|
İslamşünas Elşən Rəhimli “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda Musavat.com-un suallarını cavablandırıb.
(Tanıtım: Elşən Rəhimli ilk dini təhsilini Ağsu rayonunda alıb. Sonra Şəki islam mədrəsəsində təhsilini davam etdirib. Quran hafizidir. O, həmçinin Bakı İslam Universitetini bitirib. İslamşünasdır. Azərbaycanı bir neçə xarici ölkələrdə Quran oxuma yarışında təmsil edib. Səudiyyə Ərəbistanında, Tatarıstanda, Malayziyada beynəlxalq hafizlik müsabiqələrində Azərbaycanı rəsmi olaraq təmsil edib).
- Gender kişi və qadın hüquqlarının, öhdəlik və imkanlarının bərabərliyidir. İslamda öhdəlik və imkanların bərabərliyi varmı?
- Bəli. Təbii ki, fikrimi yalnız islami nöqteyi-nəzərdən bildirəcəm. İslamda qadın-kişi bərabərliyi var. Ola bilsin, bəzi məsələlərdə onların hüquqlarının bir-birindən az və ya çox olmağı görülə bilər. Müəyyən Quran ayəsində, peyğəmbərin, imamların hədislərində, kəlamlarında görülə bilər ki, haradasa kişinin, yaxud qadının üstünlüyü ön plana çıxır. Amma əslində onlar bütöv şəkildə götürüləndə bir-birini tamamlamış olurlar. Bərabərlik deyəndə o demək deyil ki, ancaq hər şeydə bərabər olmalıdır. Məsələn, din bir tərəfdən bir səlahiyyəti verir kişiyə, qadının rolunu orada məhdudlaşdırır, bir məsələni tamamilə qadına verərək kişinin hüququnu məhdudlaşdırır. Məsələn, ev işlərində və övladın əsasən tərbiyə olunmasında qadına üstünlük verilir. Eyni zamanda, məsələn, İslam dinində ər-arvad arasında övlad üzərində mühabisə olarsa, İslam dini övladların qadının yanında qalmağına hökm verir. Kişi üçün isə boşamaq haqqı kimi, evdə işlərin idarəolunması kimi hüquqları verir.
- Bəs qadının boşanmaq haqqı necədir?
- Qadının boşanmaq haqqı birbaşa yoxdur. Amma öz mehriyyəsindən kişiyə vermək şərti ilə, o da boşanma haqqı əldə etmiş olur. Eyni zamanda o, qaziyə, hakimə müraciət etməklə boşama haqqını irəli sürə bilər. Belə götürəndə, o da o haqqa müəyyən yollarla sahib olmuş olur. Ola bilər, müəyyən dövrdə zülmə, haqsızlığa məruz qalar, İslam dini müəyyən yollarla qadına da boşanmaq haqqı verir. Bu, bir nümunədir.
- İslamda qadın azadlığı konkret nədədir?
- Qadın azadlığı elə əvvəl insanın yaradılışına baxanda görürük ki, var. Dini bir əhvalat olaraq baxsaq, Allah-təala Adəm peyğəmbəri cənnətdə yaratdı. O, bir qədər cənnətdə gəzdi, yaşadı, sonra özünü rahat hiss etmədi. Orada ancaq mələkləri görürdü, özünə oxşamayan məxluqları görürdü, Adəm peyğəmbərin munisi olaraq Allah qadını yaratdı. Hətta ilk insanın yaradılışında biz müşahidə etdik ki, kişi qadınsız yaşaya bilməz. Onlar bir-birini tamamlayan ünsürlərdir, bir bütöv hissənin iki ayrılmaz parçası kimi. Eyni zamanda, Quran qadına birbaşa müraciət edir, üçüncü şəxs kimi müraciət etmir. Məsələn, Quran ayələrinə baxanda, məlum ən-Nisa surəsi var, Qadınlar surəsi. Birbaşa qadınların hüquqlarını, vərəsəlik hüququnu, boşanma hüququnu, digər hüqquqlarını müəyyənləşdirir. Bu, Quranda 114 surənin birinin məhz Qadın adlandırılması elə İslam dininin və Allahın qadına verdiyi üstünlük və dəyərini birbaşa göstərir. Eyni zamanda, bəzi hökmlər göstərilərkən Quranda üçüncü şəxs kimi qadından bəhs olunmur. Məsələn, Nur surəsinin 31-ci ayəsi qadını İslamda necə geyinməsini müəyyənləşdirən bir ayədir. Orada biz diqqət edəndə baxırıq ki, Allah-təala öz peyğəmbərinə, həzrəti Məhəmmədə buyurub ki, qadınlara de ki, nələr etməlidirlər. Ondan əvvəlki ayədə kişilərə müraciət olunur: “Mömün kişilərə de ki, gözlərini naməhrəmdən qorusunlar. 31-ci ayədə deyilir ki, “Ey peyğəmbər, mömünə qadınlara de ki, özlərini naməhrəm kişilərdən qorusunlıar”. Və geyimlərinin məzmunu göstərilir ki, hansı hissələr istisna olmaqla örtünsünlər. Demir ki, onların atalarına, qardaşlarına, ərlərinə de ki, belə etsinlər. Deyir ki, mömünə qadınların özlərinə de. Yəni müraciət birbaşa qadının özünədir. Allah qadına Quranda birbaşa müraciət edir. Allahdan gələn vəhyə muxatab edir. Peyğəmbər vasitəçidir. Onun vasitəsi ilə hökmlər bildirilir. Diqqət edin, “müsəlman qadınlara de ki, özləri etsinlər”. Ərlərə hüquq verilmir ki, onları buna məcbur etsinlər. Qadını sanki Allah qoruyur. O təzyiqlərdən, məcburiyyətdən qorumuş olur ki, bu hökm onun özünə şamildir.
