... Son 7- 8 ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən müəmmalı şəkildə həbs olunmuş şəxslərlə bağlı araşdırma üzərində çalışıram. Apardığımız ilkin araşdırmaya görə hazırda adı olub, özü olmayan bu qurumun keçmiş məsul şəxsləri tərəfindən son illər xeyli sayda insan həbs olunub və onların böyük əksəriyyəti hazırda həbsdədir. Həmin şəxslərə qarşı cinayət məcəlləsinin ən ağır maddələri ilə cinayət işi açılıb. 

Bu qurum ətrafında baş verən son olaylar, nazirliyin yüksək rütbəli vəzifəli şəxslərinin ağır cinayətlərdə ittiham olunaraq işdən çıxarılıb həbs edilməsi, MTN- ni cinayət, işgəncə, “razborka”, korrupsiya yuvasına və s. çevirməsi bu qurumun və onun keçmiş vəzifəli şəxslərinin əli ilə həbs olunanlara diqqət və marağı artırıb. Sual oluna bilər; özü başdan- ayağa cinayət içində olan, adam oğurluğundan tutmuş, adam öldürməyə qədər ən ağır cinayətlərdə ittiham olunan, dövlətin ona etibar etdiyi vəzifəni şəxsi və qrup marağının girovuna çevirən şəxslər günahsız insanları ədalətli mühakimə edib onlar haqqında obyektiv qərar çıxara bilərmi? Və ya şərəfini beş paraya satıb qanunları ayaqlar altına salan “dövlət adamı”- nın günahsız insanları şərləyib həbs etməsi, onları qanun adı ilə ittiham etməsi nə qədər ədalətli və qanunidir? Bəs zülmə, haqsızlığa, repressiyaya, mənəvi terrora məruz qalmış şəxslər layiq olduqları haqqı və bəraəti nə zaman almalıdır?
Əlbəttə biz o iddiada deyilik ki, son illər MTN- nin xətti ilə həyata keçirilən bütün həbslər qanunsuz olub. Yox, sadəcə biz o həbsləri araşdırırıq ki, o həbsləri həyata keçirən, onun istintaqını aparan şəxslər məhz yuxarıda qeyd etdiyimiz cinayətləri törətməkdə suçlu bilinərək vəzifədən alınıb və hazırda həbsdədirlər. Maraqlıdır ki, həbsdə olan bu “MTN- çilər”- in bir qismi vaxtilə digər günahsız insanları ittiham etdikləri maddələrlə ittiham olunurlar. Buna deyirlər ilahi təcəlli.. 
Hazırda xeyli sayda insan keçmiş MTN- nin keçmiş əməkdaşları tərəfindən tərtib olunan saxta ittiham aktı ilə qanunsuz həbs həyatı yaşayırlar. Onlar barədə məlumatın toplanması və onların işinin yenidən araşdırılmasına ehtiyac var. Həmin şəxslər içində həbsdən çıxıb, lakin bəraət almayan şəxslər də var. 
Keçmiş MTN tərəfindən həyata keçirilən əməliyyatlar zamanı həbs edilən, həbsində ziddiyyət və şübhələrin olduğu şəxslərdən Həsənov Samir Mirsaleh oğlunun (2014- cü ildə MTN tərəfindən həbs olunub və 13 il müddətə azadlıqdan mərhum edilib- red.), Hafiz Vəliyevin (Iran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib- red.), eləcə də iş adamlarının və digərlərinin işi tərəfimizdən araşdırılır.
Son illər keçmiş MTN- nin xətti ilə həyata keçirilən həbslər içində siyasi çalarlı xeyli işlər də var. “Səid Dadaşbəyli dəstəsi”, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seydiov (Texnikabank işi- red.), Prezident Administrasiyasının keçmiş şöbə müdiri Akif Müradverdiyev, keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev, tanınmış jurnalistlər Pərviz Həşimli və Rauf Mirqədirov, “Nardaran məhbusları”, eləcə də digərlərinin həbsi buna misal ola bilər. Qeyd olunan bu həbslər qanunsuzluq və qisasçılıq elementləri ilə müşahidə olunmaqla yanaşı MTN- nin cəmiyyətdə nüfuzunun süni şəkildə gücləndirilməsinə, bəzi şəxslərin hakimiyyətdən daha çox imtiyaz, nüfuz və gəlir əldə etməsinə xidmət edib.
Bu kiçik qeydləri sizinlə paylaşmaqda məqsədim odur ki, keçmiş MTN tərəfindən həyata keçirilən qanunsuz və şübhəli həbslərlə bağlı məlumatların toplanmasında yardımçı olasınız. Bu barədə sizdə olan məlumatları təqdim edin. Gəlin günahsız şəxslərin həbsdə qalmasına susmayaq.

Oktay Gülalıyev. Hüquq müdaviəçisi

 

Xəbər lenti