Sabah 25-ci ilini arxada qoyur müstəqilliyimizin. Bəzən müstəqillik tariximizdən bəhs edərkən nədənsə 30 avqust tarixini görməzdən gəlirik. Məhz avqust ayının sonları idi ki, QKÇP əngəlindən keçən Sovetlər Birliyinin ayrı ayrı respublikalarında müstəqilliyin bərpası ilə bağlı İstiqlaliyyət bəyannamələri qəbul olundu. O dönəm üçün keçmiş "ittifaqın" demokratik mübarizəsində öz dəst xəttilə seçilən ölkəmizdə həmin bəyannamə oktyabrın 18-də qəbul edilən 32 maddəlik Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə daha da möhkəmləndi. Tarixin dəyərləndirməsi üçün qeyd etmək yerinə düşər ki, 25 illik müstəqilliyimizin əsas hüquqi sənədi olan bu aktın lehinə səs verib tarix yazanların sırasında bu gün də aramızda olub, hətta yüksək dövlət vəzifələrini tutan dönəmin millət vəkilləri də bulunmaqdadır. 25 il ötsə də, nəsillər dəyişsə də nə o siyahı dəyişmiş, nə də yaddaşlar..

Yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikasını 1918-ci ildə qurulmuş AXC-nin varisi hesab edən bu Konstitusiya Aktının birinci maddəsi bu şəkildə tərtib olunmuşdu:"1920-ci il aprelin 27-28-də RSFSR-in 11-ci ordusununAzərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın Azərbaycanı işğal etməsi kimi hesab edilsin" . Məhz 25 il sonra mövcud iqtidarın izlədiyi xarici siyasət kursuna nəzər salarkən hazırda parlament kürsüsündə oturanların əksəriyyətinin 1991-ci ildəki sələflərinin müstəqillik aktının əleyhinə səs vermələrini anlamaqda zorluq çəkmirsən. Amma millətimizə öz bayrağı altında yaşamaq fürsəti tanıyan bu tarixin ərsəyə gəlməsində əməyi olan hər kəs, o cümlədən Konstitusiya Aktına imza atan millət vəkilləri ən ülvi, ən sayğılı sözləri haqq edirlər. Mən öz milli bayrağı olmadan vətənimizin Güneyində 35 milyonluq soydaşımın yaşadıqlarının ətrafımızdakı hər kəsdən gaha çox və daha əyani şahidiyəm. Öz iqtisadi sərvətlərindən , intelektual imkanlarından istifadə fürsəti olmayan, ana dilində təhsil haqqından məhrum edilən, milli kimliyinin təhrif olunduğu bir toplum üçün istiqlal anlamından şirin nəsə ola bilərmi? Bu gün yaşadıqlarımız, üzləşdiyimiz problemlər nə olursa olsun 25 il öncə Vətənin quzeyində biz o nemətə -İSTİQLALA qovuşduq.

Bəlkə 90-cı illərin əvvəllərini yaşamış və milli demokratik mübarizənin eyforiyasından uzun illər məst qalmış gənclik üçün o vaxtlar 25 il sonra yaşanılacaq mövcud mənzərəni təsvir etsəydik qeyri-ciddilikdə ittiham edilərdik. Amma 1989-cu ildə Sovetlər məkanında ilin ən mübariz xalqı seçilən və Qırmızı Ordunun tankları önündən çəkilməyərək Dövlət Müstəqilliyinə qovuşanadək dirənən bir millətin qazandığı zəfərlər məhz o dönəm gəncliyinin gözləri önündə itirilə itirilə davam etdi. Qarabağda işğal edilən torpaqlarımız, 1994-cü ilin 20 sentyabrında imzalanarkən böyük ümidlər bəslədiyimiz , lakin gözümüzün önündə talan edilən təbii sərvətimiz, 1995-ci ildə Ana Yasamızda qəsb edilən dilimiz və soyumuz, 2003-cü ildə itirdiyimiz demokratiya ümidlərimiz, nəhayət bu gün yağmalanmaqda olan cumhuriyyət dəyərlərimiz.. Başımızın üstündə hər zaman uğrunda canımızı verməyə hazır olduğumuz bayrağımız dalğalanarkən belə itirməkdə davam edirik.

Bəzən təsəlli kimi ölkəmizin ictimai siyasi ab havasının qonşu İrandan ,ya Orta Asiya Respublikalarından daha yumşaq olmasını da düşünürük. Halbuki o günlər pöhrələnən diləklərimiz başqa idi. Aşırı deyildi, amma gerçəyə dayanırdı, proseslərə adekvat idi. Millətimizi rifahda, siyasi sistemimizi hüquqa dayanan, demokratik, azad və milli dəyərlərə sahib çıxan dövlət şəklində görürdük. Sonucda, 15 müttəqif respublika sıtasında "Pribaltika" ola bilmədik, amma qonşu Gürcüstan ola bilərdik. Bu sətirlər yazılarkən tarix oktyabrın 16-nı göstərir. Bir millətin azad seçim və demokratiyaya olan ümidlərinin növbəti dəfə puça çıxarıldığı tarixdən keçən 13 il.. Məhz o tarixdə beynəlxalq aləmin də biganəliklə izlədiyi bir şəraitdə demokratik cəmiyyət ideallarımız sonuncu ən ağır zərbəsini aldı. Artıq 13 ildir ki, bu toplumun müqavimət ruhu, azadlıq istəyi tam bir "reanimasiya" dönəmi keçirir. Ancaq ümid edirəm bu üzücü və yorucu dönəm monarxiyalı Azərbaycanın təsbit olunması ilə sonuclanmasın. Bu ölkə, bu millət rüşvətsiz, qanunun aliliyinin təmin olunduğu, hüquqların şəxslərə görə deyil, bərabərlik prinsipi əsasında təmin olunduğu cəmiyyəti haqq edirsə "sağalmağa" məhkumdur. Sağalmasa nəinki mənəvi böhranın dərinləşməsi qaçılmazdır, üstəlik bir zamanlar iqtisadi inkişaf nağıllarının təsirindən ayılmaq istəyən olan toplum üçün qarşıda daha ağır, daha çətin dönəmin başlanması da istisna deyil. Necə ki, artıq məktəb auditoriyalarımızdan müəllimlərin, xəstələrin başı üstündən həkimlərin, eləcə də mədəniyyət işçilərimizin öz iradələrindən xaric pambıq tarlalarındakı "qul əməyinə" cəlb edilməsilə Sovetlər dönəmindən qalma nəhs, insan faktoruna yönələn fenomenlərin baş qaldırmasının da fərqindəyik. Elə isə biganəlik simdromundan qurtularaq havasını udduğumuz, suyunu içdiyimiz, səmasını bölüşdüyümüz bu vətənin yaşamaqda olan dəyərlərinə sahib çıxmaqda ümidsiz olmayaq. Unutmayaq ki, ümid sonda ölür..

P.S. Bu yazı bitərkən tarix artıq oktyabrın 17-sini göstərir. 13 il öncə məhz bu tarixdə Azərbaycanımızın azad və demokratik olması üçün mübarizə aparan aparıcı simalardan olan ,mənsub olduğum Ümid Partiyasının sədri , Qarabağ qazisi İqbal Ağazadə millət vəkili toxunulmazlığından məhrum edilərək həbs edilmişdi. İqbal bəyə bundan sonrakı fəaliyyətində demokratik cəmiyyət uğrunda mübarizəsini daim azadlıqda davam etdirməsini diləyirəm.

Xəbər lenti