- Bəs qadınları cəzalandırmaq üçün döymək olarmı?
- Qurani-Kərim 23 il ərzində peyğəmbərə nazil olub. Səbəb və nəticə əlaqəsinə uyğun olaraq, hissə-hissə nazil olub. Quranda bəzi hökmlər, bəzi ayələr var ki, o ayələrə mənsux ayələr, yəni hökmü qaldırılmış ayələr deyilir. Yəni bəzi hökmləri Allah təbəqə-təbəqə, mərhələ-mərhələ labüd buyurub. Bəzi ayələr var ki, onlaırn məzmunu var, amma hökmü başqa bir ayənin hökmü ilə qaldırılıb. İslamın əvvəlində təzə-təzə İslamı qəbul etmiş insanlar birdən-birə onun tələblərinə kamil şəkildə riayət edə bilmirdilər. Qadını bir əşya kimi hesab edirdilər. İstədikləri vaxt döyürdülər, vururdular, hətta yemək vermirdilər. Buna görə də onların şüurundan bunu birdən-birə silmək mümkün olmadığı üçün o ayə Quranda yer alıb. Sonra isə qadınların birbaşa təzyiq altında saxlanılmaması məcbur buyurulub. Ən-Nisa surəsində buyurulur ki, qadınlarınıza dəvə yükləri qədər mehriyyə versəniz də, onlarla boşandıqda onları geri almayın. Başqa ayədə bir kişinin həyat yoldaşı xoşuna gəlməsə belə, o səbr etsə, Allah dərgahında bu, onun üçün daha xeyirli olar deyilir. Yəni Allaha xatir, onlara səbr edin. Bu, Allah dərgahında daha fəzilətli, daha məqbul olar. İslam alimlərinin çoxu hesab edirlər ki, həmin yüngül şəkildə cəza, “vura bilərsiniz”,- ayəsi hökmü qaldırılmışdır. Sadəcə, məzmunu Quranda qalmış ayələrdəndir. Bu gün onu tətbiq etmək olmaz. Bu gün gülünc fətvalarla rastlaşırıq. Səudiyyə Ərəbistanının qazıları, şeyxləri tərəfindən adamın vurulması, cəzalandırılması barədə fətvalar verilir. Bu, mənə elə gəlir ki, məqsədyönlü şəkildə dünyaya göstərilir, yayılır ki, İslamın humanistliyi arxa planda qalmış olsun.
- İslamda qadının tənbeh olaraq daşlanması varmı?
- Daşlanma yoxdur. Qurani-Kərimdə onu istinad edirlər Məhəmməd peyğəmbərin tətbiqatına. Hədislərlə bağlı kitabların heç birində, mötəbər kitablarda qeyd olunamyıb ki, peyğəmbərimiz həyatda olarkən hansısa qadını və yaxud kişini daşlayaraq cəzalandırsın. Bəzi mənbələrdə var, onlar mötəbərlik qazanmadığı üçün qəbul olunmur. Nur surəsində belə fikir var, o da daşlanma deyil, müəyyən cəzalandırılmadır. Orada da qadın kişi eyni cəzaya uyğun görülür. Orada da fərqlilik hiss olunmur, cəzalarda belə bərabərlik özünü göstərir. Amma rəcm eləmək daşlanmadır. Deyilir ki, evli qadın, yaxud evli kişi nikahdankənar bir-biri ilə əlaqədə olarsa, onları rəcm edin, daşlayın. Heç vaxt peyğəmbər həyatda olarkən belə bir faktın olması göstərilmir. Quranda isə qətiyyən belə bir ayə yoxdur.
- Kişinin dörd qadınla evlənməsi hansı zərurətdən irəli gəlir?
