|
Son zamanlar insanları narahat edən məsələlərdən biri də əsasən yüksək çinli məmurlar tərəfindən hüquqları pozulan vətəndaşlarımızın prezident İlham Əliyevə ünvanlanan şikayət məktublarının cavablandırılmaması olur. Məmur özbaşınalıqlarından ümidlərini prezidentə məktubla şikayətdə görən şikayətçilərin ümidləri elə cavabsız məktublarla bir yerdə ölür. Buna görə də insanlar arasında “kimə şikyət edirsən et, nə mənası var…”, “məmurların məktublar şöbəsində xüsusi adamları var, gələn məktublar pul qarşılığında şikayət edilən məmura verilir” kimi fikirlər formalaşır. Bəzən isə ümidi hər yerdən üzülən vətəndaşlar çıxış yolunu ölkədə olan hansısa dövlətin səfirliyinə müraciət etməkdə görürlər.
Teleqraf.az-a belə müraciətlərdən biri də Ağsu rayon Ağundlu kənd sakini olan İsmayılov Səfa Mustafa oğlu tərəfindən ünvanlanıb. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılovun ona və ailə üzvlərinə etdiyi zülmlərdən bezərək dəfələrlə prezidentin ünvanına şikayət məktubu göndərən Səfa İsmayılov da çıxış yolunu ölkədə olan xarici dövlətlərin səfirliklərindən sığınacaq istəməkdə görür.
Səfa İsmayılov saytımıza yazaraq bildirib ki:
Hörmətli redaksiya, bizim ailəmizin problemlərini işıqlandırdığınız üçün sizlərə dərin təşəkkürümüzü bildiririk. SOCAR-ın vitze –prezidenti Mikayıl İsmayılov bizim ailəmizi yaşadığımız dogma kəndimizdən baş götürüb qaçmağa məcbur edir. Həyatımız təhlükədədir, sizdən xahiş edirəm ki, bizim ailəmizə kömək əlinizi uzadın. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılov vəzifəsindən və pulundan istifadə edərək bizim ailəmizin həyatını puça döndərir. Mikayıl İsmayılov vəzifəsindən istifadə edərək, mənim içində 3 tövləsi - çoban evləri olan 137 hektar torpağımı qoçularını üzərimizə salaraq əlimdən alıb və traktorun qarşısına saldıraraq uçurtdurub. Dəfələrlə çobanlarımı döyüblər, fermamızda saxladğımız itlərimizi güllə ilə vurub öldürüblər. Binədə olan qoyun töyləmizi gecə yandırıblar. Buna etiraz edən oğluma Mikayıl İsmayılovun qardaşı silahla hədə qorxu gəlib. Bu təzyiqlərə dözməyən oğlum ağr xəstəliyə tutularaq dünyasın dəyişdi. Haralara müraciət etsəm də heç bir nəticəsi olmadı. Mikayıl İsmayılov pul basaraq bizim haqqımızı, övladımın qanını tapdaladı.
Hörmətli redaksiya!
Mikayıl İsmayılovun ürəyi bununla soymayaraq, bizim icazəmiz olmadan yenidən 2 hektar qanuni sənədlərlə ailəmizə məxsus olan pay torpağımızı qazdırıb torpağını daşıtdırdı. Mən onun özünə bunun Allahsızlıq olduğunu bildirsəm də heç bir nəticəsi olmadı. Torpağımızı bizi saymadan qazdırıb içində olan çınqılları satdıraraq milyonlarla pul qazanır. Biz isə həyatımızdan qorxaraq heçnə deyə bilmirik. Bununla bağlı aidiyyəti qrumlara yazaraq məlumat versəm də, Mikayıl İsmayılovun qorxusundan kimsə bizim haqqımızı müdafiə etmir. Ümidimiz isə prezidentədir, ona yazdığımız şikayət məktubları isə cavablandırılmır. Sanki Mikayıl İsmayılovun prezident administrasiyasında xüsusi adamları var, prezidentə ünvanlanan şikayət məktublarının prezidentə çatmasına imkan vermirlər.
Mən Ağsu rayonunda ilk yaranan Fermer Təsərüffatlarının sədri olmuşam. Növcü ərazi bölgəsini təmsil edən 6 kəndin Ağsaqqallar Şürasının sədriyəm. Fermer təssərrüfatı üzrə respublikanın ən qabacıl fermerlərindən biri olmuşam. 1994 –ci il sentyabr ayının 20-də Mərhum prezident Heydər Əliyevin keçirdiyi müşavirədə qabaqcıl fermer olaraq mən də xüsusi dəvətlilərdən biri olmuşam. Heydər Əliyev Ağsunun adını çəkərək bizim əməyimizi də dəyərləndirdi və bizə diqqət yetirməmiz üçün xüsusi tapşırıq verdi.
Mən hazırda Ağsu rayon Növcü ərazi bölgüsü üzrə 6 kəndin Ağsaqqlalar Şurasının sədriyəm. Ömrümün böyük hissəsini kənt təsərrüfatının inkşafına həsr etmişəm. Onlarla kənd sakinini işlə təmin edərək çörək qazamnasına vasitə olmuşam. İndi isə adi bir məmurun mənə etdiyi haqsızlıqlardan təngə gəlib ölkəni tərk etmək məcburiyyətində qalmışam. Mikayıl İsmayılovun əli o qədər uzundur ki, hətta prezidentə ünvanlanan şikayətlərin də qarşısını almağa bəs edir.
Hörmətli redaksiya!
Sizdən ailəmiz adından xahiş edirik ki, bizim faciəmizi ictimailəşdirin ki, heç olmasa mətbuat vasitəsi ilə president administrasiyasinda bir insaflı məmur oxuyub bu barədə prezidenti məlumatlandırsın. Mənim üçün vətənimi tərk etmək çox çətindir. Ölkəmdə yaranan problemləri də hansısa dövlətin səfirliyi vasitəsi ilə həll etmək ümumniyyətlə dözülməzdir. Ancaq bizim ailəmiz buna məcburdur. Biz bir neçə günə Azərbaycanda olan bütün dövlətlərin səfirliklərinə müraciət edərək sığınacaq istəyəcəyik. Yaqin ki, cənab prezidentimiz buna imkan verməyəcək və Mikayıl İsmayılov kimilərini yerində oturdacaq.
Hörmətlə İsmayılov Səfa Mustafa oğlu