|
Gürcüstanın baş prokurorluğu Azərbaycan üzərindən keçməklə 3 ton maye heroin daşıyan yük maşını sürücüsünü həbsdən azad edib.
Virtualaz.org xəbər verir ki, prokurorluq narkotik maddələrin qanunsuz əldə edilməsi və daşınmasında, beynəlxalq tranzitində ittiham olunan sürücü Quram Tetsxladzenin barəsində cinayət işinə xitam verilib. İstintaq müəyyən edib ki, sürücü yükün daşınması barədə təklifi bu il iyulun 3-də Türkiyə vətəndaşı Bayram Coşqunidən alıb. Coşquni gürcü sürücüyə yükün maye sabundan ibarət olduğunu bildirib. “İstintaq müəyyən edib ki, Tetsxladze yükün narkotik maddə olmasını bilməyib və bunu müəyyən edə bilməzdi” deyə prokurorluq bildirir.
Gürcüstan prokurorluğunun məlumatına görə bu iş üzrə hazırda Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu həbsdədir, Bayram Coşquni isə axtarışdadır. Narkotik yüklənmiş maşın İrandan yola çıxıb, Azərbaycan ərazisindən keçib və Gürcüstan ərazisində saxlanılıb. İstintaq 3 ton maye heroinin “Taliban”a məxsus olduğunu, Əfqanıstandan göndərildiyini və Gürcüstandan keçərək Moldovaya çatdırılmalı olduğunu müəyyən edib. Ehtimal ki, yük oradan Avropaya ötürüləcəkdi.
Prokurorluq bildirir ki, Gürcüstan hüquq-mühafizə orqanları yükün tranzit olaraq keçdiyi ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində narkomafiyanın digər üzvlərinin aşkar edilib saxlanılması yönündə işləri davam etdirir.
Xatırladaq ki, Azərbaycan ərazisindən tranzit olaraq keçən 3 ton maye heroinin Gürcüstan ərazisində tutulması böyük rezonansa səbəb olmuşdu. Yükün Azərbaycan üzərindən necə keçdiyinə rəsmi orqanlar izah verə bilməyiblər. Bununla belə gömrük orqanlarının bəzi işçilərinin bu qalmaqala görə işdən azad edildiyinə dair məlumat var. Həmçinin xəbər verilmişdi ki, prezident İlham Əliyev narkotikin Azərbaycan üzərindən necə keçirildiyinə dair araşdırmanı şəxsən nəzarətdə saxlayır.