- Bu, belədir, İslam dinini cahanşümul bir din olaraq qəbul edirik. Yəni müəyyən bir cəmiyyətə, topluluğa, zamana aid edilən bir din deyil. Bizdə isə bəzi fikirlər, İslamın bəzi hökmləri dəyərləndirilərkən yalnız öz adət-ənənələrimiz, yalnız öz mentalitetimizlə müqayisə olunur. İslam dini bütün millətlərə, bütün insanlara göndərilmiş bir dindir. Ola bilər ki, bizdə qeyri-adi olaraq qəbul olunan bir məsələ başqa bir millət üçün adi hesab olunur. Yəni bu baxımdan bizim əxlaqımıza, adət-ənənəmizə, bizim mentalitetimizə uyğun gəlmədiyi üçün onu qəbul etməkdə çətinlik çəkirik. Eyni zamanda, o, bir vacibat deyil. Vacib deyil ki, mütləq bunu etməlisən. Sadəcə, icazədir ki, insanlar həm istək baxımından, həm daxili hisslər baxımından fərqlidir. Allahın dininə irad tutmaq üçün kimsə qalxıb deyə bilər ki, nəyə görə icazə verilmir buna? İstək olarsa, qadın, kişi istəyərsə, niyə icazə verilmir? Allah-təala icazə verir, amma vacibat deyil ki, deyəsən, bunu etməsəm, günah qazanacam və yaxud mütləq şəkildə bunu etmək lazımdır. Sadəcə, icazə verilir. Eyni zamanda, Allah özü icazə verməklə yanaşı, Qurani-Kərimdə onu məsləhət bilməyib. Bir ayə var, buyurur ki, onların arasında ədaləti bərpa etmək şərti ilə bir, iki, üç, yaxud dörd qadınla evlənmək sizə halal edildi. Başqa bir ayədə buyurulur ki, siz cəhd göstərsəniz, çalışsanız da, onların arasında ədaləti bərpa edə bilməyəcəksiniz. Ayədə buyurulur ki, nə qədər çalışsanız da, siz onların arasında ədalətli ola bilməyəcəksiniz. Bir növ icazə verir ki, insanların deməyə sözü qalmasın. Digər tərəfdən isə onun məsləhət olmadığını bildirir. Ona görə vacib deyil ki, bunu edəsən və qadın-kişi hüquqları, bərabərliyi pozula. Bu, bir icazədir, istəyə bağlıdır. Bir kəs onu qəbul etmir, özündə xoşlamırsa, etməyə də bilər.
- Qadınlarla bağlı çox suallar var. Məsələn, niyə onlar dəfn mərasimində birbaşa iştirak edə bilmirlər? Azan verə bilmirlər? Nyə onlar çadraya bürünməlidirlər?
- Əslində İslam dini qadına bəzi xüsusi hökmlər ayırıb ki, onları hansı nöqteyi-nəzərdən başa düşməliyik. Onu cəmiyyətdən təcrid etmək üçün yox, bəzən daha da hüquqlarını incə və titiz şəkildə qorumaq üçün edilir. Qadının özünə vacib edilən geyim forması özü istəsə, qəbul edər və riayət edər. Bu, deyilir ki, əslində qadını qorumaq üçündür. Qadını cəmiyyətdən təcrid etmək üçün, bağlı bir boğçanın içinə yığmaq üçün yox, əksinə, onu qorumaq üçündür. Çünki insanların hamısı o qədər mədəni, o qədər inkişaf etmiş əxlaqa sahib deyil ki, hər kəs özünü idarə edə bilsin. Bəzən insanlar öz nəfslərinə, istəklərinə uyurlar, başqasına hörmətsizlik, etinasızlıq edirlər. Əslində qadını o cür geyindirmək, onu təcrid etmək üçün yox, qorumaq üçündür. Eyni zamada, bunu mütləq şəkildə qəbul etməliyik ki, qadınlar fiziki quruluş baxımından kişidən zəifdir. Hüquq bərabərliyi var, amma güc baxımından kişilərdən zəifdir. Dəfn mərasimində isə əsasən fiziki işlər tələb olunduğu üçün, qəbir qazmaq, dəfn etmək, cənazəni aparmaq, bu cür işlərdən qadını kənara qoyur ki, qadını qorusun, onu əziyyətə salmasın. Biz onu bu cür başa düşməliyik. Azan verilməsi belədir ki, İslam dinində qadınlar öz aralarında azan da oxuya bilər, iqamə də oxuya bilər. Yəni tamamilə bu işdən məhrum etmir. Yəni azan oxumağın, iqamə deməyin böyük fəziləti var. Qadın ondan məhrum deyil. Bu yaxınlarda Malayziyada keçirilən yarışda qadınlarla kişilər eyni bir müsabiqədə yarışırdıq. “Quran əzbər” yarışmasına qatılmışdıq. Dünyanın 70 ölkəsindən 58-ci Malayziya Quran müsabiqəsində insanlar iştirak edirdilər. Orada iştirak edən qadınlar, qızlar çox oğlanlardan gözəl Quran oxudular. Quranı əzbər bilən qadınlar var idi ki, birinci yer tutan da oldu. Elə avazlar tuturdular ki, kişilər o avazı edə bilmirdilər. Peyğəmbərin dövründə kafirlər də gəlirdilər məscidə. Münafiqlər də gəlirdi. Üzdə özünü müsəlman göstərir, əslində isə İslama düşməndir. Peyğəmbər onları tanıyırdı, onlar peyğəmbərin arxasında namaza dururdular. Sadəcə, onlar dillərində müsəlman olmadıqlarımı demədikcə, peyğəmbər onları uzaqlaşdırmırdı. Məscidin qapısı hamıya açıqdır, o demək deyil ki, məscidə gələn hər kəs kamil insandır. Ona görə o cür ictimai yerlərdə qadını İslam dini bir az daha titiz, daha diqqətli davranaraq pis fikirlərdən qorumaq üçün qadın üçün o cür hökmlər qoyub ki, bəli, kişilərin içində o, azan oxumasın. Ancaq öz aralarında konfransdır, yığıncaqdır, orada hətta önə keçib namaz da qıldıra bilərlər.
