Sərdar Cəlaloğlu: “Azərbaycanda siyasi inkişafın ölü nöqtəsindən tərpənməsi üçün bu təmas bir başlanğıc ola bilər”

 Noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan KXCP, ADP, ALDP və AXP-nin sədrləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək məqsədilə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş üçün rəsmi məktub göndəriblər. Teleqraf.az xəbər verir ki,bu barədə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında məlumat verib. 

 S.Cəlaloğlunun dediyinə görə, dialoq məsələsinin müzakirəsi zamanı öncə o, dövlət başçısı ilə görüş üçün müraciət etməyi təklif eləyibmiş: “Təklif etmişdim ki, dövlət başçısı ilə proseslərin hara getdiyi, ölkənin vəziyyətini müzakirə etmək üçün müraciət etmək lazımdır. Həmkarlarımın bəziləri isə dedilər ki, öncə Əli Həsənovla görüşək. Bunun üçün müraciət edək. Mən də etiraz eləmədim və müraciəti etdik”.

 ADP sədri bildirdi ki, ola bilər Əli Həsənovla görüşdən sonra proses inkişaf edər və bəlkə iqtidar özü daha yüksək səviyyədə görüşü reallaşdırar. Belə olsa, Azərbaycan tarixində Əbülfəz Elçibəydən sonra ilk belə addım atılmış olar: “Əbülfəz Elçibəy prezidentliyinin 5 ayında ölkədəki bütün siyasi partiya liderləri görüşmüşdü. Həmin görüşdə o dövrdə hakimiyyətə qarşı müxalifətdə olan Yeni Azərbaycan Partiyasının təmsilçiləri Əli Nağıyev və Samur Novruzov da iştirak etmişdi. Azərbaycanda belə bir ənənənin davam etdirilməsinə zərurət var”.      

 Əli Həsənovla görüşdən gözləntiyə gəlincə, S.Cəlaloğlu dedi ki, bir dənə görüşdən inqilabi dəyişikliklər gözləməməliyik. Sadəcə olaraq, bu görüş ölkədə yeni dialoq mühitinin başlanğıcı ola bilər: “Azərbaycanda siyasi inkişafın ölü nöqtəsindən tərpənməsi üçün bu görüş bir başlanğıc ola bilər. Bu görüşdən tərəflər siyasi dialoqun şərtlərinə düzgün əməl eləsələr, bu, bütünlükdə bir prosesə çevrilər, gələcəkdə prosesə digər partiyalar da qoşular, lap prezidentin özünün qatılması istisna edilməməlidir. Bu isə Azərbaycanda demokratiyaya qansız, qadasız, tədrici keçidin əsasını qoya bilər. Təcrübə göstərir ki, o ölkələrdə ki, demokratiyaya zərurət olduğu halda tədrici keçid yoxdur, həmin ölkələrdə qanlı-qadalı proseslər baş verir. Bu isə həmin ölkələri sarsıdır, xalqı, dövləti böyük zərbələr altında qoyur. Bu baxımdan biz gərək praktikanı nəzərə alaq, Azərbaycanın geopolitik durumunu, düşmənlərimizin çoxluğunu nəzərə alıb içdə elə bir siyasət aparaq ki, bu siyasət islahatlara, müsbət dəyişikliklərə gətirib çıxarsın. Bunun üçün isə siyasi dialoqdan başqa yol yoxdur”.

 ADP sədri onu da vurğuladı ki, indiyə qədər klassik mənada siyasi dialoq aparılmayıb. Adətən siyasi dialoq hesab edilən proseslərdə ya iqtidar müxalifəti, ya müxalifət iqtidarı məğlub etmək məqsədi güdüb: “Əslində isə siyasi dialoqun mahiyyəti ondan ibarətdir ki, burada hər iki tərəf qalib olsun, yəni hər iki tərəf özünün öncül olan marağını təmin eləsin. Hər iki tərəf qalib olanda isə ölkə qazanır. Nəzərdə tutduğumuz dialoqda da əgər klassik dialoqun tələblərinə əməl olunmayacaqsa, əvvəla, bu dialoq bir dəfə olacaq və bununla da qurtaracaq, ikincisi, xalq tərəfindən dəstəklənməyəcək. Bir demokratik prosedur yenə də xalqın gözündən düşəcək”. 

 Müxalifət partiyalarının sədrlərinin görüş üçün müraciətinə böyük ehtimalla müsbət cavab veriləcək. Əli Həsənovun görüş məsələsi ortaya çıxan gün “Yeni Müsavat”a açıqlamasında səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Hakimiyyət rəsmisi təşəbbüsə hörmətlə yanaşdıqlarını bildirmişdi: “Hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın   ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”.

 

Xəbər lenti