|
Moldova vətəndaşlığı almaq üçün Rumıniya Prezidenti Troyan Basesku yaxın günlərdə bu ölkənin müvafiq qurumlarına müraciət etməyə hazırlaşdığını dilə gətirib.
“Moldnews” agentliyinin yaydığı xəbərdə bildirilir ki, vətəndaşlıq məsələsinə və Moldovaya planlaşdırılan rəsmi səfərinə toxunan Basesku prezident səlahiyyətləri başa çatana qədər mütləq Kişinyova gedəcəyini və müəyyən görüşlər keçirəcəyini bildirib:
“Prezident olduğum dövrdə qanunla Moldova vətəndaşlığını almamda müəyyən qadağalar mövcuddur. Lakin postumdan getdikdən sonra mütləq arzumu yerinə yetirəcəyəm. Moldovaya səfərim də gündəmdədir. Amma bunun üçün moldovalı həmkarım Timofti ilə öncədən səfər proqramını müəyyənləşdirməliyik”.
Qeyd edək ki, Baseskunun prezidentlik səlahiyyəti bu ilin noyabr ayının 2-də başa çatır. O hesab edib ki, Rumıniya şəxsiyyət vəsiqəsini alan əksər moldovanlar kimi, o da Moldovanın vətəndaşı olmağa layiqdir və bunun üçün müəyyən xidmətlər göstərib. Basesku vətəndaşlığın alınması ilə bağlı qonşu ölkənin qanunverciliyində mövcud olan sərt şərtlərin ona qarşı yüngülləşdiriləcəyinə ümid edib.