|
Rusiya “Avrasiya” hərəkatını lideri, prezidenti Vladimir Putinin “danışan dilləri”ndən olan politoloq Aleksandr Duqin Ermənistan haqda yenə də sərt ifadələr işlədib.
Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, qonşu ölkə KİV-ə müsahibəsində o, bildirib ki, “Ermənistan Qafqaz və xristian ölkəsi kimi yalnız Avrasiya məkanına mənsubdur”.
“Ermənistan ənənəvi olaraq Avrasiya geosiyasi xəritəsində yer alıb. Ona görə də Ermənistanın yeri Avrasiyadır, ayrı yeri sadəcə olaraq, yoxdur. Ya o, Avrasiya ölkəsi olacaq, ya da ümumiyyətlə, mövcud olmayacaq. Ancaq hansı ritmdə, hansı dinamikada, nə vaxt bu, baş verəcək, söyləməkdə çətinlik çəkirəm, çünki Ermənistanın inteqrasiyası az vaxt da apara bilər, uzun zaman da. Bu, şəraitdən asılı olacaq” – deyib Duqin.
Onun qənaətinə görə, hər bir erməni avrasiyalı olmalıdır: “Başqa variant mümkün deyil. Mən İrəvanda tez-tez oluram və görürəm ki, hətta erməni ziyalıları arasında da belə dəqiq yanaşması olanlar yoxdur. Bu isə prosesi ləngidir... Ermənistanın mövcudluğunun əsas qarantı Rusiyadır”.