Türkiyənin Mosulla bağlı 3 qırmızı xətti var. Əgər buna əməl olunmasa, ordu yaxın günlərdə İraqa girəcək.

Axar.az Yeni Şəfəq-ə istinadən xəbər verir ki, dünən Baş nazir Binəli Yıldırım döyüş təyyarələrinin Mosul əməliyyatında iştirak etdiyini açıqladı. Onun sözlərinə görə, ABŞ-da səfərdə olan Baş Qərargah rəisi Hulusi Akar Türkiyənin Mosulda təşkil olunan hava əməliyyatlarında iştirakı üçün ABŞ-dan razılıq alıb.

Ancaq bu, rəsmi Ankaranın Mosul maraqları üçün yetərli deyil.

Yerli mətbuatda yayılan xəbərlərə görə, yaxın günlərdə Türkiyə daha əhatəli addımlar atmağa başlayacaq.

Türkiyənin Mosulda quru əməliyyatlara başlamasını şərtləndirən üç əsas səbəb var:

Birinci səbəb İraqın şimalında son illərdə yetərincə güclənmiş PKK təşkilatı ilə bağlıdır. Rəsmi Ankara heç bir vəchə təşkilat üzvlərinin Mosulda möhkəmlənməsinə imkan verməyəcək.

İkinci səbəb məzhəbçi şiə qruplaşmalarla bağlıdır. Ankara “İmam Hüseynin intiqamını almağa gedirik” kimi məzhəbçilik yaradan qruplaşmaların Mosulda qalmasını qətiyyən istəmir.

Üçüncü səbəb isə Suriyada PYD, İraqda şiə qüvvələrinin əli ilə demoqrafik dəyişikliyin Mosulda tətbiq edilməsi təhlükəsidir.

Yuxarıda sadalanan üç səbəbdən biri baş verərsə, Türkiyə ordusunun Mosul əməliyyatı labüd olacaq.

Xəbər lenti