Prezident İlham Əliyev mediaya açıqlamasında bildirib ki, “Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir”.

Dövlət başçısı bu sözləri Venesuela prezidenti Nikolas Maduro-nu salamlarkən, mediaya birgə bəyanatlar zamanı dilə gətirib. Onun fikrincə, neft bazarını yalnız bu yolla sabitləşdirmək olar.

Nefti kəskin ucuzlaşdırmayacaq formul axtarışı

Prezidentin fikrincə, digər neft ölkələri də bu yanaşmaya dəstək verəcək və oxşar addımlar atacaqlar. Neft çıxaran ölkə kimi, indiki gəlirlərinin 71,85 faizinin xam neftdən asılı olduğu nəzərə alınsa, Azərbaycan dünya bazarında, “ədalətli qiymətlərin” hökm sürməsində maraqlıdır. Hazırda “Brent” markalı neftin bir barrelinin orta qiyməti 43 dollar civarındadır. Hasilatçı ölkələr bu qiymətin 60 dollar civarında bərqərar olmasını arzulayır, başqa sözlə, yaxın perspektivdə neftin qiymətinin 40 faiz bahalaşmasına çalışırlar. Belə maraqla Azərbaycana və ardınca körfəz ölkələrinə səfərə çıxan Venesuela prezidenti yaxın 10 ildə nefti bir daha kəskin ucuzlaşdırmayacaq formul axtarışındadır.

Azərbaycan Xəzər hövzəsində hasilatını “donduracaq” tək ölkədir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, həmin formulu Xəzər hövzəsində tapmaq çox çətin olacaq və Azərbaycan burada neft hasilatını “donduracaq” tək ölkə kimi qalacaq. Onun sözlərinə görə, Xəzər hövzəsində Azərbaycandan başqa heç bir ölkə neft hasilatını azaltmağı düşünmür (Azərbaycanda hasilat obyektiv səbəblərdən azalmaqdadır – red.). Məsələn, Qazaxıstan hökuməti gələn ilin büdcəsində neft hasilatını 4,5 milyon ton, Rusiya hökuməti isə 4 milyon ton artırmağı müəyyənləşdirib. Türkmənistanda isə ard-arda 3 ildir ki, dənizdəki yataqların hesabına hasilat artır. İrana gəlincə, bu ölkə sanksiyaların aradan qaldırılması hesabına gündəlik hasilatı artıq 3,6 milyon barrelə çatdırıb və bunu 4 milyonadək artırmağı planlaşdırır.

“Rəsmi Tehran uzunmüddətli sanksiyaları əsas gətirərək…”

İlham Şaban indiki durumda Azərbaycan prezidentinin çağırışının müsbət qarşılanacağına inanmır: “Axı Xəzər hövzəsi ölkələrindən yalnız İran OPEC üzvüdür. Rəsmi Tehran uzunmüddətli sanksiyaları əsas gətirərək, indi – bu sanksiyalar götürüləndən sonra, hasilatı azaltmaq fikrinə heç də ürəkdən yanaşmır. Yəni, hətta bu ideyanı dəstəkləsə də, reallıqda ona nə qədər əməl edib-etməyəcəyi bəlli deyil”.

“Təkcə Xəzəryanı ölkələr…”

Ekspertin fikrincə, OPEC-in növbəti toplantısında gündəlik hasilatın 700 min barrel azaldılması qərarı çıxsa da, həmin qərarın təsiri gözləntiləri qarşılamaz: “Təkcə Xəzəryanı ölkələr gələn il hasilatı 200 min barreldən çox artırmağı planlaşdırıblar və bu rəqəm reallıqda daha da çox ola bilər. Nigeriya və Liviyanın hasilat artımını da nəzərə alsaq, onda OPEC-in azalma kvotası ilə dünya bazarlarına çıxarılan əlavə neft həcmləri arasındakı fərq daha az olacaq”.

(azadliq.org)

Xəbər lenti