- Bəs kişiləri naməhrəm qadınların nəfsindən nə qoruyur? Onların xüsusi geyim forması olmalıdırmı?
- Nur surəsinin 30-cu ayəsində birinci növbədə nə deyilib, əhəmiyyət kəsb edir. Həmin qadın-kişi məsələləri izah olunanda, 30-cu ayədə Allah buyurur ki, ey peyğəmbər, mömün kişilərə de ki, gözlərini naməhrəm qadınlardan qorusunlar, çəksinlər, yəni baxmasınlar. Baxaraq baxışları ilə onları incitməsinlər. Sonda qadınlara geyimlə bağlı məsələləri əmr edir. Birinci növbədə qorunmağı kişilərə əmr edir. Kişilərdə müəyyən qayda-qanunlar var ki, ona riayət etməlidirlər. Qurani-Kərimdə hökmlər var ki, insan özünü örtməli və gözünü qorumalıdır. Bu, birinci kişiyə vacib edilib, sonra qadına. Dini kitablardan təkcə Qurani-Kərimdir ki, qadını bütün insanlara nümunə göstərir. Məsələn, Təhrim surəsi var, 11-ci ayədə deyilir ki, Allah iman gətirənlərə, Allaha inananlara fironun həyat yoldaşını, Fironun Asiyə adlı xanımını nümunə göstərir. Özü də demir ki, qadınlar üçün, bütün insanlara nümunə göstərir. Deyilir ki, Musa peyğəmbərin dövründə firon II Ramzes allahlıq iddiasında olur, insanlara zülm edirmiş, İsrail övladlarının kişilərini öldürüb, qadınlarını sağ saxlayırmış, çox zülmlər edirmiş. Amma onun həyat yoldaşı Allahın təkliyinə və Musa peyğəmbərin onun elçisi olmasına inanır. Allah da Quranda deyir ki, Allaha inanan kəslər üçün fironun həyat yoldaşı bir misaldır. O deyir ki, “Ey rəbbim, məni firondan və onun əməlindən qoru. Mənim üçün öz dərgahında cənnətdə bir ev tik, yer ver. Məni zalım tayfanın zülmündən qoru”. Yəni bu, təkcə Qurandadır. Qadın hər kəs üçün nümunə göstərilir. Bu, heç bir dində olmayıb ki, bir qadın bütün insanlara nümunə göstərilsin. Həmin surənin 11-ci ayəsində deyilir ki, həmçinin İmran qızı Məryəm də bütün insanlar üçün bir nümunədir. O ki, öz ismətini qorudu və Allahdan gələn bütün sözləri təsdiqlədi, Allah da ona öz ruhundan hədiyyə verdi, yəni İsanı verdi. Və o, Allaha itaət edənlərdən idi. Məryəmin Allaha olan itaətini Allah bütün insanlara nümunə göstərir. Qurani-Kərimdə özünü göstərir ki, başqa kitablarda, heç bir dində bu, göstərilməyib ki, Allah qadınları bütün insanlığa nümunə göstərsin, əxlaqda, ibadətdə, fəzilətdə, üstünlükdə nümunə göstərir. Bu hallar çoxdur İslamda.
- İndi ölkədə dini kəbinlə qurulan ailələrin, münasibətlərin sayı artır. Bəzi dindarlar bildirirlər ki, keçmişdəki dini kəbinlə indikinin statusu bir qədər fərqlidir. Keçmişdə cəmiyyət tərəfindən tanınırdı. İndi rəsmi nikah olmadan ailəni cəmiyyət tanımır. Burada status fərqi varmı?
- Əvvəl dini kəbin bizim də araşdırmamıza görə, daha mötəbər qəbul olunurmuş. İndi isə o qədər də diqqət olunmur. Hətta əvvəllər dini kəbini yerinə yetirən insanlar başqa heç bir rəsmi kəbinin olmasına ehtiyac duymurdular. İndi isə bir qədər fərqlidir. Amma bu, insanların şüurunun formalaşmasında dəyişiklik olduğu üçün, belə olur. Amma dini mənbələrdə dini kəbinin yeri əvvəlki kimi indi də öz qüvvəsindədir. Bu, mütləqdir. Amma hər bir kəs özü yaşadığı ölkənin qayda-qanunlarına əsasən, rəsmi kəbinini mütləq şəkildə yerinə yetirməlidir. Hətta bizə axır vaxtlarda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən göstəriş də verilib ki, rəsmi kəbini gətirmədən dini kəbin yerinə yetirməyin, kəsməyin. Ona görə ki, bəzi insanlar aldatmaq üçün, ailə qurduğu insanın ailəsini aldatmaq üçün gəlir dini kəbin edir, aparır onu göstərərək özünü yaxşı qəbul etdirir, rəsmiyyətə isə keçirmir. Sonra da rahatlıqla ondan ayrılır. Zərərçəkən tərəf də, qadın da heç bir iddia irəli sürə bilmir. Çünki rəsmiyyət yoxdur, beləliklə, həmin qadının hüququ kobud şəkildə pozulmuş olur. Ona görə də dini idarə buna addım atıb, bildirib ki, rəsmi nikahnamə olmadan dini kəbini yerinə yetirməyin. Əvvəlki ilə indikində fərq olması insanların o dini kəbinə olan etimadının bəlkə də azalması deməkdir. Çünki əvvəl mütləq şəkildə yerinə yetirilirdisə, indi baxırıq ki, insanlar evləniblər, heç ümumiyyətlə dini kəbin yadlarına da düşmür. Dini nöqteyi-nəzərdən edilməsi vacibdir. Amma bu zamanın şərtlərində ona tam riayət olunmadığı üçün gərək rəsmi şəkildə də olunsun ki, o qadının hüquqları pozulmasın. Arada vasitə fərqli ola bilər. Amma biz çalışmalıyıq ki, kəbini kəsilən qadının hüquqları pozulmasın. Dində şərt deyil ki, yaşadığı ölkənin rəsmi nikahı olmadan kəbin kəsmək olmaz, belə şərt yoxdur. Amma onun hüquqlarının qorunması naminə biz o şərti qəbul edirik. Təki orada qadın zərər çəkməsin, pis vəziyyətə qalmasın.
