“Hakimiyyət vətəndaşların konstitusion hüquqlarından başqa, Allahın verdiyi yaşamaq haqqını, mülkiyyət və bütün hüquqlarını əlindən alıb”

Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun nəticələri bəzi müxalifət partiyaları tərəfindən tanınmadı. Konkret olaraq AXCP və Müsavat Partiyası referendumda 10 faizədək seçicinin iştirak etdiyini bəyan edərək, ümumxalq səsverməsinin baş tutmadığını elan etdi. Bəs, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu barədə hansı fikirdədir? Bu və digər suallara cavab tapmaq üçün Savemeypost.com saytı KXCP sədri Mirmahmud Mirəlioğlundan müsahibə götürüb. Teleqraf.az həmin müsahibəni olduğu kimi təqdim edir:

- Mirmahmud bəy, rəhbərlik etdiyiniz partiya referendumun MSK tərəfindən elan olunan rəsmi nəticəsi ilə barışıb?

- Əslində, ümümxalq səsverməsinə (referenduma) heç bir ehtiyac yox idi. Ancaq Azərbaycanda qanun şah deyil, şah qanundur. Azərbaycan hakimiyyəti özünün “şah” olan qanununu bir az da “qanuniləşdirdi”. Biz barışdıq, barışmadıq, hökümət öz bildiyini etdi. Heç Azərbaycan seçicisinin də vecinə deyil. Azərbaycan insanı illər uzunu qanundan, Konstitusiyadan yox, daha çox dövlət başçısından, hakimiyyətdən ehtiyatlandı. 2016-cı il 26 sentyabr referendumundan sonra yox, 1993-cü il 4 iyun qiyamından sonra Azərbaycan cəmiyyəti qismən də olsa baş verənlərlə barışıb və barışdığına görə də cəmiyyət hər referendumda dəyişdirilən qanunların mahiyyətinə belə, varmır. Ona görə də, indiyə qədər olanların hamısı “qanuniləşəcək”. 
Azərbaycan hakimiyyəti artıq bəyanat verməyə başlayıb ki, bizə heç kəs diqtə edə bilməz. Azərbaycan qanunları hər kəsdən üstündür. Bundan sonra Azərbaycandakı qanunsuzluqlarla, haqsızlıqlarla bağlı kiməsə müraciət etmək, hansısa haqqı tələb etmək Azərbaycandan kənarda da mümkünsüz olacaq. Əvvəl Azərbaycan hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını qismən də olsa yerinə yetirirdisə, bundan sonra həmin qərarlar Azərbaycan hakimyyəti üçün heç keçərli olmayacaq, bunları qəbul etməyəcək və icra etməyəcək. 

- Qeyd etdiniz ki, əhali bu vəziyyətlə barışıb. Sizcə, əhalinin bu vəziyyətlə barışmasının səbəbləri nədir?

