Azərbaycanın ilk və ən məşhur modalar evindən biri heç də yaxşı günlərini yaşamır. Ona görə yox ki, onun çoxsaylı beynəlxalq baxışların, tədbirlərin iştirakçısı və mükafatçısı olan modelyerləri yaradıcılıq uğursuzluğuna düçar olub. Yox, Leyla Əhmədovanın əsasını qoyduğu və sahibi olduğu adlı-sanlı salonun kreativ ideyaları əvvəllər olduğu kimi yenə də çoxdur. Sadəcə, nəzərdə tutulanların həyata keçirilməsinə və yeni kolleksiyaların Bakının və dünya ölkələrinin digər paytaxtlarındakı moda həvəskərlarına nümayiş etdirilməsinə onun icarəyə götürdüyü obyektin sahibi ilə yorucu çəkişmə mane olur.

 

L.Əhmədovanın tədqim etdiyi sənədlərdən məlum olur ki, 2014-cü ilin fevralında onunla hüquqi şəxs Ağayev Nizami Tofiq oğlu arasında metronun “Nizami” stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsi 29-da yerləşən 6 mərtəbəli binanın 4 mərtəbəsinin icarəyə verilməsi barədə müqavilə bağlanıb. Aylıq odəniş haqqı 24 min manat məbləğində müəyyən edilib və o vaxtdan hər şey öz qaydasında gedib: ödəniş vaxtında edilib və icarədarın heç bir iradı, narazılığı olmayıb. Amma…

Məlum böhran baş verdi və bu, moda salonlarından da yan keçmədi. Leyla xanım başa düşdü ki, belə bir şəraitdə həmin məbləği ödəyə bilməyəcək, ona görə də yuxarıdakı iki mərtəbədən imtina etmək qərarına gəldi və Ağayevə təklif etdi ki, müqavilədəki məbləği 14 000 manata qədər endirsin.

Prinsip etibarı ilə icarədar buna yox deməyib, amma sonradan məlum olub ki, o, bu məsələni sənədlərdə əks etdirməyib. Başqa sözlə, yeni müqavilə mahiyyət etibarı ilə yalnız şifahi şəkildə razılaşdırılıb.

“İndi o, yarım ildir ki, mənə işləməyə imkan vermir. Öz biznes ortağı Azər Lütvəliyevin köməyinə arxalanaraq məni hədələyir. Bizi sözün əsl mənasında sıxırlar və belə görünür ki, ona heç bir qanunun aidiyyəti, təsiri yoxdur”, – deyə L.Əhmədova hiddətlə deyir.

Demə, icarə haqda müqavilə Ağayevin və 9 nömrəli notariat kontorunun notariusu Sadıxov Rəşad Zülfüqar oğlu tərəfindən əvvəlcədən və bilərəkdən qanun pozuntuları ilə tərtib olunub. Və elə ki, Əhmədova icarə haqqının ödənişini iki gün gecikdirib, Ağayev binanın modelyerə aid hissəsinin elektrik enerjisini kəsdirib.

Leyla Əhmədovanın sözlərinə görə, müqavilə bağlanarkən, onun qanun pozuntularından xəbəri olmayıb. “Ən əsası, Ağayevin bizim icarəyə götürdüyümüz binaya kupçası olmayıb. Notairus bu barədə bilib, amma bizə xəbər verməyib. Əks halda biz bu müqaviləni ümumiyyətlə bağlamazdıq”-modelyer vurğulayıb.

“Mən burada bir milyon 200 min manat xərc çəkərək, yəni, öz vəsaitim hesabına təmir işləri aparmışam. Binada bahalı avadanlıqlar quraşdırmışam. Onun bizə xəbərdarlıq etmədən elektrik enerjisini kəsməyə hüququ yoxdur. Mənim sübutum var ki, Ağayev bununla mənə 15 000 dollar məbləğində zərər vurub. Mən hələ icarəyə götürdüyümüz binanın təmirinə xərclədiyim pulları demirəm, hansı ki, mənə yarım milyon manatdan çoxa başa gəlib. Bunu cəlb etdiyimiz müstəqil audit də təsdiqləyib.