- Müvəqqəti nikah, siğə İslamda birbaşa buyurulurmu?
- İslamda, Qurani-Kərimdə ona icazə verən ayə var. Ən-Nisa surəsinin 24-cü ayəsində var. İslamda evlilik, nikah bir cürdür. Sadəcə, burada nikahın əbədi və müvəqqəti olmasında fərq var. Qalan heç bir şərtində fərq yoxdur. Müvəqqəti nikaha siğə deyilir. Onunla daimi nikahın şərtləri arasında heç bir fərq yoxdur. Yəni o, ailə statusundadır. Bizim cəmiyyətdə o, başqa cür başa düşülür. İslamın alternativ nikah üçün yoludur. İlk dəfə zərurətdən başlayıb. Müsəlmanlar uzunmüddətli bir döyüşdə öz evindən-eşiyindən ayrı qalıblar. İki ay, üç ay uzanıb o döyüşün müddəti. Peyğəmbərə gəlib müraciət ediblər ki, evlənməyə icazə verilsin. Həmin vaxt Allahın hökmü ilə ayə gəlib, icazə verilib ki, siz müvəqqəti olaraq evlənə bilrəsiniz. Yəni İslam hökmlərinin hansı şəraitdə, hansı zamanda, hansı məkanda vacib buyurulmağı gələcəkdə bizim onu necə başa düşməyimiz üçün əhəmiyyətlidir. Orada görünür ki, zərurətdəndir. Zərurət yarandığı üçün müvəqqəti olaraq icazə verilib. Eyni zamanda da ola bilsin ki, gələcəkdəki dövrlərdə elə bir məqam, elə bir çətin şərait, zərurət yaranar ki, həmin hökmün icrasına bəlkə də tələb yaranmış olar. O da bir vacib deyil ki, mütləq olsun. Bir insanın daxili hissləri, mənəviyyatı, əxlaqı ona yol vermirsə, onu qəbul etməkdə çətinlik çəkirsə, ondan uzaqlaşa bilər. Mütləq deyil ki, onu qəbul edib yerinə yetirsin. Bəzən icazə sözünü vacib kimi başa düşürlər. Vacib deyil. Sadəcə, bir alternativ yoldur. Bizdə qəbul olunmayan bəzi məsələlər var ki, başqa cəmiyyətlərdə rahatlıqla qəbul olunur. Müvəqqəti nikah da o cürdür. Bizdə qəbul olunmur, adətlərimizə, milli mentalitetimizə uyğun bilmirik. Ona görə mütləq deyil ki, onu yerinə yetirməyə çalışasan. Çünki şəriətin vacibatı deyil. Namaz vacibatdır, ondan çəkinmək olmaz. Deyə bilməzsən ki, onu qəbul etmirəm, qılmıram. Ola bilsin, hansısa ərəb ölkəsində həmin hökm normal olaraq qəbul olunur. Quran da, Allahın dini də təkcə müəyyən bir cəmiyyət üçün, müəyyən bir coğrafiya üçün olmadığına görə, hər bir zamana, hər bir insana, bütün dünyaya aid olduğu üçün Qurandakı hökmlər bütün insanların adət-ənənəsini, düşüncəsini nəzərə alaraq nazil olub. Sadəcə, biz onun özümüzə uyğun olmayanını qəbul etməkdə çətinlik çəkirik. Quranda onun kökü varsa, onu inkar edə bilmərik. Düzdür, bəzi İslam alimləri deyir ki, Quranda zərurətlə icazə verilib, sonra isə qadağan olunmuş məsələlərdəndir. Peyğəmbərimiz öz hədisində buyurub ki, müvəqqəti evlənməyi icazə vermişdim, indi isə sizə elə bir çətinlik olmadığı üçün onu qadağan edirəm. Peyğəmbərimizdən belə bir sözün də gəldiyi, belə dediyi də bəzi kitablarda qeyd olunur.
- Evlilik üçün qadınların yaşının neçədən götürülməsi məqbul sayılır? Yaş məsələsində konkretlik varmı?