- Hələ bir il deyil, iki dəfə devalvasiya olub. Manatın devalvasiyası ilə bağlı əhalinin rayonlarda qismən etirazı oldu, amma mütəşəkkil hal almadı. Devalvasiyadan sonra bilərəkdən çörəyin qiyməti ilə oynadılar. Bir ay sonra yenə qiyməti qaldırdılar. Əhali bütün bunlarla razılaşdı. Azərbaycan vətəndaşı öz haqqını qorumaq əvəzinə, ölkədən başını götürüb gedir. Azərbaycan hakimiyyətinə də bu sərf edir. Elan edirlər ki, 5 milyondan çox seçici var. Əslində, Azərbaycan seçicilərinin 50 faizdən artığı ölkədə deyil. 
Ikincisi, Azərbaycan cəmiyyətinin bu vəziyyətlə barışmasında məsuliyyət müəyyən faiz də bizim öhdəmizə düşür. Amma bu məsuliyyətin hamısı bizim üzərimizdə deyil. Xalq nə vaxt qalxdı, öz haqqını müdafiə etdi, yaxud biz önə düşəndə ardımızca gəldi ki?! 
Azərbaycan hakimiyyəti qismən də olsa, öz istəyinə nail olub. Vətəndaşların hüquq və azadlıqlarını əlindən almaqla, onun konstitusion hüquqlarından başqa, Allahın verdiyi yaşamaq haqqını, mülkiyyət hüquqlarını və bütün hüquqlarını aldığına görə, insanlar da sanki bununla barışıb. Təbii ki, bu barışmaq müvəqqəti haldır. Azərbaycan hakimiyyəti Konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. Amma fərqinə varmır ki, hakimiyyətin ömründən əvvəl, insanın öz ömrü var. Qoy, Azərbaycan iqtidarının hər bir üzvünə Allahın verdiyi ömür hamımızdan uzun olsun. Lakin bunun da bir sonu olacaq. Allah bəlkə də bu ömrü və hakimiyyəti uzun verir ki, günahlarını bağışlatdırmaqdan ötrü imkan olsun. Azərbaycan hakimiyyəti isə fərqində deyil. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti mistik qaydalar ilə idarə olunur. 7 ildən bir referendum keçirilir. Bu referendumların hamısı mövcud hakimiyyətə görə olub. Bu referendumların keçirilməsi Yusif Sərracın başına gələ biləcək məsələlər və yaxud onu qorumaqdan ötrüdür. Azərbaycan hakmiyyəti mistikanı yaxşı mənimsəyib, öz adamlarına belə, etibarı zəifdir. Buna baxmayaraq, Azərbaycan insanını idarə edə bilir. Vətəndaşlarımız da sanki bu vəziyyətlə barışıb. Amma, bu, çox uzun sürən deyil, həm də zahiri xarakter daşıyır. 

- Belə fikirlər var ki, referendumun nəticələri ilə bağlı hakmiyyət daxilində ciddi narazılıq var və qarşıdurma ola bilər. Bu haqda Siz hansı fikirdəsiniz?

- Bu, bizim illərlə arzuladıqlarımızdır. Amma hakimiyyətdaxili qruplaşmalar var. Bütün hakimiyyətlərdə də olur. Bu, biraz qapalı, biraz açıq şəkildə olur. Azərbaycan hakimiyyəti bunları göstərməməkdə mahirdir. Hər seçkidən sonra baş verənlər onu göstərir ki, hakimiyyətdəki komanda yekcins, yekdil deyil. Baxın, Azərbaycan hakmiyyəti nə edir: keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu çıxarda bilmir, Milli Təhlükəsizlik Nazirlyini ləğv edir. Nəqliyyat naziri Ziya Məmmədovu çıxara bilmir, onun kurasiyasında olan nazirliyi bir neçə yerə bölür. Yəni həm onların gücünü parçalayır, həm də bunların hamısı yığılan pulları əldə etmək üçündür. Hakmiyyətin məşhur ifadlərindən biri də “vahid pəncərə”dir. Vahid pəncərədən hər şey vahid mərkəzə daxil olmalıdır, haradasa ilişib qalanları da yığışdırmaq lazımdır. Ona görə də hər şey Azərbaycan hökümətinin arzu və istəklərinə uyğun olacaq. Daha qrupların arzu və istəklərinə uyğun olmayacaq. Məsələn, Artur Rəsizadə Azərbaycan hökümətini qane edirsə, baş nazir olur, qane etmirsə, kənarlaşdırılır. Bütün bunlar birinci şəxsin istək və arzularından, komandada ona bağlı olan insanların sədaqətindən asılı olacaq. 

- Sizcə, referendum həqiqətənmi İlham Əliyevin iradəsi ilə keçirilib? Çünki belə fikir də var ki, əslində bu referendumun keçirilməsi hakimiyyətdaxili qruplara lazım idi...

- Konstitusiya dəyişiklikləri qanunamüvafiq olaraq elan olunandan sonra, Konstitusiya Məhkəməsinə göndərldi. O zaman biz xüsusi olaraq dedik ki, əgər bu, bir nəfərin arzu və istəkləridirsə, bu faciədir. Yox, əgər kollektiv düşüncənin məhsuldursa və bir institut, komanda işləyib hazırlayıbsa, bu artıq düşmənçilikdir və bu düşmənçilik Azərbaycan iqtidarına, konkret olaraq İlham Əliyevə düşmənçilkdir. Yəni xalqa düşməni göstərməkdir. Bax, hər şeyin səbəbkarı odur, hər şeyi o istəyir ki, belə olsun. Bizim mövqeyimiz budur. 

