Gənc fəal Qiyas İbrahimova çıxarılan hökmdə diqqət çəkən və müzakirələrə səbəb olan məqamlardan biri də hakimin ona prokurorun təklif etdiyindən ağır cəza verməsidir.

Hökm oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb. Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan bir neçə gün qabaq dövlət ittihamçısı Qiyasın 9 il azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Novator.az bildirir ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna görə, hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına tabedirlər.

Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

“Məhkəmələr və hakimlər haqqında” qanuna görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

Qiyas İbrahimov qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda təqsirli bilinib. Ancaq müdafiəçiləri bildirirlər ki, Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov (onun məhkəməsi noyabr ayında başlayacaq) siyasi sifarişlə tutulublar. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etiraz şüarları yazılıb və gənclərin həbsi də bununla bağlıdır.

“Azadlıq” radiosunun internet səhifəsində hakimin Qiyas İbrahimova prokurorun istədiyindən ağır cəza verməsi məsələsi ilə bağlı hüquqşünaslar Ənnağı Hacıbəyli, Müzəffər Baxış, İntiqam Əliyev və Əlayif Həsənovun rəyləri dərc olunub.

Ənnağı Hacıbəyli: “Bu, çox nadir hadisədir. Hakim adətən prokurorun istədiyi müddətdən 1-2 il az cəza verir. Hətta bəzən prokuror 5 il cəza tələb edir, hakim isə bəraət verir. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimin Qiyas İbrahimova prokurorun istədiyindən artıq cəza verməsi işin siyasi sifariş olmasına dəlalət edir. Burda hüquqi məna axtarmaq mənasızdır.

Qiyas İbrahimovu heykələ “Qul bayramınız mübarək” yazdığına görə həbs etdilər. Vəssalam. Deməli, Heydər Əliyevin heykəli qarşısında ancaq baş əymək olar. Belə absurd hökmün səbəbi də budur”.

Müzəffər Baxış: “Burada qanun pozuntusu yoxdur, Cinayət Məcəlləsinə görə, prokuror cəzanın təyin edilməsi barədə sadəcə təklifini söyləyir. Məhkəmə bu təkliflə razılaşa da bilər, razılaşmaya da. Məhkəmə cəzanın sanksiyasından artıq cəza versəydi, o zaman qanun pozuntusu olardı.

Ancaq Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığına, bütün məhkəmələr prokurorluqdan asılı olduğuna və cəza siyasətini sifariş əsasında prokuror müəyyənləşdirdiyinə görə hakimlər adətən dövlət ittihamçısının təklif etdiyi cəzadan kənara çıxmırlar. Hakimin təqsirləndirilən şəxsə prokurorun təklif etdiyi cəzadan daha artıq iş verməsi isə nadir hallarda olur. Belə hallar barmaqla sayıla bilər.

Qiyas İbrahimovun işi siyasi çalarlı olduğundan, ola bilsin, hakim özünü “yandırmaq” istəməyib, prokurordan daha artıq cəza verib”.

İntiqam Əliyev: “Prokurorun 9 il cəza istəməsi müqabilində məhkəmənin Qiyas İbrahimova 10 il həbs kəsməsi dəhşətli bir hadisədir. Uzun illərdir Azərbaycan məhkəmələrində törədilən özbaşınalığın, haqsızlığın, ədalətsizliyin, allahsızlığın az şahidi olmamışıq. Ona görə düşünürsən ki, səni təəccübləndirəcək elə bir şey ola bilməz. Amma bəzən elə hadisələr baş verir ki, təəccübə qarşı güclü immuniteti olan bizləri də dəhşətə gətirir. Ölkənin dəyərli övladı Qiyasa qarşı edilən nə qanunlara, nə beynəlxalq hüquqa, nə ədalətə, nə hakim əxlaqına uyğundur. Buna nə ad vermək olar? Heykələmi yarınırlar? Hakimiyyətə sədaqətlərinimi sübut etməyə çalışırlar? Nə gərək var buna? Bunu ki ölkədə bilməyən kimsə yox. Baş verən dəhşətli şeydir. Amma yenə də nəyə təəccüblənirik ki?! MTN qoçularına minnətdarlıq yazan məhkəmədən nə desən gözləmək olar”.

Əlayif Həsənov: “Tam özbaşınalıqdır. Məhkəmənin buna hüququ yoxdur. Qanunda konkret qadağa olmasa da, məhkəmə ədalət mühakiməsi rolu oynayaraq ittihamçının tələb etdiyi cəzadan artıq cəza təyin edə bilməz. Burda məhkəmə sadəcə Roma papasından artıq katolik rolunu oynayıb”.

Xəbər lenti