ittiham edir. E.Türkoğlu sübut etmək istəyr ki, o, Niftəliyevanı zorlamayıb və MTN tərəfindən “verbovka” olunmayıb, X.İsmayıl isə əvvəlcədən düşünülüb hazırlanmış qurama və yalan məlumatlar yayaraq onun təmiz müxalifətçi adına ləkə vurur. O, bunları sübut etmək üçün məhkəməyə müraciət edib...
Görünür, çox maraqlı prosesin şahidi olacağıq. Bayraqdar X.İsmayıla qarşıdır. Əlində artıq iki bayraq (Azərbaycanla yanaşı həm də Türkiyənin bayrağını) tutan E.Türkoğlu X.İsmayılı itələyə-itələyə bu dəfə türmə hücrəsinin lap astanasına qədər gətirə bilib. Bu dəfə heç yerə qaça bilməyəcək. Dediklərinə və elədiklərinə görə cavab verməli olacaq...
Eynulla Fətullayev /Haqqın.az/