- Bir halda ki, 2009-cu ildə keçirilən referendumda İlham Əliyev üçün bütün bariyerlər götürülmüşdü. Belə olan halda İ.Əliyevə bu referendum nə üçün lazım idi?

- 2009-cu ildə keçirilən referendumla bağlı Azərbaycan iqtidarının tərkibində olan bəzi millət vəkilləri referendumun İlham Əliyevə lazım olmadığını demişdilər. Sonra onları susdurdular. Bildiyimiz kimi, həmin referendumla “iki dəfədən artıq seçilə bilməz” məsləsi götürüldü. Referendum təklifi təkcə Azərbaycan daxilindən deyil, həm Şimaldan, həm Qərbdəndir. Rusiyada da hakmiyyəti bu cür idarə edirlər. Putin-Medvedyev, Medevedyev-Putin yerdəyişməsi ilə idarə edirlər. Onların düşüncələrinə görə, Rusiyanı indiki vəziyyətdən çıxara biləcək insan yoxdur. Azərbaycan da qismən də olsa, Rusiyanın təsir dairəsindədir. Biz Rusiyaya töyücü veririk. Nə 2009-cu il, nə də indiki referendum heç lazım deyildi. Amma bu referendumda xüsusi olaraq yaş senzi və cəmiyyətə mesaj var. Bu məsələlər olduğuna görə, bu referendum keçirildi. Hesab etdilər ki, referendum çox yüksək səviyyədə keçirildi. Hətta MSK sədri maraqlı bir ifadə işlətdi ki, “bizim seçki komissiyaları öz işlərini məharətlə yerinə yetirdilər”. Burada məhkəmə perspektivi var. Bu, məhkəmə perspektivi olacaqsa, Məzahir Pənahovla mənim aramda ola bilər. Problem yoxdur, sübut edə bilərik. Bu, bütün arxivlərdə var, ya bilərkdən deyildi, ya də gələcəkdə özünü sığorta etməkdən ötrü deyildi. O, dolayısı ilə cəmiyyətin seçkiyə gəlmədiyini deyirdi. 
15 iyulda Türkiyədə baş verənlərin də Azərbaycanda keçirilən referenduma birbaşa olmasa da, dolayısı ilə təsiri var. İsbatlamağa da ehtiyac yoxdur. Təkcə Şimaldan və Qərbdən yox, həm də biz öz dost, qardaş Cümhuriyyətimizdən də bu istiqamətdə dəstək aldıq. Orada düzənlənən qiyam Azərbaycana da təsir etdi. Bundan əlavə, bizim “MTN işi”miz var. Eldar Mahmudov və onun dəstəsi ilə bağlı iş hələ başa çatmayıb. Hələ Hacı Məmmədov həbs olunanda xüsusi demişdi ki, “mən kiməm ki, dinozavrlar bayırdadır”. Hələ bunun əl-ayağını kəsmək mümkün deyil. İndiki halda Azərbaycan bir tilsimli dairədədir. Yəni Eldar Mahmudov Qərbdən dəstəklənir. Onun gördüyü işlərin hamısı Qərbin dəstəyi ilə olub. Bu nüfuzu, hörməti, sədaqəti, etibarı həm dırnaqarası, həm də açıq şəkildə qazanıb və son nöqtəyə qədər gələ bilib. Həm də indi onun gördüyü işləri ləğv etmək belə, mümkün deyil. Ona görə, bu məsələnin də təsiri var. Qərbdən Azərbaycan hakmiyyətinə həm müsbət, həm də mənfi təsir var. Şimaldan da belədir. Müsbət təsir budur ki, sanki ora sivil, demokratik bir ölkədir. Azərbaycandan neçə dəfə böyük ölkədir. Onlarda da hələ bu məsələlər davam edir. Həm də, bayaq dediyim kimi, bizim töyücümüz hər ildə, hər rübdə və yaxud Putinin kefi istədiyi vaxt baş tutur. Bunu ağlıkəsən hər bir kəs bilir. Azərbaycan bundan çəkinmədən bu məsələlər ortalıqdadır. Bu təzyiqlərin əlaməti 2016-ci il 26 sentyabr referendumunda da var. Bu təzyiqləri görməmək mümkün deyil. 