- Dində evliliklə bağlı konkret olaraq yaş yox, insanın fiziki baxımdan müəyyən bir səviyyəyə gəlib çatması göstərilir. Yəni buna həddi-buluq çağı deyilir. Bu, coğrafi mühitdən asılı olaraq bəzi yerlərdə tez baş verə bilər, bəzi yerlərdə gec baş verə bilər. Konkret bir yaş göstərilməsi çətinlik törədə bilərdi. Deyilsəydi ki, qadın üçün 13 yaş götürülsün, bizdə düzgün qəbul olunmayacaqdı, amma ərəb ölkəsində bunun heç bir çətinliyi, problemi yoxdur. Çünki oralar isti ölkə olduğu üçün insanlar fiziki baxımdan daha tez formalaşır. Buna görə də biz ərəb cəmiyyətində tez yaşda evlilikləri çox müşahidə edirik. İslam dini ona konkret yaş demir, deyir ki, həddi-büluğ yaşına çatanda artıq din icazə verir ki, nikah bağlana bilər.
- Azərbaycanda dini radikalizm hansı səviyyədədir? Təhlükəlidirmi?
- Hazırda Azərbaycanda dini radikalizm təhlükəli olmasa da, amma gələcəkdə təhlükə ola bilər. Çünki biz bunu birbaşa bu işin içində olduğumuz üçün dindarlarla iç-içə olduğumuz üçün bunu daha yaxşı müşahidə edə bilirik. Dinimiz birbaşa radikallığın əleyhinədir. İslam dini dinlər arasında, Qurani-Kərim kitablar arasında ən humanist, ən insanpərvər dindir. İslamda, Quranda buyurulur ki, dində məcburiyyət yoxdur. Dini qəbul etməkdə heç bir məcburiyyət yoxdur. Başqa nümunələr də var ki, İslam dini zorakılıqdan, məcburiyyətdən, radikallıqdan, qatılıqdan uzaqdır. Hətta Qurani-Kərimdə, Yasin surəsində var ki, peyğəmbər çalışırmış bütpərəstlərin qəbilə başçıları dinə gəlsinlər. Çünki qəbiləçilikdə belə bir qayda var ki, başçısı hansı əqidəni qəbul edirmişsə, bütün qəbilə də o dini qəbul edirmiş. Qəbilə başçıları da isnad edirmiş. Allah-təala Yasin surəsində və başqa surələrdə ayə nazil edir ki, “Ey peyğəmbər, sən onları məcbur dinə, imana gətirə bilməzsən. Sənin boynuna düşən yalnız Allahdan sənə gələn hökmləri təbliğ etməkdir, insanlara çatdırmaqdır. Bu cür ayələr göstərir ki, dində heç bir məcburiyyət, radikallıq yoxdur. İslamda zimmi deyilən bir terminologiya var. Zimmi İslam torpaqlarında yaşayan kafirə deyilirdi. Dini kitablarda onlara aid xüsusi hökmlər var. Cizyə vergisi can vergisidir. İslamın gətirdiyi bir vergi növüdür. Yəni bir insan İslam dinini qəbul etməsə, öz dinində qala bilər. Yalnız bir şərtlə ki, İslam torpağında yaşayıb, oranın suyundan, torpağından istifadə etdiyi üçün can vergisi versin. Bu, İslam dininin radikallıqdan uzaq olduğunu göstərən bir tarixi faktdır. Deyə bilərdi ki, ya dini qəbul etməlisən, ya buradan çıxıb getməlisən. Belə deməyib, deyib ki, qala bilərsən, yaşaya bilərsən, öz dinində də qala bilərsən. Amma öz dinində qalsan, vergi verməli olacaqsan. Bu da təbiidir. Azərbaycanda bu gün savadsız dindarlar var. Savadsızlıq isə radikallığa, qatılığa aparıb çıxarır. Azərbaycanda da radikallığın əsas göstəricisi odur ki, radikal dindar öz əqidəsindən başqa bütün əqidələri puç, əsassız, qəbul edir və istər-istəməz onlara qarşı nifrət yaranır. Onları lənətləyir. Öz əqidəsindən olmayanları lənətləyir, pisləyir. Azərbaycanda biz bunu müşahidə edirik. Bu gün təhlükə mənbəyi deyil. Amma yenə təhlükə üçün potensialdır, qığılcımlar var. Ocağın közərtisi görünür Azərbaycanda. Ona görə biz nə etməliyik? Camaatı maarifləndirməliyik. Təbii ki, bizim üzərimizə çox iş düşür. Eyni zamanda, Azərbaycanda dini təhsil ocaqlarının çoxalmasına ehtiyac yaranır. Son vaxtlar qəbul olunmuş ən gözəl qərarlardan biri o oldu ki, Azərbaycanda məscidlərdə və başqa yerlərdə yalnız Azərbaycanda dini təhsil almış şəxslər dini fəaliyyət göstərə bilər.
