|
Aprel müharibəsində qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Raqub Orucova hələ də Milli Qəhrəman adı verilməyib. Orucovun ailəsi də Müdafiə Nazirliyinin göstərdiyi münasibətdən gileylidir...
Onun qardaşı Zabil Orucov Politika.Az vasitəsi ilə müdafiə naziri Zakir Həsənova növbəti dəfə müraciət edib.
Onun sözlərinə görə, dəfələrlə görüş üçün müraciət etsək də, bu səadət bizə nəsib olmayıb: “Amma Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı xəbəri oxuduqdan sonra məcbur qalıb bu məktubu yazmalı oldum.
Biz şəhidlik acısını illər əvvəl çəkmiş, məşəqqətlər içərisində, didərginlik şəraitində böyümüş insanlarıq. Raqub Orucov güvən yerimiz, fəxrimiz idi. Siz ondan adi bir zabit kimi bəhs edə bilərsiniz. Ancaq xalq və onu sevənlər Raqub haqda ehtiramla danışırlar.
Əvvəlcə onu nəzərinizə çatdırmaq istəyirəm ki, nazirliyin yaydığı məlumatın düzgünlüyü yoxlanılsın. Raqubun həm doğum tarixi, həm şəhid olduğu yer səhv göstərilib”.
Z.Orucov qeyd edib ki, böyük döyüş təcrübəsi olan qardaşı hamıdan öndə - işğaldan azad edilən Ağdərə səngərlərində şəhid olub: “Bunu təsdiqləyən sənədi təqdim edirik. Sizin tabeliyinizdə olanlar isə səhvini düzəltməyiblər. Onun Goranboyda şəhid olduğunu qeyd ediblər.
Biz ölüm kağızını və digər tələb olunan sənədləri vaxtında tərtib etmişik. Nazirliyin Pensiya İdarəsinin məsuliyyətsizliyi ucbatından hələ də sənədlər Pensiya Fonduna təqdim olunmayıb. Dəfələrlə bu barədə müraciətimiz olsa da, nəticəsiz qalıb.
Bu ilin iyunun 14-də göndərdikləri sənədlər isə natamam olub. Bizə təsir edən ödənilməyən müavinət deyil, nazirliyin şəhid ailəsinə biganə münasibətidir”.
Şəhid qardaşı bildirib ki, R.Orucov 25 illik xidməti dövründə heç zaman arxa cəbhədə xidmət etməyib: “Amma onun dəfnində nazirlikdən heç bir nümayəndəniz iştirak etmədi, əvəzində ona dəyər verən xalq var idi. Xalq Raqubu qəhrəman kimi yola saldı. Nazirliyin mətbuat xidməti onu da bildirib ki, Milli Qəhrəman adı xidmət illərinə yox, göstərdiyi şücaətə görə verilir.
Nəzərinizə çatdırım ki, Raqub hələ 25 yaşında çoxlarının ayaq basa bilmədiyi Kəlbəcər torpaqlarından ermənini diri-diri əsir gətirib. Sonra ordumuzun əsir düşmüş 7 əsgərinə dəyişmişdi. Kəşfiyyata gedənlərin heç birinin burnu da qanamamışdı.
İlk dəfə düşmən arxasında onların yerləşmə mövqelərini kameraya çəkib gətirib. Məhz buna görə Ulu öndər Heydər Əliyev onun xidmətlərini dəyərləndirmişdi. Xidməti dövründə 9 medalla təltif olunub. 20 illik qüsursuz xidmətinə görə mənzillə təmin edilib.
Rəhbəri olduğu hərbi hissədə zabit və əsgərlər Raqub Orucovu əvəzolunmaz sərkərdə kimi xatırlayır. Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik. Ona bu adı xalq verdi. O, general kimi yaşadı, qəhrəman kimi şəhid oldu.
Bizə maraqlıdır, daha hansı şəraitdə şəhid olmaq lazımdır ki sizin qəhrəmanlıq kriteriyalarınıza uyğun gəlsin?! Sizin xidmətinizdə olan generallardan neçəsi onun keçdiyi yolu keçib? Hansı mühitdə və hansı xidmətlərinə görə general olublar?
Hörmətli Mehriban xanım bizi və digər şəhid ailələrini qəbul etdi, dəstəyini verdi, bizimlə bərabər göz yaşı tökdü. Amma nazirlikdən biganə münasibət gördük. Mən və ailəm inanırıq ki, cənab prezident ailəmizə qarşı edilən ədalətsizliyə son qoyacaq”.