Ekspert: “Bu, tanışlıq və dostluq xarakteri daşıyır”

İranın Xəzər donanmasının iki hərbi gəmisinin Bakıya gələcəyi bildirilir. Məlumata görə,  “Dəməvənd” və “Coşan” raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

  Səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olmalı və bir sıra görüşlər keçirməlidir. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

“Yeni Müsavat”a danışan Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa hesab edir ki, gəmilərin Bakıya gəlməsi öncədən razılaşdırılıb: “İran Azərbaycanın müstəqilliyinə hörmət edən dövlətdir. Azərbaycanın da elə bir addımı yoxdur ki, İran buna cavab xarakterli hərəkət etsin. Açığı, bu hadisənin detallarını bilmirəm. 

 Ancaq hesab edirəm ki, razılaşdırılmamış vəziyyətdə hansısa İran gəmisinin hüdudlara gəlməsi məsələsi mümkün ola bilməz. Bu baxımdan da hadisədə hansısa mənfi niyyət axtarmaq doğru deyil. İran Azərbaycanın qonşu dövlətidir və münasibətlərimiz də normaldır. Təbii ki, bəzi məsələlərdə müəyyən anlaşılmazlıqlar ortaya çıxır. Ancaq ümumi strateji  məqamlarda, Azərbaycanın müstəqilliyi üçün hansısa narahatedici addımların atılması real görünmür. Ona görə də İranın hazırkı addımına da həmin kontekstdə yanaşmağın tərəfdarıyam. Bu, sadəcə olaraq, iki ölkə arasında razılaşdırılmış hərəkətlənmədir”.

 Deputat son dövrlər İranla Azərbaycan arasındakı diplomatik münasibətlərə də toxunub: “Son dövrlər İranla Azərbaycan arasında əvvəlkindən fərqli olaraq daha normal münasibətlər müşahidə olunmaqdadır. Xüsusilə də Ruhani prezident seçildikdən sonra Azərbaycanın müstəqilliyi ilə bağlı məsələlərdə həssas yanaşmalar ortaya qoyurlar. Məsələn, əvvəlki kimi ”Səhər" kanalının kütləvi şəkildə ölkə ərazisində təxribatçılıq fəaliyyəti yoxdur. Müəyyən dini mərasimlərin  keçirilməsində İranın təsirləri, öz ideologiyalarını yayma cəhdləri hiss olunurdu. Qeyd etdiyimiz məsələ də bu il nisbətən ajiotaj doğurmadı. Müəyyən yerlər var ki, orada İranın təsiri ilə təbliğat işləri  görülürdü. Azərbaycan dövləti də qətiyyətli şəkildə bunun qarşısını aldı. Yəni bu məsələlər də qabarıq şəkildə olmadığı üçün hesab edirəm ki, belə şəraitdə İranla münasibətlərimiz kifayət qədər normaldır. İranın Azərbaycana yönəlik siyasətində bir ciddi  dəyişiklik olmasa da, hansısa aqressiv addımlar da müşahidə olunmur. Əvvəllər İran bizə  daha çox Ermənistana dəstək verməsi ilə təsir edirdi. İndi  də Ermənistana dəstək versə də, Azərbaycanla da münasibətlərini ehtiyatlı qurmağa maraqlı olduğunu göstərir. Buna görə də biz də maraqlıyıq ki, İranla aramızda problemlər yaşanmasın. Ən azı iqtisadi cəhətdən münasibətlərimiz yüksək səviyyədə olsun. Siyasi baxımdan da çalışaq ki, bir-birimizin daxili işlərinə qarışmadan müəyyən dərəcədə etimadlı münasibət göstərə bilək".

 F.Mustafa bildirib ki,  İranın Ermənistanla sıx əlaqələrinin olması Azərbaycanı incidir: “Bu bir narahatçılıq yaradır. Çünki belə olmamalı idi. Ən azı  Azərbaycanda iranlıların din anlayışına yaxın xeyli insanın yaşadığı da bir faktdır. Heç olmasa bunları nəzərə alaraq, ermənilərə bu qədər yaxın məsafədə olmamalı idi. Ancaq bu da İranın dövlət siyasətidir. Biz bunu tənqid edə bilsək də, dəyişmək imkanımız yoxdur. Qeyd etdiyim kimi, İran Azərbaycanla da münasibətlərinə kifayət qədər əhəmiyyət verir. Bu, bizi qane edir. O baxımdan ki, artıq aramızda hər hansı bir şəkildə gərgin vəziyyət yoxdur. Buna görə də qarşılıqlı şəkildə bir-birimizdən faydalanmalıyıq”.

 Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, İran hərbi gəmilərinin Azərbaycana gəlməsi tanışlıq xarakteri daşıyır: “Belə bir ənənə var ki, bir ölkənin hərbi dənizçiləri  digər ölkənin hərbi dənizçilərinə qonaq gedirlər. Onlar tanışlıq səfərləri həyata keçirib, bir-biriləri ilə fikir mübadiləsi aparırlar. İran hərbiçilərinin Azərbaycana səfəri də sırf dostluq xarakteri daşıyır.  Bizim hərbiçilər də bu cür səfərlər edirlər. Hərbiçilər gəlirlər, şəhərlə tanış olurlar, müxtəlif görüşlər keçirirlər. Yəni burada hər hansı bir mənfi hal yoxdur”.

 

Xəbər lenti