Başqa ölkələrdə dini təhsil alan şəxslər burada dini fəaliyyət göstərə bilməz. Bu, radikallığın qarşısını almaq üçündür. Çünki bir kəs müəyyən ölkələrdə dini təhsil alır. Oraya gedir 15 yaşından 30 yaşına qədər təhsil alır. Həmin yaş həddi də insanın əxlaqının, dünyagörüşünün formalaşması üçün həyatının ən əsas çağıdır. Həmin dövrdə o, nəyi qəbul etsə, burada gəlib nə qədər çalışsa ki, milliliyə meyl etsin, onu edə bilməyəcək. İstər-istəməz təhsil aldığı ölkənin adətini, ənənəsini, oranın dünyagörüşünü burada özü də bilmədən təbliğ edəcək. Ona görə bu, çox gözəl qərar idi. Azərbaycanda təhsil alan lap bir az zəif olsun, dini savadı ondan zəif olsun, amma olsun. Bəzi hökmlər coğrafiyaya uyğun verilməlidir, oranın şərtlərinə uyğun verilməlidir. O başqa ölkənin şərtlərinə uyğun öyrənib, burada onu təbliğ edəcək. Həm insanlar onun dediyini qəbul etməkdə, qəbul etsə də, yerinə yetirməkdə çətinlik çəkəcək. Yerinı yetirsə də, digər cəmiyyət üzvləri ilə onun arasında bir ziddiyyət yaranmış olacaq. Qohun-əqrəbası ilə, yaşadığı kəndlə, bölgə ilə onun arasında böyük bir uçurum yaranacaq. Onun etdiyi hərəkət bu cəmiyyətin, topluluğun etdiyi adət-ənənəyə uyğun gəlməyəcək. Amma burada olsa, buranın şərtlərini bilmiş olacaq. Bəzi sözlər var ki, onu cəmiyyət içində demək olmaz. O mənada yox ki, pis sözdür, qəbul olunması baxımından demək olmaz. Bizdə yerli milli, dini kadrların yetişməyinə və fəaliyyətinə ehtiyac var. Hətta biz bunu müəyyən iclaslarda da dilə gətiririk. Orta məktəblərdə də ən azından İslam əxlaqı adı altında müəyyən fənnlərin tədris olunmağına ehtiyac var. Çünki hər bir insanın qəlbində və beynində dini bir boşluq var. Bu boşluq nə iləsə dolmalıdır. Əgər biz onu vaxtında doldurmasaq, radikal vəhhabilər, yaxud başqaları o boşluğa öz fikirlərini atacaqlar. Azərbaycan gəncini rahatlıqla öz torlarına sala biəcəklər. Milli dini kadrların yetişməyi Azərbaycanda radikalizmin, radikal dindarların qarşısının alınması üçün çox əsas məsələdir.
- İslam radikal din deyil. Amma indi İŞİD və buna bənzər radikal təşkilatlar İslamla əlaqələndirilir. Onlara qoşulan insanlarda vəhşət, qəddarlıq var. Onlar təkcə ərəb toplumundan ibarət deyil, bütün dünyadan, hətta Azərbaycandan da bu təşkilatlara qoşulan insanlar var. Bu qəddarlıq nə ilə bağlıdır?
- Məsələ budur ki, bu cür təşkilatların qurulması, yaradılması məqsədyönlü şəkildədir. Çünki İslam dininin gözəlliklərini önə sürdükcə dünyada İslam dinini qəbul edənlər çoxalır və bu, açıq şəkildə müşahidə də olunur. Dünyada aparıcı olan siyasi qüvvələr İslam dininə qarşı nifrət yaratmaq üçün İslamı bu cür göstərməyə çalışırlar. Və bizim qeyd etdiyimiz gənclər ki, Azərbaycandan da qoşulublar, başqa İslam ölkələrindən də, onlar isə bilmədən həmin təşkilatlara qoşulurlar. Artıq onlar hesab etmirlər ki, “biz gedirik İslama zərbə vurmağa”. Onlar hesab edirlər ki, “biz gedirik İslam dinini ucaltmağa, İslama kömək etməyə gedirik”. Bu, qurulan planın çox dərindən hazırlanmağını, çox incə hazırlamağını göstərir. O cür təşkilatlar, İŞİD kimi radikal dini qruplaşmalar əslində bizim dinimizə zərbə vurur. Onların etdiyi hərəkətlərin yaxından-uzaqdan İslam ilə heç bir əlaqəsi yoxdur. İslam dinində cihada icazə verən ayə var. Orada buyurulur ki, sizinlə savaşanlarla siz Allah yolunda savaşın. Orada ifadəyə baxın, “Allah buyurur ki, sizinlə savaşanlarla siz Allah yolunda savaşın”. Demir ki, savaşın. Savaş əmrini birinci vermir,- əgər sizə qarşı kimsə savaşsa, siz də Allahın dinini müdafiə etmək üçün, müsəlmanların irzini, namusunu, canınızı müdafiə etmək üçün siz də onlara qarşı vuruşun,- deyilir. Və həddinizi aşmayın. Peyəmbərimizdən soruşurlar ki, "həddinizi aşmayın" nə deməkdir. Nə etsək, həddimizi aşmış olarıq? Peyğəmbər buyurur ki, döyüş vaxtı yaşlıları, qocaları, zəifləri, xəstələri öldürməyin. Qaçanları