- Prezidentin köməkçisi Əli Həsənov referendum günü bəyan etdi ki, ölkədə ciddi islahatlar keçiriləcək. Siz Azərbaycanda ciddi islahatlar gözləyirsinzmi?

- Bu hakmiyyətdən ciddi nəsə gözləmək düzgün deyil. Ayrı-ayrı qurumlarında ciddi addımlar var... Ciddi islahat budur ki, təhsildən təsəvvürü olan, təhsil sahəsində olan bir admı gətirib təhsil naziri qoyurlar. O, bu işin öhdəsindən gələ bilmir. Çünki orada problem həddindən artıq çoxdur. Təhsildən xəbəri olan adamı çıxardır, yerinə heç bir təhsildən xəbəri olmayan adamı, yəni indiki adamı gətirib təhsil naziri qoyurlar. Bu, ayıbdır. Azərbaycan hakmiyyətindən ciddilik bəyanatlarda, hədələrdə olar. Digər sahələr ondan da betərdi. Amma uğurlu sahələr də var. Azərbaycan hakmiyyətini bizim tərifləməyimizə ehtiyac yoxdur. Heç bizim sözümüzü saya salmırlar. 
Əli Həsənovun bu bəyanatı ya məcburiyyətdən, ya perspektivdən, ya da zamanın aktual tələbindən irəli gəlib. Nə olacaq ciddi islahatlar?! Məlumata görə, Azərbaycanda 1 milyon 500 min iş yeri açılıb. Adam məlumata ən yumşaq halda istehza ilə qulaq asır. Əgər 1 milyon 500 min iş yeri açılıbsa, daha doğrusu, Azərbaycan dövlət başçısını bununla aldada bilirlərsə, amma Azərbaycan cəmiyyətini aldatmaq mümkün deyil. Bu qədər iş yeri açıldığı halda, Azərbaycan hakmiyyəti Rusiyaya, Avropaya, Türkiyəyə, Ukraynaya iş dalınca səpələnmiş adamlarımızı niyə səfərbər edib, iş yeri vermir?! Heç işlətdiyi adamların pulunu vermirlər. Artıq neftin qiyməti oynayır. Qeyri-neft sektorunda vəziyyət bərbaddır. Indi pambıqçılığa üstünlük veririk. Bu, çox normaldır. Amma pambıqçılıqla bağlı tədbirlər görsəntidən, əl çaldırmaqdan başq bir şey deyil. Biz də bu ölkədə yaşayırıq. Bura korlar vətəni deyil ki, hamının gözü var. Builki pambıq əkini zamanında bir xeyli şəxsən tanıdığım fermerlər 3 dəfədən artıq çiyid səpini ilə məşğuldurlar. Bu bərbad bir vəziyyətdir. Səpin keyfiyyətsiz olub. Hələ mərkəzləşdirilmiş şəkildə pambığın qəbulu məsələsi də çətindir. Texnikanın satılması və alınması məsələsi də problemlidir. Camaat onun faizinin altından çıxa bilmir. Azərbaycan kənd təssərrüfatı ölkəsidir. Kənd təssərrüfatının inkişafı ilə bağlı nə edilib?! Məhsul su qiymətinə satılır. Burada həftəlik yarmakalar düzəldiblər. Onların hansı şəraiti var?! Elementar təbii ehtiyacları ödəmək şəraiti yoxdur. Yarmarkalarda səyyar ayaqyolu düzəltmək mümkün deyil?! Bu hökümət bunu da görmür?! Bu gün bizim istehlak zənbilimizin vəziyyəti nə cürdür?! Bizim bügünkü qazancımız nə qədərdir? Problem hər zaman olub. Heç olmasa bizi aldatmasınlar, desinlər ki, bir addım yox, bir millimetr irəliləmişik. Kənd təssərrüfatında da vəziyyət yaxşı deyil. Ola bilsin ki, ciddi islahatlar, özlərinin cddi hesab etdiyi islahatlar olacaq. 