Bundan başqa, ofisdə mənim xaricdən çox böyük məbləğ hesabına alıb gətirdiyim məhsullar da var. Ağayevin hərəkətlərinə əmlakın qanunsuz mənimsənilməsindən başqa heç bir ad vermək olmur.

Ağayev binanın boşaldılmasına nail olmaq üçün Xətai Rayon Məhkəməsində iddia qaldırıb. Binanın sahibi Leyla Əhmədovanın icarəyə görə 270 min manat vəsait ödəməsini tələb edib.

Hakim Namidəd Misirzadə Əhmədovanın binanın təmirinə sərf etdiyi vəsaiti – hansı ki təyin olunmuş ekspertiza müəyyən etmişdi, – nəzərə almadan bu ilin sentyabrında Ağayevin iddiasını təmin edib.

Əhmədova öz növbəsində məhkəmənin həmin qərarından şikayət edib və indi Apellyasiya Məhkəməsi həmin məsələyə dair öz qərarını verməlidir. Ancaq Ağayev məhkəmənin qərarını gözləmədən sentyabrın 27-nə keçən gecə öz “qoçularını” həmin obyektə göndərib. Onlar binanın gözətçisini qovub və qapını bağlayıblar. Dərhal hadisə yerinə gələn Əhmədovanı isə əmin ediblər ki, bina çöldən qorunacaq və heç nə itməyəcək. Ancaq ertəsi gün səhər arxa qapıdan binaya daxil olan Əhmədova görüb ki, ofisi əməlli-başlı qarət olunub. Modelyerin sözlərinə görə, dekorasiyalar sındırılıb, parçalar oğurlanıb, paltarlar və 30 000 manat pul “yoxa çıxıb”: “Təsəvvür edirsinizmi onlar burada nələr törətmişdilər? Hər şeyi dağıtmışdılar. Məni binadan zorla çıxarmaq istəyirdilər. Mən dərhal polis çağırdım və oğurluq haqda onlara məlumat verdim. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb, istintaq gedir. Ancaq indiyə qədər heç kim məsuliyyətə cəlb olunmayıb. Hərçənd ki, soyğunçunun şəxsiyyətini ayırd və müəyyən etmək çətin deyil” – L.Əhmədova deyib.

Ağayevin adamları binanın giriş qapısını qaynaq ediblər. Baxmayaraq ki, modalar evinin sahibəsi içəridə olub-oğurluq işini araşdıran müstəntiq ona öz əmlakını qorumaq üçün ofisdə qalmağa icazə verib. Qapının üstünə çöl tərəfdən dəmir barmaqlıqlar quraşdırılıb.

“Beş gün məni öz ofisimdə girov saxladılar. Mən binanı bu gün də tərk etməyə hazıram. Amma Ağayev mənim təmirə xərclədiyim pulları ödəməlidir. Mən artıq kömək üçün dövlət başçısına, baş prokurora və daxili işlər nazirinə müraciət etmişəm. Bir vətəndaş kimi onlardan kömək gözləyirəm. Mənim bu reketlərlə mübarizə aparmağa imkanım yoxdur.

 

Mən Yasamal Rayon Məhkəməsinə müraciət edərək Ağayevin elektrik enerjisini bərpa etməsini və məni terrorla hədələməsinə son qoymasını tələb etdim. Hakim Zəfər Quliyev mənim tələbimi qəbul etmədi. Ağayev isə mənim üzümə dedi ki, “hər şey pul gücünə həll olunur, hələlik isə binanı boşaltmaq lazımdır”,- L.Əhmədova deyib. Maraqlıdır, bütün icra orqanları Ağayevin hərəkətlərinin qanunsuz olduğunu etiraf edirlər. Amma heç kim Leyla Əhmədovanın müdafiəsinə qalxıb biznesmen tərəfindən ona qarşı edilən terrorun qarşısını almağa cəhd göstərmir.

Xəbər lenti