|
İki ay bundan əvvəl parlamentdə təmsil olunan və hakim koalisiyaya daxil olmayan 4 siyasi qüvvə - “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi, “İrs” və “Daşnaksütyun” hakimiyyətə ünvanlanan 12 tələbin siyahısını yayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan sonra həmin “dördlük” tələblərin imzalandığı birgə mətbuat konfransında hakimiyyətə sentyabr ayının axırına qədər vaxt verdiklərini bəyan etmişdilər. Onlar həmin müddət başa çatanda birgə mitinq keçirmək haqda xəbərdarlıq da etmişdilər. Xatırladaq ki, 12 tələbin əksəriyyəti daxili siyasətlə bağlıdır. Prezident Serj Sərkisyan isə bir müddət sonra deyib ki, əgər müxalifət qarşısına hakimiyyətlə əməkdaşlığı məqsəd kimi qoyursa, onda “biz tələb edirik” kimi ifadələrdən tamamilə imtina etməlidir. Bu xəbərdarlıqdan sonra 12 tələblə bağlı məsələ sanki bağlanıb. Bu gün Hakim Ermənistan Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan “dördlüyün” payızda birgə mitinq keçirmək niyyətinə münasibət bildirib: “Əgər müxalifət vahid mövqedən çıxış edib sağlam tənqid və təkliflər irəli sürəcəksə, buna yalnız sevinərik. Yaşayarıq, görərik. Mitinqləri gözləyirik”.