təqib etməyin. Bostanları dağıtmayın. Ağacları kəsməyin. Evləri dağıtmayın. Sizdən aman istəyənə aman verin. Əgər belə etsəniz, həddinizi aşmamış olarsınız. Ayənin axırında buyurur ki, Allah həddini aşanları sevməz. Onun təfsirində peyğəmbər buyurur ki, eyni zamanda qətlə yetirdiyimiz düşmənin bədənini təhqir etməyin, onların bədən üzvlərini kəsməklə təhqir etməyin. Sənə lazım idi ki, düşmənin zərərini dəf edəsən, artıq ölübsə, sənə nə zərər verə bilər? İslam dini bu cür qəddarlığı birbaşa olaraq qadağan edir. Eyni zamanda, İslam dinində döyüşə aid qayda-qanunu var. Deyir ki, düşməni təqib etmək olmaz. Düşmən gedib ayrı bir dəstəyə qoşulub, möhkəmlənib, dönəcəksə, üstünə gələcəksə, onda qaçanları təqib etmək olar. Amma canını qurtarmaq üçün qaçırsa, onları təqib etmək, izləmək qətiyyən qadağandır. Bunlardan da görürük ki, İslam dinində zorakılıq yoxdur. İslam dinində bu cür şeylər yoxdur. Bunlar İslam adına ləkə yaxmaq üçün edilir. Dünyaya da o cür göstərilir ki, qoy dünyada müsəlman deyəndə saçı saqqalına qarışmış, geyiminə, özünə diqqət etməyən bir insan imici formalaşsın. Eyni zamanda, göstərməyə çalışırlar ki, "Allahu əkbər" şüarı yalnız öldürmək üçündür, yalnız dağıtmaq üçündür. Bunu məqsədyönlü şəkildə təbliğ edirlər, bunun üçün çalışırlar. Amma İslam dinində "Allahu əkbər" “Allah ən böyükdür”,- deməkdir. Yəni Allah öz yaratdıqlarına qarşı necə rəftar edirsə, siz də o cür rəftar edin, Allah böyükdür. Peyğəmbərimizdən bir-iki nümunə verim. Peyğəmbərin yanında bir nəfər atını tərpətmək üçün ona çoxlu qırmanc vurur, peyğəmbər ona irad tutur, buyurur ki, atın yeriməyi üçün bir qırmancın ona dəyməyi kifayət edir, sən niyə ona artıq vurursan? Və yaxud iki nəfər dəvənin üstündə oturub söhbət edir, peyğəmbər buyurur ki, söhbəti siz yerdə də edə bilərsiz. Düşün, söhbətinizi yerdə edin. Getmək istəyəndə dəvəyə minib gedərsiz. Din hətta heyvanlara qarşı, bitkilərə qarşı belə davranır. Həcc ziyarəti vaxtı deyir ki, bir ağacdan yarpaq qoparmaq haramdır. Orada zərərverici həşərat gəlib hücum etmədikcə, öldürmək olmaz, öldürə bilməzsən. Həcc vaxtı ağacdan bir yarpaq da qopara bilməzsən. Həcc vaxtı onu təlqin edir ki, digər vaxtlarda da sənə lazım olanda o ağacı qır, lazım olamayanda onu məhv etmə. Yəni heyvanlara, bitkilərə qarşı belə mərhəmətli olan din necə əmr edə bilər ki, bir nəfəri qəfəsə salıb diri-diri yandırın? Necə əmr edə bilər ki, “Allahu əkbər” deyib insanların boynunun arxasından kəsin? Bunlar hamısı dinə ləkə yaxmaq üçündür. Dinlə yaxından-uzaqdan əlaqəsi olmayan məsələlərdir. Biz bu vəhşilikləri Qarabağ ərazisində də görmüşük, eşitmişik, Bizim düşmənlərimiz ermənilər necə uşaqlara, qadınlara zülm ediblər, bunları bilirik. Məsələn, mən bir faktı oxuyanda çox dəhşətə gəldim. Heç vəhşi ərəb cəmiyyəti də bəlkə elə bir şey etməyib. Azərbaycanlı uşaqları ermənilər çənlərin, çəlləklərin içinə salıb dağdan aşağı yuvarladıblar. Mən o vəhşiliyi oxuyanda dəhşətə gəldim və ən azı on dəqiqə oxuduğum fikri düşünməyə, başa düşməyə çalışdım. Fikirləşdim ki, görəsən, insan bunu bacara bilərmi? Amma insan bacara bilməz, erməni bacararmış. Bir müsəlman olaraq bizə qarşı bu cür təcavüzlər olub. Gənclərə deyirəm ki, bizim üzərimizdə cihad vacibdirsə, öz topaqlarımızda gedib onu etməliyik. Suriyada heç bir cihad yoxdur. Orada qaçan da, qovan da "Allahu əkbər" deyir, öldürdüyü şəxslər də müsəlmandır, kafir yoxdur. İslamın düşmənlərinin ortaya saldığı çirkin oyunlardır. Bundan çəkinməliyik. Bizim üzərimizdə böyük bir qisas vacibatı qalıb. Hələ qətlə yetirilmiş müsəlmanlarımızın, uşaqlarımızın, qadınlarımızın intiqamını, qisasını almamışıq. Bu, olduğu müddətcə, Qarabağ torpaqları vəhşi ermənilərdə olduğu müddətcə bizim başqa cihada getməyə haqqımız qətiyyən yoxdur.
Yazı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.