|
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova sosial problemləri ilə bağlı şikayət etdiyi üçün gənc ana və onun həyat yoldaşı həbs edilib.
Bu barədə Teleqraf.az-a məlumat verən həbs edilən qadının atası, Babək rayon sakini Bayramov Nurəddin Məcid oğlu bildirdi ki, qızı Qənbərova Səriyyə sosial problemləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova şikayət etdiyi üçün həbs edilib: “Qızım YAP-ın üzvüdür, qarşılaşdığı problemlərlə bağlı Vasif Talıbova 5 dəfə ərizə ilə müraciət edib. Bu gün isə Muxtar respublikanın daxil işlər naziriliyinin cinayət axtarış bölməsinin Qulu adlı rəisinin göstərişi ilə qızımı və onun həyat yoldaşı Qənbərov Ülvi Məhərərm oğlunu nazirliyə apararaq həbs ediblər. Hələ də qızımdan və onun həyat yoldaşından bir xəbər yoxdur. Kürəkənimin atası Qənbərov Məhərrəm 1-ci qrup Qarabağ qazisidir. Qızımın həyat yoldaşı Naxçıvanda yerləşən sərhəd diviziyasında 12 ildən çox xidmət göstərib. Bununla belə onu qanunsuz şəkildə işindən azad ediblər. Biz bununla bağlı məhkəməyə müraciət etmişik. Qızım Naxçıvan Şəhər 1 saylı orta məktəbdə müəllimə işləyir. Hazırda analıq məzuniyyətində olan qızım və ailəsi dekabr ayından bu günə qədər qızımın aldığı 26 azn məvaciblə dolanırlar. Bununla dolanmaq olarmı?! Bu acınacaqlı problemlərlə bağlı rəhbər orqanları məlumatlandırdığı və onlardan kömək istədiyi üçün insanı həbs edərlərmi?! Hansı əsasla, hansı vicdanla körpə övladı olan ananı həbs etmək olar?!” Deyə Nurəddin Bayramov bildirib.
Hazırda qızının və kürəkəninin hələ də həbsdə olduğunu bildirən Nurəddin Bayramov onların talellərindən narahat olduğunu , doğmalarına qarşı işgəncə halları baş verərsə Azərbaycan vətəndaşlığından imtina edəcəklərini bildirdi.
Məsələ ilə bağlı aidiyyəti qrumlarla əlaqə saxlamağa cəhd etsək də, əlaqə saxlamaq mümkün olmadı.
ELŞƏN