- Necə bilirsiniz, referendumdan sonra müxalifətin birgə mitinqinə ehtiyac varmı?

- Bizim bu istiqamətdə fikirlərimiz bu idi ki, hamı bir arada olsun, aksiyaları bir yerdə keçirək. O məsələdə üzə düşən oldu. Açıq və ya qapalı danışanlar oldu. Bu məsələ baş tutmadı. Bundan sonra aksiyaların keçirilməsinin başa çatmış və qüvvəyə minəcək Konstitusiyaya hansı təsiri olacaq, nəyə təsir edəcək ki?! Amma yəqin ki, başqa məsələr olacaq. Azərbaycanda gözlənilən, planlaşdırılan yox, gözlənilməyən, planlaşdırılmayan və daha böyük fəsadlar törədə biləcək sosial tələblərlə kütləvi aksiyalar ola bilər. Bu, müxalifətsiz də ola bilər. Bu, nəzəri cəhətdən də, paraktik cəhətdən də tarixdə olan, bu gün də ola biləcək, təkrarlanan hadisələrdir. Istənilən halda, bu mümkündür. Əvvəl lokal, sonra da mərkəzləşdirilmiş ola bilər. Hər şey ola bilər. “Ərəb baharı”nı gözünüzün qabağına gətirin. Bu, təkcə referendumla, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə yox, başqa məsələlər ilə də olur. Bu hakmiyyət özü qiyam nəticəsində hakmiyyətə gəlib, kim deyə bilər ki, qiyam nəticəsində də getməyəcək?! Hər şeyi nəzərə alırlar. Allahın yaratdıqlarına bir gün sahib duracağını nəzərə almırlar. Bu adamlar vətəndaş olmaqla bərabər, həm də hər birini Allah yaradıb. Vətəndaşlar özləri özlərinə sahib durmayacaqsa, Allah özü yaratdıqlarına sahib duracaq. 
Azərbaycan hakmiyyəti yalnız özünü qorumağamı borcludur?! Azərbaycan insanın haqqını kim qorumalıdır? Elə müxalifətinmi öhdəsinə düşüb insan haqlarını qorumaq? Bunlar fərqində olmalıdırlar ki, bu imtiyazların, bu hökmranlıqların hamısının hesabı olacaq. Bəndə bu hesabı almağı bacarmadı. Amma Allahın qarşısında, elə bu dünyada hesabı olacaq. Bunu iqtidarda olanlar başa düşməlidir. Fərz edək ki, idarəolunanlar öz haqlarını anlamırlar. Deyirlər, elə bizim işimiz dədə-babadan bur cürdür. Bəs, bu fərqində olanlar elə bu cür idarə edəcək?! Elə gülərək, lağa qoyaraq idarə edəcəklər? Bir gün enərkən xalqına salam verməyəcək, xüsusi yığılmış adamlarlamı görüşəcəklər?! 
Azərbaycan iqtidarı axırıncı nə vaxt kiminlə, Azərbaycan mediasının hansısa birinə müsahibə verib? İqtidar Azərbaycan mediasına da Azərbaycan insanına baxdığı kmi baxır. Azərbaycan mediasını saymır. İlin başında borclarını silməklə, bəzilərinə ev verməklə medianı idarə edir. Belə olan halda, sizin sovet təfəkküründən nəyiniz fərqlənir ki? Yaxşı, jurnalistə ev verəcəksən. Bəs, onun vicdanı?! Sabah onun sandıq ədəbiyyatından nələr şıxacaq? Bu gün hökümətə tərif deyənlərin sabah sandıq ədəbiyyatından nəyi çıxmayacaq?! Onun nəsli, şəcərəsi haqqında ortalığa nələr çıxacaq... Biz qarşıq, hər birimiz haqqında yazılar olacaq. Jurnalistin bugününü ödəməklə olmaz. 
Yaxud Azərbaycan daxilində bütün problemlərini həll edib şəhidinə, qazisinə, əlilinə, qocasına, hər kəsə yiyə durubdumu?! Indi xaricdə bu işləri görür. Bütün dünya bizə gülür. 
Bizim meşələrimiz tükənib, artıq Azərbaycan meşələri yoxdur . Bilərkdən meşələri kəsib qurtarmağa çalışırlar. Yaşayış imkanları olmasın deyə, kəndlərə qaz çəkmirlər. Ilham Əliyev sentyabrın 27-də Sumqayıta gələndə məlumat verdilər ki, işıq, qaz problemi yoxdur. Həmin günün səhəri leysan başlayandan bu günə qədər qaz, işıq, hətta su da fasilələrlə verilir. Saray qəsəbəsində də gün ərzində işıq varsa, qaz yoxdur, qaz varsa, işıq yoxdur. Azərbaycanın günü budur. Hətta Gürcüstanda erməni kilsələrinə belə, pulsuz qaz verdik, Azərbaycan kəndləri isə başdan-başa qazsızdır. 

