İsgəndər Həmidov: “Bizdə əksər məhkəmə hökmləri sifarişlidir”

“Ölkədə çıxarılan əksər məhkəmə hökmləri sifarişli və qərəzlidir. Bizdə məhkəmə sistemi Prezident Adminstrasiyasının şöbəsinə çevrilib”. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov deputat Yevda Abramovun məhkəmələrlə bağlı fikirlərinə münasibət bildirrəkən belə deyib.

Teleqraf.az-ın xəbərinə görə, İ.Həmidov dövlətin dörd müstəqil qolundan biri kimi təqdim edilən məhkəmələrdə durumun acınacaqlı olduğunu vurğulayıb: “Məhkəmə sisteminə heç kim təsir etməməlidir. Nə Prezident Adminstrasiyası, nə prokurorluq təsir edə bilməz. Məhkəmə sistemi tamam azad şəkildə qərar çıxarmalıdır. Amma təəssüflər olsun ki, bizdə məhkəmə sistemi Prezident Adminstrasiyasının şöbəsinə çevrilib. Deməzdim ki, bütün çıxarılan hökmlər qərəzlidir, sirafişlidir. Amma sifarişli və qərəzli hökmlər çoxdur. Məhkəmə sistemi heç kimə tabe olmamalıdr, tam mütəqil qərar çıxarmalıdır. Çıxarılan hökmlərin əksər hissəsi qərəzlidir, eləsi var, sifarişlidir, siyasi sifariş var. Ölkədə azad məhkəmə sistemi olmayana qədər belə də olacaq. İnkişaf etmiş dövltələrdə hətta dövlət başçıları məhkəməyə verilə bilər, bizdə isə məhkəmə sistemi Prezident Adminstrasiyasından göstəriş alaraq addım atır”.

Qeyd edək ki, deputat Yevda Abramov Milli Məclisin İnsan hüquqları Komitəsinin sonuncu iclasında məhkəmələrdən narazılığını ifadə edib: “Mən son 10 ildə bizim komitəyə eyni problemlərlə bağlı 10-15 dəfə yazan adam görmüşəm. Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik. Belə hallar bizi çox incidir”.

Deputat bildirib ki, məhkəmələrdə insanlara qarşı çox haqsızlıqlar edilir: “Düzdür, məhkəmələr hakimiyyətin bir qoludur. Parlament də hakimiyyətin qanadı kimi qanunverici orqandır. Amma biz heç cür problemlərin həllinə təsir edə bilmirik. Bəzən görürük ki, məhkəmələrdə vətəndaşlara haqsızlıqlar olur. Profesional hüquqünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar. Belə olmaz. Düzdür, məhkəmədən hər iki tərəf heç bir halda razı qala bilməz. Hansısa tərəf yekunda onsuz da narazı qalacaq. Amma ədalətli qərarlar çıxarmalıdırlar”.   

Günay Turan

Xəbər lenti