Bu gün Konstitusiya Məhkəməsinin dollar kreditləri üzrə rüsvayçı qərarının 1 ili tamam olur. O zaman Məhkəməyə iki dəfə (iclasdan əvvəl və sonra) ətraflı rəyimi təqdim etdim, iclasda iştirak etdim, oradakı dinləməni ictimailəşdirdim. Lakin nə hüquqi, nə məntiqi arqumentlər, nə də ictimai rəy Məhkəməyə təsir etmədi. Bankların təzyiqi altında qanunsuz qərar qəbul edildi.
Banklar elə bildi ki, bununla problemli kreditlər məsələsini həll etdilər. Lakin 1 il öncə proqnozlaşdırdığım kimi bunun tam əksi oldu. Əksinə, Konstitusiya Məhkəməsinə balanslaşdırılmış qərar qəbul etməyə imkan versəydilər, bank sistemi hazırkı acınacaqlı duruma düşməzdi.

Məhz həmin qəraradan sonra mən birmənalı olaraq borcluların tərəfini tutdum. Onadək kompromis axtarırdım və hər iki tərəfin maraqlarını qorumağa çalışırdım (birinci devalvasiyadan dərhal sonra bankların da maraqlarını nəzərə alan ilk hüquqi rəyi də mən vermişdim). Əvvəla, ona görə ki, maliyyə sisteminin çökməsinə də imkan vermək olmaz. Digər tərəfdən, yaranmış vəziyyətdə həm bankların, həm də borcluların təqsiri var, bəzi borclular isə ümumiyyətlə dələduzdur və vəziyyətdən sui-istifadə etmək istəyir.
Buna görə də mənim üçün bu qarşıdurmada “yaxşı” və “pis” tərəflər yoxdur. Güclü və zəif tərəflər var. Ən əsası isə bir vətəndaş kimi Konstitusiyanın, hüququn ayaq altına atılması mənim üçün təhqirdir. Hüquq olmayan yerdə nəinki inkişaf, ümumiyyətlə dövlət olmayacaq! Buna görə də mən ilk növbədə hüququn təntənəsi uğrunda mübarizə aparıram. Bu isə hər şeydən əvvəl təqsirkarın cəzalandırılmasını tələb edir. Məhkəməyə qanunsuz qərar qəbul etdirmiş banklar buna görə artıq cəzalarını çəkir. Yaxında il sonra yaranmış vəziyyət və proqnozlar barədə daha ətraflı yazacaq, borcluların müqavimət strategiyası və taktikası barədə fikirlərimi bölüşəcəyəm...

Əkrəm Həsənov. 

Bank məsələləri üzrə ekspert, hüquqşünas.

Xəbər lenti