- Sizcə, beynəlxalq təşkilatların, xüsusən də demokratiya carçısı olan qurumların Azərbaycandakı referenduma münasibəti adekvat oldumu?

- Belə qənaətdəyəm ki, adekvat olmadı. Birincisi, beynəlxalq komissiyaların istək və rəyləri nə nəzərə alındı, nə də ekspertiza göndərildi. Hətta Venesiya Komissiyasının rəyi də nəzərə alınmadı. Bundan sonra nəzərə alınası da deyil, nə də ekspertiza göndərilməyəcək. İkncisi də, bu hökümətə nə deyirsən de, öz bildiyini edir. Çünki Avropa Şurasında İlham Əliyevi kifayət qədər tanıyırlar. Ondan əlavə, onlar Azərbaycanı kifayət qədər tanıyırlar. Əvvəl orada da cəsarətli adamlar var idi, dediklərini sona kmi deyirdilər. Çoxusunu “kürü diplomatiyası” ilə ələ aldılar. Avropa Şurasından bizə gələn nümayəndələrə kürü verirdilər. Hətta məşhur biri var idi, Azərbaycan haqqında söz sahibi idi, hətta ona səlahiyyətlərimizi də vermişdik. İndi Türkiyə Cümhuriyyətinin xarici işlər naziridir. Buraya Avropadan gələnlərin əksəriyyəti haqlarını alıblar və çıxıb gediblər. Azərbaycan haqqında xoş söz deyənlərin əksəriyyəti həmin adamlardı. Bunlar da dünya çapında tanınmış adamlardı. İndi məsələr bilərkdən qarışdırılıb. Avropa və beynlxalq təşkilatların bizə münasibəti nədir? Hər kəs bilir ki, İŞİD-in mövqeyi nədir? İŞİD-i yaradanlar da ağıllı adamlar olublar deyə, dünyanın bütün ölkələrindən, xüsusilə müsəlman ölkələrindən burda hər kəsin payı var, vətəndaşı burada iştirakçıdır. Qarabağ problemi qalıb bir tərəfdə, Azərbaycan vətəndaşı gedib İŞİD-in sıralarında döyüşür. Dünyanın aparıcı dövlətləri, İŞİD-i quranlar özləri İŞİD-ə qarşı mübarizə aparırlar. Səbəbləri demokratiyanı, ədaləti bərpa etmək adı ilə dünyada anarxiya, ədalətsizlik, antidemokratiya yaradıb, insan haqlarını tapdalayıb, baş kəsməkdir. Bunu da müsəlman adı ilə, Allahu-əkbər deyərək edirlər. Onlar hərtərəfli qazanırlar. Qurucuları da özləri, dağıdan da özləri, həm xərc qoyub bu işə girişirlər, həm də silahlarını burada satıb pul qazanırlar. Ondan əlavə, adı bədnam olmuş müsəlmanın adıdı, geyimi müsəlman geymidi, əlində qılıncı Allahu-əkbər deyib baş kəsirlər. Bununla da islam fundamentalizminə zərbə vurular, dünyada islamafobiyanı yayırlar. Bütün bunlar hamısı yaradılır və idarə olunur. 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti